Dilimizin qorunması və inkişafına qayğı dövlət siyasətinin əsas prioritetini təşkil edir - DEPUTAT ŞƏRH ETDİ

Dilimizin qorunması və inkişafına qayğı dövlət siyasətinin əsas prioritetini təşkil edir - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan dilinin qorunması hər zaman Ulu Öndər Heydər Əliyev tərəfindən diqqət mərkəzində olub. Bu əsas missiyalardan biri olaraq Ümummilli Lider Heydər Əliyevin istər Sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə siyasi fəaliyyətinin təməlində dayanıb. Bu gün də dilə olan sevgi və ali münasibət Ümummilli Lider Heydər Əliyev tərəfindən bizə miras qalıb". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova Bildirib.

Onun sözlərinə, Azərbaycan xalqı, dövlətimizin gələcəyi üçün göstərdiyi misilsiz xidmətlər arasında Ümummilli Liderin Azərbaycan dilinin inkişafına daim göstərdiyi xüsusi diqqət tarixin səhifələrinə həkk olub: "Belə ki, 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik edən Heydər Əliyev hələ o zaman bir çox ziyalılar cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etmiş, həmçinin, rusdilli məktəblərdə Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər vermişdir. 1978-ci ildə isə Ulu Öndər tarixi bir uğura imza atmışdır. Onun təklifi ilə Konstitusiyanın 73-cü maddəsinin aşağıdakı redaksiyada verilməsi təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir". Beləliklə, həmin ildə qəbul olunan Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq, rus dili ilə yanaşı, Azərbaycan dili rəsmi dil statusu əldə etmişdir. Elə bir dönəmdə Azərbaycan yerli dilin rəsmi dil statusuna malik olduğu azsaylı Sovet respublikalarından biri idi.

Bu, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misli-bərabəri olmayan, tarixi xidmətlərindən biridir. “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevirəm və bu dildə danışmağımla fəxr edirəm” deyən Ulu Öndər bu kəlmələri ilə hər bir azərbaycanlı üçün daim örnəkdir.
Bu gün Azərbaycan dili dünya müstəvisində yüksək tribunalardan səslənir, dövlətimizin bayrağı altında milli himnimizin müqəddəs kəlmələri Azərbaycanı təmsil edir.

Ulu Öndər tərəfindən bu sahədə əsası qoyulmuş siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, dilimizin qorunması və inkişafına qayğı dövlət siyasətimizin əsas prioriteni təşkil edir və hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur!".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə