Azərbaycan-Böyük Britaniya əlaqələri tarixi və strateji əhəmiyyətə malikdir TƏHLİL
Azərbaycanın milli maraqlarımıza uyğun olaraq apardığı müstəqil xarici siyasəti ölkəmizin beynəlxalq nüfuzunu getdikcə artırmağa, dostlarımızın və tərəfdaşlarımızın sayının çoxalmasına zəmin yaradıb. Azərbaycan-Böyük Britaniya münasibətlərinin müasir tarixi ötən əsrin 90-cı illərin əvvəllərinə təsadüf edir. Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini yenidən bərpa etdi və çox keçmədi ki, Böyük Britaniya Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 31-də tanıdığını və onunla hərtərəfli əlaqələri inkişaf etdirməyə hazır olduğunu bəyan etdi. Azərbaycanla Böyük Britaniya arasında 11 mart 1992-ci ildə diplomatik münasibətlər barədə saziş imzalanıb. Həmin tarixdən 30 il ötür. Bu illər ərizində iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi baxımından yüksək tarixi nailiyyətlər əldə edilmişdir. Heç şübhəsiz ki, bu uğurların qazanılmasında Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi təcrübəsinin, regionda cərəyan edən prosesləri proqnozlaşdırmaq və dəqiq qiymətləndirmək bacarığının mühüm rolu vardır. Böyük Britaniyanın Azərbaycandakı səfirliyi 1992-ci ilin sentyabrında ticarət nümayəndəliyi kimi fəaliyyətə başlayıb. Londonda Azərbaycan səfirliyi isə 1994-cü ilin yanvar ayından fəaliyyət göstərir. Qısa dövr ərzində iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi baxımından yüksək tarixi nailiyyətlər əldə edilmişdir.
1993-cü ildə Ulu Öndər Heydər Əliyev Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb. Görüş Ermənistanın Azərbaycana qarşı təcavüzünün qızğın dövründə, erməni silahlı birləşmələrinin Azərbaycanın Ağdam rayonuna hücumları vaxtı keçirilib. Səfir Tomas Yanq Ulu Öndər Heydər Əliyevə Britaniya hökumətinin Azərbaycanın sərhədlərinin toxunulmazlığını tanıdığını bildirib və həmin dövrdə BMT Təhlükəsizlik Şurasının sədri kimi Birləşmiş Krallığın öz səlahiyyətlərindən məsələnin həllində kömək üçün istifadə edəcəyini bildirib. Tomas Yanqın bəyanatına uyğun olaraq Britaniya hökuməti 27 iyul 1993-cü ildə Ağdamın Ermənistan tərəfindən işğal olunmasına etirazını bildirib. Bir gün sonra isə BMT TŞ-də müzakirələr nəticəsində sədrlik edən Britaniyanın da təsiri ilə həmin rayonun işğalına qarşı 853 saylı qətnamə qəbul olunub.
"ƏSRİN MÜQAVİLƏSİ"NİN İMZALANMASI İLƏ "Bİ-Pİ/STATOYL" ALYANSININ ÖLKƏMİZDƏKİ FƏALİYYƏTİNDƏ YENİ MƏRHƏLƏ BAŞLANDI
Ulu Öndər Heydər Əliyev 22-25 fevral 1994-cü ildə ilk dəfə həmin ölkədə rəsmi səfərdə olub. Səfər zamanı Ümummilli Lider Heydər Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Con Meycor iki ölkə arasında əməkdaşlıq məsələlərini tənzimləyən başlıca sazişi - Azərbaycan Respublikası və Böyük Britaniya arasında "Dostluq və əməkdaşlıq haqqında birgə bəyannamə"ni imzalayıblar. Ümummilli Lider Böyük Britaniyaya ilk səfərində Azərbaycanın Birləşmiş Krallıqla əməkdaşlıqda əsas məqsədini ifadə edib: "...Böyük Britaniyanı dünya siyasətində sanballı, siyasi çəkisi olan ölkə, dünya iqtisadi sistemində çox mühüm yer tutan, zəngin tarixi və ənənələri olan ölkə, hərtərəfli əməkdaşlıq yaratmaqla ondan çox şey öyrənmək mümkün olan ölkə hesab edirik."
19-24 iyul 1998-ci ildə Heydər Əliyevin Böyük Britaniyaya ikinci rəsmi səfəri baş tutub. Səfər ölkələr arasında ikitərəfli münasibətlərin inkişafında əsaslı rol oynayıb. Ümummilli Lider tərəfindən uğurla inkişaf etdirilən iki ölkə arasındakı əlaqələr Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Dövlətimizin başçısının 2004, 2009 və 2018-ci illərdə Böyük Britaniyaya rəsmi səfəri baş tutmuşdur.
Prezident İlham Əliyev ötən ilin fevralın 9-da Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonu qəbul edərkən bildirmişdi: "Biz region ölkələri, Avropa İttifaqı arasında çox nadir əməkdaşlıq formatını yaratmışıq və buna Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatlarının hökumətləri tərəfindən güclü dəstək göstərilir".
Xüsusilə, qeyd etmək lazımdır ki, Böyük Britaniya ilk Qərb dövlətidir ki, Azərbaycana qoyulacaq maliyyə vəsaitlərinə dövlət zəmanəti verir və hər cür investisiya qoyulmasını rəsmi alqışlayır. Britaniya hökumətinin 25 milyon dollar həcmində dövlət təminatına dair ilk qərarı 1996-cı ilin iyununda verilmişdir. Britaniya hökumətinin 1998-ci ilin əvvəlində qəbul etdiyi qərarla Azərbaycana kreditlər üzrə təminatların həcmi 100 milyon dollardan yuxarı artırılmışdır ki, bu da Rusiyadan başqa digər MDB ölkələri üçün verilmiş kreditlərin həcmindən çoxdur.
İki ölkə arasında siyasi münasibətlərimizin yüksək səviyyədə olması iqtisadi münasibətlərə də öz müsbət təsirini göstərib. Böyük Britaniya Azərbaycana yatırılan investisiyanın həcminə görə liderliyi saxlamaqdadır. Ölkələrimiz neft-qaz sənayesi sahəsində uğurla əməkdaşlıq edir. BP şirkəti ilə həyata keçirilən səmərəli əməkdaşlıq əlaqələri uğurla davam etdirilir. Şirkət Azərbaycanın neft-qaz sektorunun inkişafına və modernləşdirilməsinə mühüm töhfələr verməklə enerji sektorunda ölkəmizin əsas tərəfdaşı qismində çıxış edir.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Azərbaycanda ən böyük xarici investorlardan biridir. Böyük Britaniya Azərbaycana yatırılan investisiyanın həcminə görə liderliyi saxlamaqdadır və bu rəqəm 27 milyard ABŞ dollarını keçib. Bu gün Azərbaycanda 500-ə yaxın Britaniya sərmayəli şirkət var və onların arasında qeyri-neft sektorunda fəaliyyət göstərənlərin sayı çoxdur. Hazırda da qeyri-neft sahəsində ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə böyük diqqət verilməkdədir. İndiyədək Azərbaycan və Böyük Britaniya arasında 10-a yaxın biznes forum və investisiya sammiti təşkil edilib.
Xüsusi olaraq qeyd edək ki, "Əsrin Müqaviləsi"nin imzalanması ilə "Bi-Pi/Statoyl" alyansının ölkəmizdəki fəaliyyətində yeni mərhələ başlanmışdır.
BP şirkəti ilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanmış və 2017-ci il sentyabr ayında müddəti 2050-ci ilədək uzadılmış "Əsrin Müqavilə"si ilə Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən "Azəri", "Çıraq", "Günəşli" yataqlarının işlənməsi layihəsində operator kimi bugünə qədər səmərəli fəaliyyət göstərmişdir. BP şirkəti ilə həmçinin "Şahdəniz", "İnnam", "Şəfəq-Asiman", "Abşeron Yarımadası Dayazsulu sahə" layihələri üzrə Hasilatın Pay Bölgüsü Sazişləri imzalanmış, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi boru kəməri layihələrində də uğurlu əməkdaşlıq yaranmışdır.
2004-cü ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyaya səfəri zamanı İlham Əliyevin ölkənin baş naziri Toni Bleyerlə görüşündə 1998-ci ildə imzalanmış "Dostluq münasibətləri və tərəfdaşlıq haqqında bəyannamə" yenidən təsdiqlənib. Bleyer və İlham Əliyev eyni zamanda ikitərəfli münasibətlərin əsası kimi Birgə Kommunike də qəbul ediblər.
12-13 iyul 2009-cu il tarixdə Prezident İlham Əliyev Böyük Britaniyaya növbəti səfəri çərçivəsində Baş nazir Qordon Braunla görüşüb. Azərbaycanın antiterror koalisiyasında iştirakına toxunan Qordon Braun ölkəmizin bu istiqamətdə fəaliyyətinin Böyük Britaniya hökuməti tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Prezident İlham Əliyevi demokratiya sahəsində əldə edilmiş uğurlar münasibətilə təbrik edən Baş nazir Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsini müsbət hal kimi dəyərləndirib.
2012-ci il iyulun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva Böyük Britaniyaya işgüzar səfərdə olublar. İyulun 28-də Londonda XXX Yay Olimpiya Oyunları çərçivəsində "Azərbaycan günü" keçirilib. 2014-cü il sentyabrın 4-də Prezident İlham Əliyev Böyük Britaniya krallığında - Uelsdə NATO sammitinin açılışında iştirak edib. Tədbirdə Alyansa üzv olan və İSAF proqramında iştirak edən tərəfdaş ölkələrdən, BMT və digər beynəlxalq təşkilatlardan nümayəndələr iştirak ediblər. NATO-nun Zirvə toplantısının Əfqanıstan üzrə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.
TƏHSİL, ELM VƏ MƏDƏNİYYƏT SAHƏSİNDƏKİ ƏMƏKDAŞLIQ İKİ DÖVLƏT ARASINDA MƏDƏNİ ƏMƏKDAŞLIĞIN ƏSASINI QOYDU
Növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti 2018-ci ilin 26 aprel tarixində Böyük Britaniya Baş nazirinin dəvəti əsasında bu ölkəyə işgüzar səfər edib. Səfər çərçivəsində görüşlər keçirilib və qarşılıqlı əməkdaşlığla bağlı saziş imzalanıb.
Ulu Öndər Heydər Əliyev və Böyük Britaniyanın Baş naziri Con Meycor tərəfindən 23 fevral 1994-cü ildə imzalanmış "Təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığa dair saziş" Britaniya ilə Azərbaycan arasında mədəni əməkdaşlığın hüquqi əsasını qoyub. Azərbaycan və Britaniya xalqları arasında təhsil, elm və mədəniyyət sahələrində əlaqələrin inkişafında tarixi əhəmiyyət daşıyan bu saziş imzalandığı gündən iki ölkə arasında qarşılıqlı anlaşmaya geniş zəmin yaradıb. Bundan sonra Böyük Britaniyanın xarici ölkələrlə elmi-mədəni əlaqələrini təşkil edən əsas təşkilat olan British Council Azərbaycanda fəaliyyətini genişləndirib. Sazişin 14-cü maddəsinə əsasən British Council iki ölkə arasında təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıqda Böyük Britaniya hökumətinin əsas vasitəçisidir. Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə British Council-ın səmərəli fəaliyyəti Ulu Öndər Heydər Əliyev və Birləşmiş Krallığın baş naziri Toni Bleyerin 1998-ci ilin iyulun 21-də imzaladıqları birgə bəyannamədə də qiymətləndirilib.
2013-cü ildə Böyük Britaniyanın Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi və 2016-cı ildə Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondu təsis edilmişdir. Bundan əlavə, Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun kitabxanasına Nizami Gəncəvinin adı verilmişdir ki, beləliklə də, sözügedən qurumların təşəbbüsü ilə hər il Bakıda və Londonda çox sayda mədəni və elmi tədbirlər keçirilir.
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonu qəbul etməsi mövcud əlaqələrin davamlı olduğunu göstərir. Prezident İlham Əliyev bu il Azərbaycanla Böyük Britaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğunu məmnunluqla xatırladıb. Dövlətimizin başçısı Azərbaycan ilə Böyük Britaniya əlaqələrinin yüksək səviyyədə olduğunu və strateji tərəfdaşlıq zəminində inkişaf etdiyini vurğulayaraq ölkələrimiz arasında qarşılıqlı inam və etimadın olduğunu qeyd edib.
Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanın əsas ticarət tərəfdaşı və iqtisadiyyatımıza ən böyük sərmayə qoyan ölkə olduğunu bildirib, iqtisadi, ticarət əlaqələrinin genişlənməsini, enerji sahəsində əməkdaşlıq və bu sahədə BP-nin ölkəmizdə uğurlu fəaliyyətini xüsusilə vurğulayıb.
İşğal dövründə ermənilərin şəhər və kəndlərimizdəki tarixi, mədəni, dini abidələri və tikililəri vəhşicəsinə dağıtdıqlarını, torpaqlarımızda vandallıq əməlləri törətdiklərini deyən Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın daxili imkanlar hesabına həyata keçirdiyi genişmiqyaslı quruculuq prosesi barədə məlumat verib.
BÖYÜK BRİTANİYANIN 600-DƏN ÇOX ŞİRKƏTİ AZƏRBAYCANDA FƏALİYYƏTDƏDİR
Vətən müharibəsindəki möhtəşəm qələbədən və uzun illər davam edən regionda sülhə və təhlükəsizliyə böyük təhdid olan Qarabağ münaqişəsinin həllindən sonra Azərbaycanın beynəlxalq nüfuzu daha da artmış, regionda yeni bir situasiya yaranmışdır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən işğaldan azad olunmuş ərazilərin "Yaşıl zona" elan edilməsi, "Ağıllı şəhər", "Ağıllı kənd" layihələri, Şuşa şəhərinin Azərbaycanın "Mədəniyyət paytaxtı" elan edilməsi, aparılan abadlıq və quruculuq işləri dost ölkələrin və həmin ölkələrin şirkətlərinin regiona marağını daha da artırmışdır.
Böyük Britaniya da Azərbaycana dost ölkələrdən biridir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyıb. 44 günlük Vətən müharibəsi dövründə də Böyük Britaniya obyektiv münasibət sərgilədi və münasibətlərimizə xələl gətirəcək addım atmadı.
Böyük Britaniya dünyanın ən nəhəng neft şirkətlərindən olan "BP"-nin timsalında Azərbaycana 30 mlrd dollardan çox investisiya yatırıb. Hazırda Böyük Britaniyanın 600-dən çox şirkəti Azərbaycanda fəaliyyətdədir. İndi isə işğaldan azad edilmiş ərazilərdə şəhərsalma, abadlıq və bərpa işlərinə, həmçinin bərpa olunan enerji sektoruna cəlb edilməsi Azərbaycan-Böyük Britaniya əlaqələrinin inkişafında yeni imkanlar və perspektivlər açır. İşğaldan azad olunmuş Azərbaycan ərazilərində yaşıl enerji zonalarının yaradılması, həmçinin, bu ərazilərdə bərpa olunan enerjidən istifadə işində Britaniya şirkətləri maraqlıdır. Bu əlaqələr iki ölkələr arasındakı əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edəcəkdir.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB