Rusiya tərəfi bir daha hər cür əməkdaşlığa hazır olduğunu ifadə etdi - DEPUTAT AÇIQLADI

Rusiya tərəfi bir daha hər cür əməkdaşlığa hazır olduğunu ifadə etdi - DEPUTAT AÇIQLADI

"Paşinyan - Putin görüşündə Rusiya ilə Ermənistan arasında ikitərəfli münasibətlər kontekstində bir neçə razılaşma əldə edildi. Bu görüşdə iki ölkənin xarici siyasət məsələlərində məsləhətləşmələr aparılmasının zəruriliyi, hərbi-texniki sahədə əməkdaşlığın gücləndirilməsi, ədliyyə sahəsində hüquqi yardımla bağlı əməkdaşlığın artırılması, sosial sahədə əməkdaşlıq və s. kimi məsələlər müzakirə olundu". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Onun sözlərinə görə, eyni zamanda Rusiya tərəfi bir daha dəmir yolu kommunikasiyası sahəsində hər cür əməkdaşlığa hazır olduğunu ifadə etdi: "Ən əsas razılaşmalardan biri isə tərəflərin ərazisindən bir-birinin maraqlarına uyğun üçüncü ölkələrin istifadə etməsinə icazə verməməklə bağlı öhdəçiliyin götürülməsi oldu. Xüsusilə bu kontekstdə informasiya və bioloji təhlükəsizlik məsələləri aktuallaşdırıldı. İkitərəfli münasibətlər baxımından bu razılaşmaların sadə izahı ondan ibarətdir ki, bundan sonra xarici siyasət məsələlərində Ermənistan Rusiya ilə məsləhətlər aparmadan müstəqil qərarlar qəbul etməkdən ya çəkinməli, ya da mütləq Rusiyanın da maraqlarını nəzərə alaraq qərarlar qəbul etməlidir.

İkinci xüsusi diqqət çəkən məqam isə odur ki, üçüncü tərəf, yəni hər hansı bir Qərb ölkəsi Ukraynada olduğu kimi Ermənistan ərazisində bioloji laborotoriyalar yaxud digər bənzər vasitələr yaradaraq Rusiyanı təhdid edə bilməz. Bu zərurət, görünür, Paşinyanın bu vaxta qədər Rusiya ilə münasibətlərdə etimad mühiti yarada bilməməsi ilə əlaqədardır. Rusiya bunu artıq hüquqi öhdəçiliklə Paşinyanın üzərinə qoymuş olur. Regional tərəfdaşlıq məsələlərində isə Rusiya yenə Ermənistan - Azərbaycan sərhədlərinin sürətlə delimitasiya və demarkasiya edilməsinin, "3+3" formatında əməkdaşlığın gücləndirilməsinin və kommunikasiyaların açılmasının zəruriliyini önə çəkib. Belə bir zərurət onunla izah edilməlidir ki, hazırki mürəkkəb şəraitdə Rusiya özünün cənub sərhədlərindən arxayın olmaq istəyir. Eyni zamanda Şimaldan və Qərbdən faktiki təcrid vəziyyətinə düşən Rusiya istər ticari, istərsə də kommunikasiya əlaqələrini cənub dəhlizi ilə konpensasiya etməyə çalışır. Yəni Rusiya özünün enerji və iqtisadi vektorunu Cənuba və Şərqə doğru koordinal şəkildə dəyişir. Elə bu dəyişiklik də Rusiya-Türkiyə münasibətlərinin yeni mərhələdə inkişaf etməsinə təkan verir. Ona görə də Putin Türkiyə - Ermənistan dialoqunun baş tutmasını alqışladığını bildirir. Bütün bunlar isə Rusiyanın Cənubi Qafqaz siyasəti kontekstində olduqca aktualdır. Rusiya bu regionda Azərbaycan-Türkiyə tandeminin yaratdığı yeni geostrateji konfiqurasiyanın üzünmüddətli perspektivdə həlledici olacağını bildiyi üçün bu reallığın əsas aktorlarından biri kimi də özünü görür. Qərbin isə bu reallıqda iştirakını Rusiyanın təhlükəsizliyinə təhdid hesab edir. Düşünür ki, ənənəvi olaraq Rusiya və Türkiyə arasında bəzən əməkdaşlıq, bəzən isə rəqabət məkanına çevrilən Cənubi Qafqaza üçüncü tərəfin müdaxilə cəhdi məqbul hesab edilə bilməz. Ona görə də Paşinyanın Qərblə və Soros institutları ilə yaxınlaşma cəhdlərinə qarşı daima tədbirlər almağa çalışır. Paşinyanın Moskva səfəri öncəsi İrəvanda baş tutan mitinqlər də, Moskvada keçirilən görüşdə yuxarıda bəhs etdiyimiz razılaşmaların əldə edilməsi də Paşinyanın Qərblə Rusiya arasında manipuliyasiya etmək imkanlarını məhdudlaşdırmağa, Ermənistanın Rusiyanın siyasi orbitində qalmasına hesablanıb".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə