Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ulu Öndərin böyük tarixi xidmətlərindəndir ŞƏRH
“İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”,- deyən Ümummilli lider Heydər Əliyevin vətənə və xalqına sadiqliyini göstərən bu mövqeyi hər kəsə örnək oldu. 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ulu öndər bir çox ziyalıların cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərdi. Bütün maneələrə və çətinliklərə baxmayaraq, həmin dövrdə Ümummilli Liderimiz Heydər Əliyev dil məsələsində böyük cəsarət, vətənə sadiqlik göstərərək, öz mövqeyini qətiyyətlə ortaya qoydu. Belə ki, 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir".
1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir».
Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorudu. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil dövlətimizin ilk Konstitusiyası ilə dövlət dilinin adı bərpa edildi. Bu, ulu öndərin ana dilimizə dəyişməz mövqeyinin daha bir parlaq nümunəsi oldu. Bundan sonra dövlət səviyyəsində ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edildi.
2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı ilə 2001-ci il avqustun 1-dən Azərbaycanda bütün media və kütləvi nəşrlərin latın qrafikalı əlifbaya keçməsi rəsmiləşdirildi. Beləliklə, latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı. Həmin sənəddə deyilirdi: “Millətin milliliyini saxlayan onun dilidir. Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır, bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.
Ana dilinin inkişafına xüsusi diqqət yetirən ulu öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi böyük təntənə və qürur hissi ilə qeyd edilir. Bu Fərman Azərbaycan dilinin inkişafı və tətbiqi sahəsinin genişlənməsinə böyük imkanlar açdı. Beləliklə müstəqillik illərində ölkəmizin əlamətdar və tarixi günləri sırasına ümummilli dəyərə malik daha bir gün əlavə edildi. 2002-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirləri müəyyənləşdirdi. Bu Qanun dövlət dili ilə əlaqəli ən vacib hüquqi akt kimi tarixə düşdü.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev Ulu Öndərin dövlət dili siyasətini bu gün uğurla davam etdirir. Prezidentin ana dilinin dövlət dili kimi işləkliyi üçün göstərdiyi siyasi, milli iradə, gördüyü məqsədyönlü işlər Azərbaycan dilinin geniş şəkildə tətbiqinə və beynəlxalq səviyyədə nüfuzunun yüksəlməsinə xidmət edir. Dövlətimizin başçısı İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, 2004-cü il yanvarın 12-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ölkədə dil siyasətinin uğurlu davamının bariz nümunəsi idi.
Prezident İlham Əliyevin 2013-cü il aprelin 9-da təsdiq etdiyi “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaratdı. Eyni zamanda, ölkə rəhbərinin dövlətimizin əsas atributlarından olan ana dilimizin qorunması ilə bağlı verdiyi bu sərəncamlar, heç şübhəsiz, dilimizə müxtəlif sferalarda olan laqeyd münasibətə kəskin reaksiya idi. Bu gün Azərbaycan dilinin dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyevin formalaşdırdığı dil siyasəti və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.
MƏŞHUR MƏMMƏDOV,
Milli Məclisin iqtisadi siyasət,
sənaye və sahibkarlıq komitəsinin üzvü, milllət vəkili
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB