“Böyük Qayıdış”la Qarabağda müasir özəl təsərrüfatçılıq qurulacaq ŞƏRH

“Böyük Qayıdış”la Qarabağda müasir özəl təsərrüfatçılıq qurulacaq ŞƏRH

Torpaq sahələrindən səmərəli istifadədə hər bir fermerin və kəndli ailəsinin gəlirlərinin artmasına təminat verə bilir

44 günlük Vətən müharibəsilə əldə olunan qələbədən sonra ərazilərdə genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilməkdədir. Paralel olaraq insanların öz doğma torpaqlarına qayıdışını təmin etmək məqsədilə, ilk növbədə, 30 il erməni işağlı altında olmuş ərazilər minalardan təmizlənir və vacib təhlükəsizlik tədbirləri həyata keçirilir. Bu hal dayanıqlı məskunlaşma üçün olduqca vacibdir. Belə bir təminatın ardınca Qarabağ İqtisadi Zonasında “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələri əsasında yeni və müasir təsərrüfat sahələri, xüsusən, kənd yerlərində əkinçiliyin və heyvandarlığın, qida və yüngül sənayenin mütərəqqi yarımsahələrinin yaradılması istiqamətində tez iqtisadi və sosial səmərə verən çevik təsərrüfatlar formalaşmalı, ərazi sağlam və abad yaşayış mühitinə çevrilməlidir.

Ağdam, Füzuli, Şuşa, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, və Kəlbəcərdən olan keçmiş məcburi köçkünlərlə 5 mart 2022-ci il tarixli görüşündə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, “Xarici Ticarətə dəstək” mərkəzinin rəhbəri İrşad Kərimli bildirmişdir ki, “Böyük Qayıdış”la bağlı Qarabağ ərazisində müasir, özəl təsərrüfatçılıq təşəbbüsünün, xüsusən kənd təsərrüfatı kooperativlərinin yaradılmasının təşviqində “Müstəqil Hüquq Mərkəzi”nin rəhbəri, hüquqşünas Aydın Kərimovun dəyərli və təcrübi fikirləri daha çox diqqəti cəlb etmişdir.

İşğaldan azad edilmiş yeni bölgənin Şərqi Zəngəzur və Qarabağ kimi iki böyük iqtisadi rayonun hər biri bir neçə inzibati rayonunu özündə birləşdirdiyindən əhalinin öz doğma torpaqlarında məskunlaşmasına konkret kənd, qəsəbə bölgüsü çərçivəsində deyil, inzibati rayon və daha yaxşı olardı ki, iqtisadi rayon bölgüsü çərçivəsində müasir təsərrüfatçılıqla məşğuliyyətin təminatına diqqət yetirməli və bu böyük qayıdışa sistemli, kompleks yanaşılsın. Məqsəd təsərrüfat obyekti kimi kənd təsərrüfatında torpağın əsas kapital olması və torpağı əkib-becərənlər və bütünlükdə faydalı təsərrüfatçılıq edənlər arasında həm iqtisadi və həm də sosial cəhətdən səmərəli bölünməsini təşkil etməkdir. Eyni zamanda, kəndli-ailə, fermer və ev təsərrüfatlarının gəlirli olması üçün birgə təsərrüfatçılıq formalarından daha mütərəqqi olanları xüsusən ixtisaslaşmış iri təsərrüfatlarla yanaşı kənd təsərrüfatı kooperativlərinin formalaşmasına da diqqəti artırmaqdır.

Azərbaycanın digər əraziləri ilə müqayisədə Qarabağ regionunun hər iki iqtisadi rayonunda reallaşacaq “Ağıllı kənd” layihələrinə uyğun formalaşacaq həmin təsərrüfat formaları heç də sıfır nöqtəsindən başlamaqla (yəni dağınıq, xırda təsərrüfatları tədricən birgə təsərrüfatlara çevirməklə) deyil, müasir təsərrüfatçılığın tələblərinə uyğun olan torpağın və onunla əlaqəli mütərəqqi istehsal faktorlarının birləşməsinin yeni üsulları ilə yaradılacaqdır. Belə bir təcrübə 2016-cı ilin aprel döyüşləri ilə işğaldan azad edilən Cocuq Mərcanlı kəndinin torpaqlarında özünün ilk addımları ilə müsbət nəticə vermişdir. Torpaqla birbaşa əlaqəli istehsal faktorları fermerlər və digər fərdi mülkiyyət sahibləri birgə təsərrüfatlar yaradaraq öz aralarında bilik, peşə və fəaliyyət bölgüsü əsasında ixtisaslaşma aparmaqla birgə təsərrüfatlar (kooperativlər və yaxud fermer ittifaqları) yarada bilərlər. Bu digər şərtlər torpaq sahələrindən səmərəli istifadədə hər bir fermerin və kəndli ailəsinin gəlirlərinin artmasına təminat verə bilir. Eyni zamanda, belə təsərrüfatlar iri sərmayelərdən, güzəştli kreditlərdən, mövcud texnikadan qarşılıqlı istifadə ilə yanaşı, yeni texnika, toxum, kübrələr alınmasına, ödənişlərin isə yerli-yerində köçürülməsinə daim hazır olur.

İrşad Kərimli

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

“Xarici Ticarətə Dəstək” mərkəzinin rəhbəri

i.e.d., prof.

Bütün xəbərlər Facebook səhifəmizdə