Bütün bunlar Azərbaycanda bütöv bir tarixin göstəricisidir - MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ
“2018-ci ildən bəri yəni, cənab İlham Əliyevin növbəti dəfə Prezident seçildiyi ildən etibarən həqiqətən mədəniyyət sahəsində olduqca genişmiqyaslı işlər görülüb. Hansı ki, onları icmal şəklində belə izah etməyin özü xeyli vaxt aparar”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov bildirib.

Onun sözlərinə görə, əvvəla görülən işlərin çox dərin ənənəsi, kökləri var idi: “Müstəqilliyimizin başlanğıcından etibarən milli mədəniyyətimizin mühafizə olunması, ənənələrin bir daha dərk olunması böyük bir tarix yaşanılaraq başa gəlmişdir. Bütün bunlar Ümummilli Lider Heydər Əliyevin yürütdüyü siyasətin üzərində qərar tuturdu. Odur ki, qısa müddət ərzində görülən işlər də ənənənin davamı olaraq, kifayət qədər milli özünüdərkimiz, millət olaraq möhkəmlənməyimiz üçün çox böyük şərtlərdir. Nəzərə alsaq ki, “Covid-19”, başqa bir tərəfdən ərazi bütövlüyümüz uğrunda aparılan işlər, 44 günlük müharibə yəni, müharibəyə hazırlaşmaq və sonrakı nəticələr, əlbəttə bir tərəfdən yanaşdıq da mədəniyyət hadisəsidir. Amma bununla yanaşı, hər halda bizim mədəniyyət adlandırdığımız hadisənin daha geniş təzahürü üçün həm də vaxt alan və mane olan proseslərdir.
Ən böyük və mühüm işlərdən biri 2019-cu ilin “Nəsimi ili” elan olunması idi. Bu il çərçivəsində çox böyük mədəniyyət işləri görüldü. Bu işlər Azərbaycan daxilində olmaqla yanaşı, dünya miqyasında da keçirilib. Çünki Nəsiminin yaradıcılığı humanist dünya yaradacılığıdır. Nəsimi bir neçə dildə iz qoymuş, bütün dünyada tanınan bir sənətkardır. Onun yaradıcılığı ilə bağlı aparılan tədqiqatlar, ümumiyyətlə Nəsimi yaradıcılığı ətrafında görülən müxtəlif sənət sahələrinə, incəsənətin müxtəlif janrlarına aid aparılan işlər əlbəttə, bizim mədəniyyətimizi inkişaf etdirdi.
Bunun ardınca keçən il “Nizami ili” elan olundu. “Nizami ili” çərçivəsində də bir çox işlər görüldü. Nizaminin abidələrinin ucaldılması, dünyanın müxtəlif yerlərində beynəlxalq səviyyələrdə yubiley tədbirlərinin keçirilməsi bunlar hamısı bizim mədəniyyətimizi bir daha dünyaya tanıtdırdı. Həm də bu gün bu böyük şəxsiyyətlərə, onların yaradıcılığına Azərbaycan xalqının mədəniyyət və incəsənət xadimlərinin münasibətini göstərdi.
Muğam sahəsində də bir sıra işlər görüldü. Muğamın, ümumilikdə musiqi mədəniyyətinin inkişafı ilə bağlı işlər görülüb.
Bu il artıq Azərbaycanda “Şuşa ili”dir. “Şuşa ili”ndə məhz Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olunub. İndi də müasir, mədəni bir şəhərin həm də uzun zaman düşmən işğalı altında olan şəhərin yenidən qurulması istiqamətində böyük addımlar atılır.
Bu istiqamətlərdə görlüən işlər çox böyük əhəmiyyətə malikdir. Nəhayət mühüm mədəniyyət hadisəsi də Azərbaycanın tarixi şəxsiyyəti Hacı Zeynalabdin Tağıyevin abidəsinin qoyulması idi.
Bütün bunlar Azərbaycanda bütöv bir tarixin göstəricisidir”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB