Ən böyük zərbə kimə dəyə bilər? - TƏHLİL

Ən böyük zərbə kimə dəyə bilər? - TƏHLİL

Ukrayna ilə Rusiya arasındakı münasibətlər, bütün dünyanın buna yanaşması, Qərb tərəfindən sərgilənən mövqe elə bütün dünyanı da həqiqətən çox maraqlandırır və hətta ən aktual məsələ olaraq qalmaqdadır. Hər bir halda münasibətlər geosiyasi müstəvidə nələrə isə səbəb olacağı ehtimalı təkzib edilmir və bundan ehtiyatlanıldığı da başadüşüləndir. Ən azından, dünya ölkələrinin öz mövqelərini bildirmələri əbəs yerə deyil və bütün bunlar ona görədir ki, narahatlıqlar hələ də var, hələ də bu anlaşılmazlıqların mövcudluğu xoşagəlməz nəticələrə gətirib çıxara bilər. Ən böyük zərbənin kimə dəyə biləcəyi isə müzakirə mövzusudur və bütün dünyada da daha çox elə bu nəzərə alınır.

Hazırda Ukraynaya “hərbi təcavüz” olunacağı ehtimalı fonunda Qərb "cəhənnəm sanksiyaları" hazırlayır. Məsələ burasındadır ki, bu sanksiyaların tətbiqinin bütövlükdə dünya üçün baha başa gələcəyi bəllidir. Bəllidir ki, sanksiyalar tətbiq ediləcəyi təqdirdə sənaye, ticarət, hətta banklar belə zərər görəcək. O da bir reallıqdır ki, nə qədər alternativlər axtarılırsa belə, hələ də Rusiya qazına alternativ yoxdur. Belə olan halda Avropa İttifaqının belə təhlükəli siyasi oyunlar oynamağa rəvac verəcəyi inandırıcı görünmür. Hər bir halda məsələnin ciddiliyi qəbul edilir və bunun fonunda hansı sanksiyalardan söhbət gedir? O zaman bu sanksiyalar, yaxud da sanksiyaların tətbiqi barədə bəyan edilməsi nəyə lazımdır və nəyə hesablana bilər? Bir halda ki, sanksiyaya görə zərbənin daha çox kimə dəyəcəyi bəllidir, deməli sanksiyaların tətbiqi inandırıcı görünmür.

Rusiyaya qarşı Vaşinqton və Brüssel tərəfindən, SWIFT-i qlobal banklararası rabitə sistemindən ayırmaq, ən böyük kredit təşkilatlarının maliyyə bazarlarına çıxışını bağlamaq və Beynəlxalq Valyuta Fondunun vəsaitlərinə moratorium elan etmək kimi təhdidlər səsləndirilir, özü də ən sərt şəkildə. Hətta, İngiltərə artıq qanunvericilik baxımından zəmin də hazırlayıb. Beləki, hazırlanan qanunvericilyə görə gərginliyin artması fonunda London istənilən şəxsə və şirkətə məhdudiyyət tətbiq edə bilər. Ancaq, gəlin görək, bunun nəticələri nələri vəd edə bilər və bu arzuolunandırmı? Məsələn, Qərb iqtisadçıları xəbərdarlıq edirlər ki, avropalılar bunun məhz Avropa İttifaqı üçün nə ilə nəticələnəcəyini sanki düşünmürlər. Deyək ki, rəsmi Moskvanın qaz tədarükünü azaltmaq qərarına gələ biləcəyi elə bil nəzərə alınmır, amma nəzərə alınmaması doğrudurmu? Sözsüz ki, lazım gələcəyi təqdirdə Rusiya belə bir addımdan da istifadə edə bilər. Elə bu barədə "Financial Times" nəşri də yazır və qeyd olunur ki, Moskvanın çox güclü kozırları var və ondan istifadə etməyəcəyinə heç kimsə zəmanət verə bilməz. Yəni, Moskvanın kozırları güclüdürsə, deməli ən böyük zərbə ən azından Rusiyaya dəyməyəcək, rəqiblərinə dəyəcək.

Nəzərə almaq lazımdır ki, enerji ilə bağlı asılılıq da hədsiz böyükdür və təbii qazın 46 faizini Rusiya təmin edir. Maraqlıdır, bunun fonunda Avropa sanksiyaların, eləcə də bunun müqabilində Rusiyanın adekvat addımlarının arxasında dura biləcəkmi? Yaxud, deyək ki, tətbiq ediləcəyi bəyan edilən məhdudiyyətlərin, sanksiyaların təsir, ya da təzyiq vasitəsi kimi qəbul edilməsi inandırıcıdırmı? Neftlə bağlı mənzərənin də eyni şəkildə olduğunu nəzərə alsaq, istənilən məhdudiyyətin tətbiqinin nəticə etibarı ilə kimə daha böyük mənfi təsiri göz önünə alınmalıdır. Çünki, bütün bu məhdudiyyətlər birmənalı şəkildə, həm qiymət artımına, həm də yükdaşıma bazarına mənfi təsir göstərəcək, Avropadakı neft emalı zavodlarını təmin edən boru kəmərlərində fasilələrin yaranmasına gətirib çıxaracaq.

Onu da diqqətə çatdıraq ki, son iki ildəki logistika pozğunluqlarının və pandemiya ilə bağlı lokdaunların nəticəsi olaraq, dünya artıq sənaye metallarının kəskin çatışmazlığı ilə üzləşib, hətta xammal böhranı da var. Məhz London birjasında spot müqavilələrin bahalaşması bu səbəbdən təsadüfi sayılmır və treyderlərin malları daha tez əldə etmək üçün böyük mükafat ödəməyə hazır olmaları da əbəs yerə deyil. Vəziyyətin ekstremal olduğu günün reallığıdır və sanki bütün bunlar nəzərə alınmır. Sanki, tələbatın artmasına təklifin ümumiyyətlə cavab vermədiyini görən də yoxdur, əks halda qeyd olunan məhdudiyyətlər, yaxud da hansısa sanksiyalar müzakirə mövzusu belə olmazdı. Rusiya həm də ən böyük alüminium və mis istehsalıçısıdır, hansıki dünya bazarının altı faizini alüminiumla, on faizini də mislə təmin edir. Nəzərə alsaq ki, əsas əmtəə birjalarında mis ehtiyatları 400 min ton həddindədir, hansıki, bu ehtiyatlar bir həftəyə belə kifayət etmir, alüminium tükənir və bunun nəticəsində Avropa, eləcə də Çindəki metallurgiya zavodları artan enerji xərcləri səbəbindən istehsalını azaldır, deməli buradan da bəlli olur ki, məsələ təkcə enerji ilə də bitmir.

Avtomobil istehsalında lazım olan palladiumun təxminən 40 faizini və aerokosmik sənayedə istifadə olunan titanın təxminən üçdə birini Rusiyanın tədarük etməsi də burada nəzərdən qaçmamalıdır. Ən azından bunların tədarükünün azaldılması, yaxud da dayandırılması ilə bağlı Moskva qərar verə bilər. Təbii ki, sanksiyalar olacağı təqdirdə Avropa iqtisadiyyatına daha bir zərbə Rusiyada neft nəhəngləri olan BP, Total və Shell şirkətlərinin birgə müəssisələrinin məhv edilməsi ilə ola bilər. Bir daha sual yaranır ki, Avropa buna hazırdırmı və ümumiyyətlə, bunun barəsində düşünübmü? Kimin daha böyük zərər görəcəyi bəlli deyilmi? Sözsüz ki, bütün bunlar düşünülür, nəzərə alınır, yaxud nəzərə alınacaq və bunun əksini fikirləşmək sadəlövhlük olardı.

Əlbəttə ki, digər tərəfdən Rusiya üçün dollara çıxışın məhdudlaşdırılması da, bu ölkənin beynəlxalq ödəniş sistemlərindən ayrılması da heç yaxşı nəticələr vəd etmir və avropalı tərəfdaşların da zərər görəcəyi təkzib edilə bilməz. Rusiyanın hüquqi şəxslərinin hesablarında olan böyük məbləğlər dondurulduğu təqdirdə, bankların zərər görəcəyi də gün kimi aydındır. "Financial Times" nəşri yazır ki, Avropa İttifaqının kredit təşkilatlarına Rusiyanın borcu təxminən 60 milyard dollardır və onu da nəzərə almaq lazımdır ki, bu Amerikanın borcundan təxminən dörd dəfə çoxdur. Bir sözlə, Qərbin hər hansı bir qeyri-dost hərəkətlərinin, qərəzinin müqabilində xərclərini azaltmaq üçün fəal tədbirlər görmək imkanına malik olan Moskva ilə müqayisədə Avropa İttifaqı istənilən məhdudiyyətə daha az və çox pis hazırlıqlıdır və bundan daha böyük zərbə alar.

Avropa üçün çox acı olsa da həqiqət ondan ibarətdir ki, Rusiya qazını əvəz edəcək heç bir şey Avropada yoxdur. “BCS Global Markets”-in neft və qaz üzrə analitiki Ronald Smit özü də bu qənaətdədir və bu barədə fikirlərini açıqca bildirib. “Rusiya ilə Ukrayna arasında münaqişə baş verəcəyi təqdirdə, qazın qiymətləri asanlıqla pik nöqtəsinə qalxa bilər”, deyə "Capital Economics"in baş iqtisadçısı Endryu Kenningem öz hesablamalarına əsasən əminliklə bəyan edib. Fransanın "Total Energies" şirkətinin rəhbəri Patrik Puyanne isə öz növbəsində deyib ki, indi yalnız Rusiyanın sayəsində kifayət qədər qaz var. Bir sözlə, Avropanın özündə belə analitiklər, iqtisadçılar Rusiyaya qarşı sanksiyanın tətbiqindən yaxşı heç nə gözləmirlər. Əksinə, sanksiya və məhdudiyyətlərlə bağlı nəticənin Avropa üçün daha acınacaqlı olacağı qənaətindədirlər.

Heç amerikalılar da fərqli düşüncədə deyillər, çünki alternativ variant belə təklif etməkdə, yaxud araşdırmaqda, tapmaqda çətinlik çəkirlər. Bunu da açıq-aşkar ifadə edirlər. Amerikalıların özləri də çəkinmədən etiraf edirlər ki, sanksiya və məhdudiyyətlərlə bağlı bütün səylər faydasızdır, eləcə də çox təhlükəlidir. Çünki onlar əmindirlər ki, yaxın 20 il ərzində bütün dünya Rusiya xammalı olmadan heç nə edə də bilməz, dünya buna alternativ də tapmaq iqtidarında deyil. Elə isə, hansı sanksiyalardan söhbət gedə bilər və buna kim razı olar? Bu sanksiyaların fonunda yeni böhranın olacağını anlayanlar hər halda çıxış yolu axtarmalıdırlar, bəlkə də axtarıblar da, hələ tapıblar da. Hər bir halda, sanksiya, məhdudiyyət tətbiqi, təhdid dili ilə danışmağın faydasız olduğu bəllidir və Moskva ilə dialoq qurmaq ən doğru seçim hesab olunur. Yəqin ki, bunu avropalılar hamıdan yaxşı başa düşürlər, çünki ən böyük zərbənin kimə dəyəcəyini onlar hamıdan yaxşı bilirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə