ŞUŞA BƏYANNAMƏSİ - Türkiyə-Azərbaycan müttəfiqliyinin sübutu ŞƏRH

ŞUŞA BƏYANNAMƏSİ - Türkiyə-Azərbaycan müttəfiqliyinin sübutu ŞƏRH

Bu gün bəşəriyyət son dərəcə mürəkkəb tarixi şəraitdə yaşayır. Belə ki, koronavirus pandemiyası başlayandan bəri ölkələrarası vəziyyətdə də bir dəyişiklik hiss olunmaqdadır. Xüsusilə də, Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətləri bir çox dövlətlərin qısqanclığına səbəb olub. Çünki hər iki dövlət yaxşı gündə də, pis gündə də bir-birinin yanındadır. Hər iki dövlət eyni yolu yaşayır. Çünki Azərbaycanla Türkiyə arasındakı münasibətlərin dünyada analoqu yoxdur. Siyasi liderlər dəfələrlə bu faktı təsdiq ediblər. İkinci Qarabağ müharibəsindən sonra iki qardaş ölkənin münasibətlərinin inkişaf xarakteri və dinamikası göstərir ki, yeni tarixi şəraitdə onlar daha dərin və əhatəli əlaqələr səviyyəsinə keçməkdə qətiyyətlidirlər. Bu baxımdan Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və birliyinin yeni təsdiqi sayılan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi hər iki ölkə ilə yanaşı, region və dünya üçün də son dərəcə böyük əhəmiyyət kəsb edir.

Ulu öndər Heydər Əliyev tərəfindən möhkəm özüllər üzərində qoyulmuş "Bir millət, iki dövlət" dostluq və qardaşlıq münasibətləri bu gün dövlətimizin başçısı cənab İlham Əliyev tərəfində uğurla davam etdirilir. Prezident İlham Əliyev çıxışlarının birində bu məsələyə münasibət bildirərək deyib: "Mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir. Bu, həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda, biz - iki qardaş ölkə öz siyasətimizlə bu birliyi möhkəmləndiririk" fikirləri bir daha təsdiqləyir ki, "bir millət, iki dövlət" vəhdətini heç bir kənar qüvvə poza bilməz. Və bu gün iki dövlət arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlıq yüksək səviyyədə davam edir.

Hər iki ölkə arasındakı hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq, ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin keçirilməsi artıq ənənə halını alıb. Bu, həm də əsgər və zabitlərimizin döyüş qabiliyyətini artırır. Eyni zamanda, Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır.

Bu yerdə bir məqamı da xatırlatmaq istərdim. Belə ki, 2014-cü ilin aprelində Çexiyanın paytaxtı Praqada dövlət və hökumət başçılarının iştirakı ilə Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr olunan sammit keçirilirdi. Türkiyə proqramın iştirakçısı olmadığından Zirvə görüşündə onun təmsilçisi yox idi. Ermənistanın ovaxtkı prezidenti Serj Sarkisyan sammitin plenar iclasında söz alaraq mövzunu kənara qoyub Türkiyəni hədəfə aldı. O, görüş iştirakçılarını inandırmağa çalışırdı ki, Avropa ictimaiyyəti "soyqırımı" törətdiyinə görə Türkiyəyə münasibətdə daha sərt mövqe tutmalıdır. Sarkisyan iddia edirdi ki, Türkiyənin Ermənistanla sərhədini bağlaması beynəlxalq hüquqa ziddir və s. Sammitdə iştirak edən Prezident İlham Əliyev erməni həyasızlığının Praqada növbəti təzahürünü nəzərdən qaçıra bilməzdi. Dövlətimizin başçısı çıxışına başlayaraq dedi: “Bu masanın arxasında Türkiyənin nümayəndələri yoxdur: Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm".

Göründüyü kimi, budur “bir millət, iki dövlət” birliyinin məntiqi nəticəsi. Bir məqamı da vurğulayaq ki, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin yüksək səviyyəsi bəlli dairələri qıcıqlandırır. Belə ki, Azərbaycan öz ərazisində Türkiyə ilə hərbi təlimlər keçirəndə, hansısa arzu olunmayan ölkədən silah alanda, qıcıqlanırlar. Azərbaycan təbii qazının Gürcüstan və Türkiyə ərazisi ilə xarici bazara nəql edəndə, yaxud Türkiyə Qarabağ probleminə münasibətdə Azərbaycanın ədalətli mövqeyini birmənalı şəkildə dəstəkləyəndə, qardaşının yanında olduğunu bildirəndə qıcıqlanırlar. Türkiyə Qərbdən yox, başqa mənbədən silah alanda qıcıqlanırlar. Türkiyə dünyanın ən böyük hava limanını inşa edəndə qıcıqlanırlar. Qoy qıcıqlansılar, lakin Azərbaycan və Türkiyə üçünsə ən əsası odur ki, heç vaxt biri-birini tək qoymasınlar, çünki tale onları birlikdə olmağa məhkum etmişdir.

Azərbaycanın apardığı bu düşünülmüş və uğurlu siyasət Prezident İlham Əliyevin hücum diplomatiyası nəticəsində beynəlxalq təşkilatlar haqq işimizə dəstək verir. Prezitdent İlham Əliyev çıxışlarında dəfələrlə sübut edib və bildirib: "Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik".

Göründüyü kimi, bu, sadəcə, siyasi mesaj kimi qəbul olunmamalıdır. Dövlət başçısı tərəfindən səsləndirilmiş bu sözlər özünə inanan və potensialına güvənən siyasi liderlərə məxsus olan keyfiyyətdir və ümumən Azərbaycanın mövqeyini, gücünü, beynəlxalq münasibətlər sistemində yerini və Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür. Və 2021-ci il iyunun 15-i tarixində mədəniyyət mərkəzimiz Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Bu, regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların dağıdılması və bundan sonra Azərbaycan-Türkiyə tandeminin rəhbərliyi altında davam edəcək yeni regional düzənin başlanğıcı, iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklikdir.

Bir sözlə, ŞUŞA BƏYANNAMƏSİ: “Bir millət, iki dövlət”in müttəfiqliyini, qardaşlığını ən üst səviyyəyə qaldıran iki imzanın lider müəlliflərinin birliyidir.

SEYFƏDDİN ƏLİYEV,

YAP Masallı rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə