“Xocalı soyqırımı xalqımızın yaddaşından heç zaman silinməyəcək” AÇIQLAMA
“30 il öncə ermənilərin törətdiyi Xocalı soyqırımı xalqımızın yaddaşından var olduğumuz qədər silinməyəcəkdir. İllər ötsə də, xain qonşularımızla gələcəkdə sülh mövcud olsa da, bu faciə unudulan deyil. Müharibənin özü faciədir. Hərb tarixlərinə nəzər salsaq, müharibələr dövründə milyonlarla insanlar həlak olub”. Bunu “Səs” qəzetinə açıqlamasında Qaçqınların və Məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsi yanında ictimai Şuranın sədri Anar Xəlilov deyib.
Onun sözlərinə görə, həlak olan döyüşçülərin sayı bir statistika olaraq tarixə çevrilir: “Müharibələr dövründə öldürülən dinc insanların sayı və bununla bağlı baş verən hadisələr xüsusi olaraq tarixin qan yaddaşına yazılır və unudulmur. Milyonlarla insanların həlak olmasına səbəb olmuş İkinci Dünya müharibəsinin qurbanları arasında dinc yəhudi və belarusların, çinlilərin və s. qəddarlıqla öldürülməsi xüsusi yad olunur. Xocalı faciəsi də məhz bu qəbildən olan insanlığa qarşı törədilmiş bəşəri bir cinayətdir. Hesab edirəm ki, düşmən son 44 günlük Vətən müharibəsində bu faciənin bədəlini ödəsə də, hələ cinayətkarlar tam cəzasını almayıblar. Faciədən ötən 30 il ərzində Azərbaycan xalqı bu qanlı hadisəni yad etməklə yanaşı, onun Beynəlxalq müstəvidə tanınması və hüquqi qiymətin verilməsi istiqamətində çox böyük işlər gördü. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıtmasından dərhal sonra bu istiqamətdə köklü işlər aparılmağa başlandı. İnformasiya blokadasında olan Azərbaycanın məhdud imkanlarına baxmayaraq bütün imkanlardan istifadə olunmağa başlandı. Ümummilli Liderin tövsiyəsi ilə Vətəndaş cəmiyyəti və yenicə formalaşmağa başlayan diaspora bu faciənin dünyaya çatdırılmasında böyük səylər göstərməyə başladılar”.
A.Xəlilov onu da bildirdi ki, dünyadakı böyük siyasi nüfuzundan istifadə edən Ümummilli Lider bütün nüfuzlu Beynəlxalq görüşlərdə və tədbirlərdə bu faciə ilə bağlı ətraflı məlumatlar verərək dünya ictimaiyyətinin diqqətini Xocalı faciəsinə yönəltməyə nail oldu: “Prezident İlham Əliyevin dövründə isə Ümummilli Lider tərəfindən görülən işlərin davamı olaraq Xocalı faciəsinə beynəlxalq hüquqi-siyasi qiymət verilməsi istiqamətində böyük addımlar atıldı. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Xanım Əliyevanın Beynəlxalq müstəvidə Xocalı faciəsinin tanıdılması istiqamətində apardığı fəaliyyəti xüsusilə qeyd etmək lazımdır. Fondun hazırladığı maarifləndirici təbliğat vasitələri, təşkil etdiyi beynəlxalq tədbirlər Xocalı faciəsi haqqında dünya ictimaiyyətinə həqiqətlərin çatdırılmasında çox önəmli rol oynadı. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın başlatdığı "Xocalıya Ədalət" Beynəlxalq kampaniyası demək olar ki, dünyanın əksər ölkələrində geniş fəaliyyət planı ilə faciənin tanıdılmasında əhəmiyyətli nailiyyətlər əldə etdi. Məhz bu fəaliyyətlər nəticəsində dünyanın aparıcı beynəlxalq təşkilatları və onlarla dövlətləri Xocalı faciəsinin tanınması haqqında qərarlar qəbul etmişlər. Bu gün də Vətən müharibəsində qələbəmizdən sonra da Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində işlər uğurla aparılır. Yenidən formalaşan Diasporla İş üzrə Dövlət Komitəsinin bu gün apardığı fəaliyyəti də xüsusilə qeyd etmək lazımdır. Komitə diasporlarımızla birgə Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində bir çox uğurlu layihələrə imza atmışdır. Vətəndaş cəmiyyətimiz, KİV-də Xocalı faciəsinin Beynəlxalq aləmdə tanıdılması və hüquqi-siyasi qiymət verilməsi istiqamətində fəallıq nümayiş etdirirlər. Prezident İlham Əliyevin apardığı xarici siyasət kursunun prioritet istiqamətlərindən biri də Xocalı faciəsinin beynəlxalq müstəvidə hüquqi-siyasi qiymət verilməsidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB