Dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağı

Dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağı

2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiya islahatları ilə bağlı keçirilən referendumunun nəticələrinə görə ölkədə Birinci vitse-prezidentlik institutu yaradıldı. Dövlət idarəçilik sistemində yeni təsisatın yaradılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının islahatlar kursunun təzahürüdür.

“Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”. (Heydər Əliyev)

Dövlət idarəçiliyində funksional vahid kimi Birinci vitse-prezidentlik institutunun yaradılması Azərbaycanın müasir demokratik simasının yeni və mütərəqqi əlamətidir. Ötən müddət ərzində əldə olunmuş müsbət nəticələri nəzərə alaraq, əminliklə qeyd oluna bilər ki, Birinci vitse-prezidentlik institutu idarəetmənin səmərəlilik və çevikliyini artırıb. Birinci vitse-prezidentlik institutunun təsis olunması demokratik dəyişikliklərə hüquqi əsaslar yaradılmasını özündə ehtiva edən siyasi islahatların tərkib hissəsidir

“Dünyada gördüyümüz hər şey qadının əsəridir”. (Mustafa Kamal Atatürk)

Prezident İlham Əliyev cənabları tərəfindən Mehriban xanımın Birinci vitse-prezident təyin edilməsi də cəmiyyətdə qadın iştirakçılığına, bütövlükdə qadına verdiyi önəmin bariz göstəricisidir.

“Hər bir uğur qazanmış kişinin arxasında, müdrik bir qadın dayanır”

Bununla yanaşı, hər bir uğur qazanmış qadının arxasında ona hərtərəfli dəstək olan müdrik kişi dayanır. Yalnız, təkcə kişi deyil, bütövlükdə ailə, mənəvi dəyərlərə bağlılıq dayanır.

Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı Sərəncama əsasən Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunur. Təhlükəsizlik Şurasının iclasında Birinci vitse-prezidenti təqdim edən Prezident İlham Əliyev belə deyir:

“Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır” (İlham Əliyev)

Mehriban xanım Əliyeva ölkənin Birinci vitse-prezidenti kimi Təhlükəsizlik Şurasının iclasında ilk çıxışı zamanı fikirlərini belə qeyd edir: “Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz kiçik də olsa öz töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır... Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”

Daha sonra, O, belə qeyd edir ki, “Mənim ölkənin Birinci vitse-prezidenti təyin olunmağım barədə qərar Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü idi. Əlbəttə, mənim artıq uzun illər Prezidentin təkcə həyat yoldaşı deyil, deyə bilərəm ki, həmməsləki olmağım yəqin ki, öz rolunu oynayıb. Lakin düşünürəm ki, onun belə qərara gəlməsinin səbəbi bu deyildi. Əsas budur ki, rəhbər vəzifədə - Azərbaycan Respublikasının Prezidenti kimi İlham Əliyev ilk növbədə ölkənin və Azərbaycan xalqının maraqlarına istinad edir. Düşünürəm ki, bu qərarı da o, bu prinsiplərə istinad edərək qəbul etmişdir. Buna görə də, əlbəttə, üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam. Mən də buna nail olmağa çalışacağam”.

“Əsil dövlət xadimi, gələcək nəsilləri düşünərək fəaliyyət göstərən şəxsdir” (Uinston Çörçil)

Azərbaycan xalqının gələcək nəsillərinin möhkəm və dayanıqlı olmasını düşünən Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur.

Vətənə sədaqət, milli dəyərlərə hörmət və uğurlu fəaliyyət Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirən əsas amillərdir.

“Rəhbərlik etmək üçün gərək mənəvi haqqın olsun”. (Heydər Əliyev)

Bu mənəvi haqqın sahibi olan Mehriban xanım Əliyeva 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub.

1981-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur.

1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirir.

1988-1990-cı illərdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunda “Göz xəstəlikləri” ixtisası üzrə kliniki ordinatura keçir.

1990-1995-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyir.

1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondu təsis olunur.

1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan - İrs” jurnalını təsis edir.

2002-ci ilin oktyabrın 7-də Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti seçilir.

Mehriban Əliyeva Azərbaycan xalqının ümummilli liderinin zəngin irsinin öyrənilməsi və həmçinin Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi ilə yaradılan Heydər Əliyev Fonduna rəhbərlik edir. 2004-cü il may ayının 10-da Heydər Əliyev Fondunun rəsmi açılışını edir.

2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə Mehriban Əliyeva UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülür.

2004-cü il dekabrın 28-də Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilir.

2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

2005-ci ilin martında Mehriban Əliyeva “2004-cü ilin ictimai xadimi” nominasiyası üzrə “Caspian Energy İntegration Award-2005” beynəlxalq mükafatına layiq görülür.

2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən, Mehriban Əliyeva “İlin qadını” adına layiq görülür.

2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülür.

2005-ci ildə “Evtanaziya və təbabətdə humanizm problemi” mövzusunda dissertasiya işi müdafiə edir və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alır.

2005-ci il noyabrın 6-da Milli Məclisə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər (əvvəlki Əzizbəyov) ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva 92.12% (23106 səs) səs toplayaraq deputat seçilir.

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu ölkəmizin təhsil sisteminin inkişafında xidmətlərinə, milli mədəni irsimizin qorunub saxlanılmasına və dünyada təbliğinə, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsi üçün gördüyü işlərə, bədii gimnastika üzrə 27-ci dünya çempionatının respublikamızda yüksək səviyyədə hazırlanıb keçirilməsinə, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə Mehriban Əliyevanı “2005-ci ilin adamı” elan edilir.

Mehriban Əliyeva mədəni-mənəvi dəyərlərin qorunub saxlanmasına verdiyi töhfələrə görə 2006-cı ilin martında BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) qızıl medalına layiq görülür.

Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə Mehriban Əliyeva 2006-cı il noyabrın 23-də ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülür.

Dünya Səhiyyə Təşkilatı (WHO) İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban Əliyeva ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatına layiq görülür.

Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında Mehriban Əliyeva “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülür.

Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il 5 may tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Mükafatı ilə təltif edilir.

2009-cu il sentyabrın 14-də Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Mehriban Əliyeva Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni ilə təltif edilir.

2010-cu il fevralın 15-də Mehriban Əliyeva Fransaya münasibətdə göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyi sadiqliyinə görə Fransa Respublikası Prezidentinin Sərəncamı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilir.

2010-cu il iyulun 30-da Mehriban Əliyevaya UNESCO-nun “Qızıl Motsart” medalı təqdim edilir.

2010-cu il noyabrın 7-də Milli Məclisə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva 94,49% (31797 səs) səs toplayaraq deputat seçilir.

2011-ci il iyunun 24-də Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl medalı, 2012-ci il iyunun 29-da isə “Prix de la Fondation” mükafatı təqdim edilir.

2012-ci il fevralın 13-də Mehriban Əliyeva Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq görülür.

2012-ci il aprelin 13-də Mehriban Əliyevaya MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası (HCC) və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (IHCF) tərəfindən “Birlik Ulduzları” dövlətlərarası mükafatı təqdim edilir.

2012-ci ildə Mehriban Əliyeva “mərhəmətinə, xeyirxahlığına, xalqların rifahı naminə yorulmaz fəaliyyətinə və kazaklara göstərdiyi köməyə görə” Azərbaycan Kazaklar İttifaqı tərəfindən ali “Kazak şöhrəti” (“Kazatskaya Slava”) mükafatına layiq görülür.

2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyası 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edir. Birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirmək məqsədi ilə 2013-cü il yanvarın 17-də Təşkilat Komitəsi yaradılır və onun sədri Mehriban Əliyeva təyin olunur.

2013-cü ilin yanvarında Pakistanın nüfuzlu “Daily Times” qəzeti və Qadın Könüllülər Təşkilatı Mehriban Əliyevanı “Humanizm simvolu – 2012-ci ilin adamı” elan edir.

2013-cü il iyunun 7-də Yeni Azərbaycan Partiyasının sədr müavini vəzifəsinə seçilir.

2013-cü il dekabrın 27-də Mehriban Əliyeva Pakistanın “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı - 2013” mükafatına layiq görülür.

Fransanın Ərəb Mədəni İrsi Mərkəzi və Misirin “Nefertiti Media Productions” şirkətinin 2013-cü il martın 8-dən 2014-cü il yanvarın 10-dək birgə keçirdiyi sorğunun nəticəsinə görə, Mehriban Əliyeva 2014-cü ilin ən nüfuzlu qadını adına layiq görülür.

2014-cü ilin mayında Mehriban Əliyeva sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin Almaniyada türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatına layiq görülür.

Azərbaycanın ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə “The Business Year” jurnalı tərəfindən 2014-cü ilin mayında “İlin Birinci Xanımı” mükafatına layiq görülür.

2014-cü ilin iyununda Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı ilə təltif olunur.

2014-cü ilin avqustunda “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni ilə və İslam mədəni irsinin dünyada geniş təbliği, Azərbaycanda və ölkə hüdudları xaricində nəcib xeyriyyə fəaliyyəti, təhsilə, tibbə verdiyi böyük töhfələrə görə Küveyt Dövlətinin Fəxri diplomu ilə təltif olunur.

2015-ci il fevralın 11-də Pakistan İslam Respublikasının “Hilal-e Pakistan” ali ordeni ilə təltif olunur.

2015-ci il martın 26-da Mehriban Əliyeva Serbiya qarşısında ictimai, mədəni və humanitar sahələrdə xüsusi xidmətlərinə görə Serbiya Respublikasının yüksək dövlət mükafatı – “Sreten” ordeni ilə təltif edilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 29 iyun tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilir.

2015-ci il noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva 96,7% (38 029 səs) səs toplayaraq deputat seçilir.

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu “Bakı-2015” birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsində oynadığı müstəsna rola, Azərbaycanın müsbət imicinin dünyada tanıdılması istiqamətində göstərdiyi genişmiqyaslı fəaliyyətə, Azərbaycan və dünya mədəniyyətinin qarşılıqlı inteqrasiyası üçün gördüyü işlərə, ölkədə multikulturalizm mühitinin formalaşdırılmasındakı töhfələrə və ardıcıl xeyriyyəçilik fəaliyyətinə görə Mehriban Əliyevanı "2015-ci ilin adamı" elan edir.

2016-cı il yanvarın 21-də Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden Mehriban Əliyevaya təqdim edilir.

2016-cı il martın 6-da Mehriban Əliyeva “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni ilə təltif edilir.

2016-cı ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü seçilir.

2016-cı il sentyabrın 22-də Bolqarıstanın Veliko Tırnovo şəhərinin mədəni irsinin qorunmasındakı xidmətlərinə görə Mehriban Əliyevaya şəhərin fəxri vətəndaşı diplomu və döş nişanı təqdim edilir.

2016-cı il sentyabrın 22-də Bolqarıstanın mədəni irsinin qorunmasına və təşviqinə böyük töhfəsinə, bu işdə fəal iştirakına görə Mehriban Əliyeva Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin fəxri doktoru diplomu ilə təltif olunur.

2017-ci il iyunun 2-də Azərbaycan Memarlar İttifaqının fəxri üzvü seçilir. Azərbaycan memarlıq irsinin qorunub saxlanılmasında fəaliyyətinə və bu sahəyə verdiyi töhfələrə görə Mehriban Əliyeva “Akademik Mikayıl Hüseynov” xatirə medalı ilə də təltif olunur.

2017-ci il dekabrın 26-da Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşdırılmasına qayğısına görə Mehriban Əliyevaya II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni təqdim edilir.

2018-ci il martın 15-də qlobal layihələrin, təhsilin, elmin və mədəniyyətin inkişafına verdiyi töhfələrə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalı Mehriban Əliyevaya təqdim edilib.

2018-ci il iyulun 18-də İtaliya Respublikasının “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni Mehriban Əliyevaya təqdim edilir.

2018-ci il sentyabrın 22-də Mehriban Əliyevaya idman aləmində və “Ədalətli oyunlar”ın təbliğində nümunəvi nailiyyətlərinə görə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı təqdim olunur.

2019-cu il yanvarın 18-də Mehriban Əliyeva dahi bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin zəngin irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasına verdiyi əvəzsiz töhfələrə görə Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilir.

2019-cu il avqustun 13-də Mehriban Əliyeva Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Fərmanı ilə Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinə görə Rusiyanın “Dostluq” ordeni ilə təltif olunur.

2020-ci il fevralın 22-də mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə Mehriban Əliyevaya Papa Cəngavər Ordeninin ən ali dərəcəsi - IX Piy Ordeninin Böyük Xaçı təqdim edilir.

2021-ci il martın 5-də Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Sərəncamı ilə partiya sədrinin birinci müavini təyin edilir.

“Vətənə məhəbbət, bəşəriyyətə məhəbbətdən hasil olur”. (Vissarion Belinski)

Həqiqətən də, saf qəlbi bəşəriyyətə məhəbbətlə döyünən Mehriban xanım Əliyeva mütəmadi olaraq cəmiyyətin həssas təbəqələrinin problemlərini həll etməyə, ana nəvazişinə ehtiyac duyan uşaqları sevindirməyə, zəngin mədəniyyətimizi təbliğ etməyə, müxtəlif istiqamətlərdə yeni layihələr reallaşdırmağa böyük səy göstərir. Əlamətdar haldır ki, Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi öz ilk müşavirəsini məcburi köçkün soydaşlarımızın problemlərinə həsr etmişdir. Birinci vitse-prezidentlik institutu funksional siyasi təsisat kimi uğurla fəaliyyət göstərir.

“Dövlət, Vətəni təcəssüm etdirəndə vətəndaşla, Vətən arasında əks əlaqə münasibəti yaranır ki, bu da övlad-valideyn münasibətini xatırladır”. (S.Xəlilov)

Mehriban xanım Əliyeva dövlət idarəetməsində çeviklik və effektivlik naminə bütün potensialın səfərbər olunmasını, habelə uğurlu beynəlxalq təcrübə nümunələrindən istifadəni təmin edir.

“Dövlət xadiminin ən ali vəzifələrindən biri xalqın maarifləndirilməsidir”. (Teodor Ruzvelt)

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkə əhalisinin bərabər, əlçatan və keyfiyyətli təhsillə təmin olunması istiqamətində reallaşan layihələr təhsildə demokratik prinsipin yaşadılmasını təmin edir.

“İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır. İnsanların sağlamlığına, ekoloji vəziyyətə, udduğumuz havaya, içdiyimiz suya, bütün bunlara biz çox böyük diqqət göstərməliyik”. (İlham Əliyev)

Azərbaycanın Birinci vitse-prezidenti ölkə əhalisinin sağlamlığının qorunması naminə daim müxtəlif təşəbbüslərlə çıxış edir və sosial baxımdan həssas əhali qruplarının problemlərinin həlli istiqamətində tədbirlər görür. Azərbaycan xalqının yaratdığı milli mədəniyyət və incəsənət nümunələrinin dünyada tanıdılması istiqamətində layihələri reallaşdırır. Ölkədə idman hərəkatının davamlılığını təmin edir. Ekoloji problemlərin həllinə dəstək göstərir. İşğaldan azad olunan torpaqların bərpasında humanitar missiyanı həyata keçirir

“Mənəvi güc özünü yaradıcılıqda və xilaskarlıq missiyasında biruzə verir” (S.Xəlilov)

Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiq olan Mehriban xanım Əliyevanın fəaliyyəti ölkənin “Yumşaq güc” siyasətinin təcəssümüdür. Beynəlxalq münasibətlər sistemində Azərbaycanın dostu olan ölkələrin sayının artmasında Azərbaycanın Birinci vitse-prezidentinin misilsiz xidmətləri vardır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir çox ölkələri əhatə edir. Prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Mehriban xanım Əliyevanın qlobal təşəbbüsləri sayəsində mədəniyyətlərarası dialoq Azərbaycanın beynəlxalq brendinə çevrilmişdir. Bilavasitə Azərbaycanın Birinci vitse-prezidentinin təşkilatçılığı ilə ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində mədəniyyətlərarası dialoq ünvanlarından biri sayılır. Mehriban xanım Əliyevanın Azərbaycanın xarici siyasətindəki vacib missiyası ölkələrarası dostluq münasibətlərinin qurulmasıdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Fransa, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və başqa ölkələrin Birinci xanımları və ya dövlət idarəetməsində yüksək vəzifə tutan xanımları ilə keçirdiyi çoxsaylı görüşlər, əməkdaşlıq etdiyi müxtəlif platformalar xüsusi əhəmiyyət daşıyır.

““...Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz Azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” (Heydər Əliyev)

Ulu Öndərimiz Heydər Əliyev milli-mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürürdü. Bunlarsız millət yoxdur. Bunları qoruyub saxlamış xalq isə həmişə müstəqillik yolu ilə getmək, müstəqilliyini qorumaq əzmindədir.

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkəmizdə yeni məscidlər inşa etmiş, müqəddəs ziyarətgahların təmir-bərpa işlərini həyata keçirmişdir. Bundan əlavə, Mehriban xanım Əliyeva yüz illər boyu Azərbaycanda dost və qardaş şəkildə yaşamış müxtəlif dinlərin nümayəndələrinin mədəni özünəməxsusluğunu qoruyub saxlaması, dini ayinlərini sərbəst yerinə yetirməsi üçün ibadət evlərinin bərpası və inşası işində də öndə dayanmışdır. Müxtəlif müsəlman ölkələrində xeyriyyə aksiyalarının keçirilməsi, müsəlman uşaqların təhsili və sağlamlığı ilə bağlı davamlı layihələrin reallaşdırılması, həmçinin Bakının İslam mədəniyyətinin paytaxtı olması önəmli təşəbbüs və vacib işlər kimi qeyd edilə bilər.

“Təhsil xəzinədir,əmək onun açarı”. (Seyid Əzim Şirvani)

Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanda savadlı, peşəkar və sağlam yeni nəslin formalaşmasına xidmət edən önəmli təşəbbüslərlə daim çıxış edir.

“Cəmiyyət harada olursa olsun, nədən olursa olsun, kəsib, təhsilə xərcləməlidir, gənc nəslin təhsilinə kömək etməlidir!” (H.Əliyev)

Təhsilə göstərilən qayğı kontekstində ötən illərin növbəti təşəbbüsləri xüsusi olaraq vurğulanmalıdır: “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı, “Təhsilə dəstək” və s. Qeyd olunan proqramların icrası nəticəsində təhsildə, habelə yeni savadlı və vətənpərvər nəslin formalaşdırılması prosesində əsaslı nailiyyətlər əldə olunmuşdur. Təkcə 2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə, o cümlədən Bakı, Gəncə və Mingəçevir şəhərlərində, eləcə də müxtəlif rayonlarda 100-ə qədər, ümumilikdə isə ötən dövr ərzində 3000-dən artıq təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilmişdir. Müasir tipli məktəblərin inşası, tədris prosesində normal şəraitin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması son illər ərzində Azərbaycan təhsilinin beynəlxalq təhsil məkanına inteqrasiyasını gücləndirmiş və beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəblisinin uğurlarının əsas təminatçısı olmuşdur. Orta məktəb və digər təhsil müəssisələrinin idman zalları ilə təchiz olunması, futbol meydançalarının, yeni salınan parklarda mini stadionların, idman qurğularının istifadəyə verilməsi, bölgələrdə və paytaxtda şahmat məktəblərinin, idman komplekslərinin tikilməsi Azərbaycanda idman hərəkatının genişlənməsinə səbəb olmuşdur.

“Qayğı elə bir dildir ki, kar da eşidə bilər, kor da görə bilər...” (Mark Tven)

Birinci vitse-prezident Mehriban xanım Əliyeva əhalinin həssas təbəqələrinə xüsusi diqqət və qayğı göstərir. Ölkəmizdə xüsusi həssas əhali qrupları ilə işləmək, onların problemlərinin həllinə dəstək olmaq Mehriban xanım Əliyevanın fəaliyyət sahəsinin ana xəttini təşkil edir. Qarabağ müharibəsi şəhidlərinin övladları, valideynləri və doğmalarına Mehriban xanım Əliyevanın xüsusi diqqəti və qayğısı olmuşdur. Dövlətin sosialyönümlü çoxşaxəli layihələri məhz Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilir. Heydər Əliyev Fondu tərəfindən pandemiya dövründə aztəminatlı ailələrin sosial ehtiyaclarının qarşılanması, onların ərzaq və tibbi ləvazimatlarla təminatı həyata keçirilmişdir. Bakı və regionlardakı körpələr və uşaq evləri, internat məktəbləri, Uşaq Psixonevroloji Mərkəzi, habelə təqaüd yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisələri koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici və qoruyucu vasitələrlə təmin edilmişdir.

“Azərbaycan qadınları xalqımızın adət-ənənələrini, mədəniyyətini, elmini, intellektual potensialını yüksək səviyyədə təmsil etmişlər və bu, indi də belədir. Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”. (Heydər Əliyev)

Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalar arası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim edən Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva milli tarixi ənənələrə əsaslanan fəaliyyəti sayəsində müstəqillik illərində, xüsusən, son on ildə Azərbaycan qadınlarının ictimai fəallığı bütöv bir hərəkat səviyyəsinə yüksəlmişdir. Bu gün O, dünyaya sülhün, həmrəyliyin və qardaşlığın gözü ilə baxaraq Azərbaycan qadınının haqq səsinə çevrilmişdir. Qloballaşan dünyanı tolerantlığa, dünyəvi dəyərlərə, insan haqlarına çağırmaqla Azərbaycan qadınının mənəvi aləminin təmsilçisinə çevrilir, onu dünyaya tanıdır.

Mürsəl Mürsəlov

Azərbaycan Republikası Səhiyyə Nazirliyi Sanator-Kurort reabilitasiya Mərkəzinin Baş direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə