Azərbaycanda multikultural dəyərlər daha da inkişaf etdirilir - TƏHLİL

Azərbaycanda multikultural dəyərlər daha da inkişaf etdirilir - TƏHLİL

Dövlət başçısının Sərəncamı ilə dini qurumlara maliyyə yardımı göstərilir

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi ölkəmizdə yaşayan ayrı-ayrı xalqlar və dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan yüksək birgəyaşayışın, hökm sürən tolerantlıq mühitinin məntiqi nəticəsidir. Bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti Cənab İlham Əliyev bütün sahələrə olduğu kimi, bu sahəyə də ayırdığı diqqət nəticəsində ölkəmizdəki multikultural mühit dünya üçün nümunəyə çevrilib. Dövlətin dinə, eləcə də ölkədə fəaliyyət göstərən fərqli dini konfessiyalara və icmalara münasibəti hər zaman diqqətdədir. Ölkəmizdə mövcud dini konfessiyaların fəaliyyətini dəstəkləmək məqsədilə "Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı dünyada nümunəvi tolerantlıq məkanına çevrilmiş ölkəmizdə multikultural dəyərlərin daha da inkişaf etdirilməsi, habelə etnik-dini müxtəlifliyin qorunub saxlanılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etməsini bir daha təsdiqləmiş oldu. Dövlət–din münasibətlərinin davamlı olaraq təkmilləşdirilməsi, tolerantlıq və mədəni müxtəliflik ənənələrinin təbliği və təşviqi cəmiyyətdə milli-mənəvi həmrəyliyin güclənməsinə və qarşılıqlı anlaşma münasibətlərinin ahəngdar inkişafına xidmət edir.

Dövlət başçısını Sərəncamına əsasən, Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1,0 (bir) milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350,0 (üç yüz əlli) min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350,0 (üç yüz əlli) min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350,0 (üç yüz əlli) min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350,0 (üç yüz əlli) min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350,0 (üç yüz əlli) min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 350,0 (üç yüz əlli) min manat ayrılıb.

Əlbəttə ki, Azərbaycandakı multikulturalizm mühiti müxtəlif xalqların və etnik qrupların dilinin, dininin və ümumilikdə mənəvi mədəniyyətinin inkişafına geniş imkanlar yaradır. Azərbaycanda dövlət-din münasibətləri tənzimlənib, dini sahədə sabitliyə nail olunub, konfessiyalar arasında dözümlülük mühiti dövlət səviyyəsində qorunub saxlanılır. Tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun daha da möhkəmlənib, bu sahə də dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar burada özlərini nəinki yad hesab edib, hətta yerli əhali ilə qaynayıb-qarışıb, qohumluq əlaqələri qurublar. Ölkəmizdə dözümlülük ənənələri qorunub saxlanılır. Dini fəaliyyət sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu sahəyə ayrılan diqqətdir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yenidən qurulan dövlətin dəyərlər sisteminin dəqiqləşdirilməsi mürəkkəb daxili və beynəlxalq vəziyyətdə dövlət quruculuğuna başlayan ölkəmiz üçün müstəsna əhəmiyyətə malikdir.

Ulu Öndər Heydər Əliyev deyirdi: "Biz azərbaycanlılar islam dini ilə fəxr edərək, eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq islam dəyərlərinin xüsusiyyətidir. Bu, tarix boyu Azərbaycanda da, Qafqazda da öz əksini tapıbdır. Azərbaycanda islam dini ilə yanaşı xristian dini də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır. Qafqazda da bu mənzərə var. Hesab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar".

Ölkəmizdə dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və dini dözümsüzlük meyillərinin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Ölkədə dini durum, bu sahədə mövcud problemlər, zərərli təriqətlərin təbliği, dini icmaları narahat edən məsələlər dərindən öyrənilir və zaman keçdikcə onların həllində müsbət nəticələr əldə olunur.

Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsi olaraq bu gün dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Azərbaycanda bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra etməkdədirlər. Azərbaycanda bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayırlar. Ölkədə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir. Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkəyə çevrilib. Bu gün ölkəmizdə 2250 məscid mövcuddur, 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Bununla yanaşı, ölkə ərazisində 748 pir və ziyarətgah fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunması və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan İlahiyyat İnstitutu yaradılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 iyun 2020-ci il Sərəncamı ilə ölkəmizdə dini qurumlara maliyyə yardımının göstərilməsi məqsədi ilə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 150 min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 150 min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 150 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 100 min manat ayrılmışdır.
Dövlət başçısının bu və ya digər sərəncamları Azərbaycanda dinlər arasında yaranan dözümlülük və tolerantlıq münasibətlərinin bütün dünya ölkələri üçün nümunə olduğunu bir daha təsdiqləyir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə