"Biz artıq ilk dəfə deyil ki, bu cür təxribatlara şahidlik edirik və təxribatların əsasən sülh istiqamətində müəyyən addımlar atıldığı zamana təsadüf etdiyini də görürük. Bu dəfə də eyni şey təkrar olundu". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.
Onun sözlərinə görə, Brüssel danışıqlarının ikinci raundundan sonra Ermənsitanla Azərbaycan arasında sülh sazişinin imzalanması məsələsi istiqamətində ciddi irəliləyişlərin müşahidə ediləcəyi ehtimalları ortaya çıxan kimi növbəti təxribatın şahidi olduq: "Bu onu göstərir ki, Ermənistan delimitasiya üzrə öhdəliklərini yerinə yetirməkdən yayınır və prosesi pozmaq istəyir. Ermənistanın prosesi pozmaq cəhdlərinə sübut olaraq Paşinyanın iki gün əvvəlki bəyanatını da missal kimi göstərə bilərik. Paşinyan dedi ki, "biz Ermənistan və Arsax xalqlarından xəbərsiz Azərbaycanla heç bir sənədi imzalamayacağıq" və əlavə etdi ki, hər şey öncədən ictimai müzakirədən keçəcək. Bu isə o deməkdir ki, Paşinyan istənilən vaxt ermənilərin Azərbaycanla sülh sazişinin imzalanmasına etiraz etdiyini bəhanə gətirərək danışıqlardan çəkilə bilər. Maraqlıdır ki, son Brüssel görüşündə həm sərhədlərin delimitasiyası, həm komunikasiya əlaqələrinin açılması və həm də Azərbaycanın təklif etdiyi 5 baza prinsip əsasında sülh sazişinin imzalanmasına razılıq verən Paşinyan Moskva səfərindən sonra mövqelərini dəyişib. Bu isə prosesin pozulmasında maraqlı olan tərəfin təkcə Ermənistan deyil, həm də Rusiya olduğunu deməyə əsas verir.
Təbii ki, hər zaman özünü regionun hegemon dövləti kimi aparan, 30 ilə yaxın Qarabağ problemindən istifadə edərək vəziyyəti istədiyi məcraya yönəldən Rusiya indi onun iradəsindən kənarda və faktiki olaraq Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlarda maraqlı deyil. Xüsusən Şarl Mişelin son günlər həm Ermənistan və Azərbaycan liderləri ilə təmaslarının artdığını da nəzərə alsaq Moskvanın narahatlığı gözlənilən idi. Çünki rəsmi Kreml danışıqların üçtərəfli formatda, yəni başqa sözlə yalnız öz vasitəçiliyi ilə aparılmasını istəyir. Çünki Rusiyanın uzun illər ərzində münaqişə ilə bağlı ənənəvi strategiyası iki tərəf arasında manevrlər edib, özünə maksimum sərf edən nəticəni əldə etmək olub. Rusiya düşünür ki, bu cür strategiya ilə hər iki tərəfi özündən asılı vəziyyətdə saxlamaq mümkündür. İndi isə birdən-birə belə bir imkandan məhrum olmaq təbii ki, Moskva üçün regionda qarşılaşdığı ən arzuolunmaz vəziyyətdir.
Aprel ayının 23-də saat 18:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini keçməyə cəhd göstərməsinə də məhz bu konteksdən baxmaq real vəziyyəti daha dəqiq təsvir etməyə imkan verir. Belə ki, Ermənistan dövlət sərhədinin Azərbaycanın Zəngilan rayonu ərazisindən keçən hissəsində təxribat törətməyə cəhd göstərməsi təsadüf bir məsələ deyil. Yuxarıda da qeyd etdiyim kimi bu təxribat planlaşdırılmış və bilavasitə Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və sülh prosesi ilə bağlı Brüsseldə əldə olunmuş razılaşmada nəzərdə tutulmuş addımların qarşısının alınmasına yönəlmiş məqsədyönlü təxribatdır. Erməni diversiya qrupunun keçməyə çalışdığı sərhəd xəttinə Rusiya sərhədçilərinin nəzarət etdiyini nəzərə alsaq deyə bilərik ki, təxribata şəraiti Rusiya sərhədçiləri yaradıb və bununla da Moskva "mənim iştirakım olmadan bu regionda heç bir problem həll ola bilməz" mesajını verməyə çalışır.
Lakin kimin hansı təxribatları törətməsindən asılı olmayaraq artıq Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılıq əldə olunub. İndiki mərhələdə prossesin pozulmasından ən çox uduzan ancaq Ermənistan olacaq, çünki bu onlar üçün son şansdır.
Son təxribat və erməni diversant Matirosov Eduard Arturoviçin saxlanılması isə bizə imkan verir ki, həm Brüssel, həm də Moskva qarşısında İrəvanın sərhəd razılaşmasını pozduğu məsələsini qaldıraq və Ermənistanı razılaşmanın icrasına məcbur edəcək addımlar üçün bu faktdan istifadə edək Bu amil isə sülh sazişi yolunda Ermənistana təzyiqləri artırmaq, prosesi daha da sürətləndirmək baxımından Bakının əlini gücləndirə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB