Prezident İlham Əliyev: "Gəncə Azərbaycanın ikinci şəhəridir və bu şəhərə daim diqqət həmişə yüksək səviyyədə olub"
Özünün ictimai-siyasi, sosial-iqtisadi həyatında uğurlar əldə edən Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr ölkəmizin qüdrətini daha da artırır. Bu nailiyyətlər müstəqil dövlətimizin sürətli inkişafına təkan verən uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin nəticəsidir. Müasir Azərbaycan dövlətinin Qurucusu, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır. Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, layihələr, aparılan uğurlu islahatlar bütün bölgələrimizin inkişafına, müasirləşməsinə səbəb olub. Azərbaycanın hər yerində olduğu kimi, bu gün qədim tarixə malik olan Gəncə də yeni inkişaf dövrünü yaşayır. Gəncə Azərbaycanın qədimliklə müasirliyi, Şərq memarlıq üslubu ilə Qərb modernizmini üzvi şəkildə birləşdirən şəhərlərindən birinə çevrilib. Yeni yollar salınır, infrastruktur layihələr reallaşır, yeni parklar yaradılır. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə 18 dəfə Gəncədə olması və daim Gəncəyə diqqət göstərilməsi onun inkişafına müsbət təsirini göstərib. Dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir ki, şəhər inkişaf edir. Şəhərdə həyata keçirilən tədbirlər nəticəsində yeni tikililərlə yanaşı, qədim, tarixi abidələr yenidən bərpa edilir. Ölkə başçısının Gəncəyə səfərləri çərçivəsində bir sıra obyektlərin açılışında iştirak edib. Bu gün Gəncənin gözəlliyinə naxış salan məkanlarının sayı kifayət qədərdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə müsahibəsində bildirdiyi kimi, "Mənim Gəncəyə Prezident kimi 18-ci səfərimdir. Belə çıxır ki, orta hesabla hər il Gəncədə səfərdə oluram. Elə illər olub ki, iki dəfə olmuşam. Həm ona görə ki, Gəncə Azərbaycanın ikinci şəhəridir və bu şəhərə daim diqqət həmişə yüksək səviyyədə olub. İkincisi, ona görə ki, bir çox layihələr Gəncə şəhərində icra edilib və bu layihələrin icrası davam edir. Gəncə şəhərinin kompleks inkişaf planı həm təsdiqlənib, həm də uğurla icra edilir. On səkkiz ildir ki, Mən ölkə Prezidentiyəm və 18 dəfə Gəncədə olmuşam".
Bu gün yeni inkişaf dövrünü yaşayan Gəncədə sosial məsələlər öz həllini tapıb, infrastruktur yenilənib, şəhərdə abadlıq-quruculuq işləri aparılıb. Belə ki, asfalt yolları, müasir məktəbləri, poliklinikaları var, qazlaşdırma, enerji ilə təminat 100 faizdir. "Son illərdə biz Gəncənin əsas infrastruktur layihələrini icra etməyə çalışdıq və bu layihələrin böyük əksəriyyəti öz həllini tapdı", - deyən Cənab Prezident bildirib ki, elektrik enerjisi ilə təchizat tam öz həllini tapmışdır: "Gəncədə 10 yarımstansiya həm yenidən tikilib, həm də əsaslı təmir edilib. Onların enerji istehsalı gücü 220 meqavatdır, şəhərin tələbatını tam ödəyir. Eyni zamanda, şəhərin artan tələbatı, o cümlədən sənaye potensialı da nəzərə alınacaqdır". Avtomobil yollarının çəkilişinə gəldikdə isə Cənab Prezident Gəncəyə gedən yolların tam müasirləşdirildiyini bildirib: "Həm Bakı-Gəncə avtomobil yolunun, həm də Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi başa çatıb. İndi biz bu yolu iki zolaqdan dörd zolağa genişləndiririk. Eyni zamanda, Gəncədən digər şəhərlərə - Göygöl, Daşkəsən şəhərlərinə gedən yollarda da əsaslı təmir işləri aparılmışdır".
"GƏNCƏNİN MƏDƏNİ HƏYATINA TÖHFƏ VERƏ BİLƏCƏK HƏR BİR TƏŞƏBBÜS DƏSTƏKLƏNMƏLİDİR"
Əsrlərdən bəri Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahı olan dini abidə "İmamzadə" Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin İslam aləmindəki yerini və nüfuzunu da göstərir. Ölkənin dini-tarixi abidələrinin tamamilə yenidən qurulmasına və gələcək nəsillərə çatdırılmasına həssaslıqla yanaşan Prezident İlham Əliyev bu kompleksin təmiri və bərpasına xüsusi diqqət göstərmişdir. İnsanların inam və inanc yeri kimi üz tutduqları bu məbəd məhz dövlətimizin başçısının sərəncam və göstərişləri sayəsində belə gözəl görkəm alıb. Qafqazın ən qədim parklarından biri, yaşı 200-dən çox olan və bitki florasının zənginliyinə görə bütün ölkədə məşhur olan "Xan bağı" da bu gün yenidən qurulub. Yenidənqurma işləri ilk dəfə məhz Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilib. Burada fəvvarələr, müasir işıqlandırma sistemi quraşdırılıb, Venesiya guşəsi yenidən qurulub, 350 yerlik yaşıl teatr inşa olunub. Görülən işlərin davamı olaraq, dövlət başçısının Gəncəyə səfəri çərçivəsində Gəncə Dövlət Dram Teatrının yeni binasının açılışı olub. Gəncə Dövlət Dram Teatrının 2014-cü ildə təməli qoyulan yeni binasında 478 yerlik böyük tamaşaçı zalı, 22 tamaşaçı yerlik lojalar və 120 yerlik kiçik tamaşaçı zalı var. Yeddimərtəbəli binada, həmçinin iki zaldan, 135 eksponat və rəsm əsərlərindən ibarət Gəncə Teatr Muzeyi, zəngin kitabxana, xoreoqrafiya zalı, qrim otaqları, mehmanxana, kafe və digər zəruri infrastruktur yaradılıb. Bir sözlə, teatrın yeni binasında tamaşaların nümayişi üçün müasir texniki şərait təmin edilib, yaradıcı heyətin məşqləri ilə bağlı bütün məqamlar nəzərə alınıb. Cənab Prezident "Həm memarlıq, həm də funksionallıq baxımından çox gözəl, möhtəşəm Dram Teatrı açıldı", - deyərək ölkə qarşısında bir çox problemlərin və bu problemlərin təxirəsalınmaz olduğunu da diqqətə çatdırıb: "Amma buna baxmayaraq, mədəniyyətə, şəhərin, Gəncənin mədəni həyatına töhfə verə biləcək hər bir təşəbbüs dəstəklənməlidir. Neçə ki, bir neçə il bundan əvvəl Gəncə Filarmoniyası açıldı. Baxın, bu Filarmoniyanın açılması Gəncə şəhərinin mədəni həyatına nə qədər töhfə veribdir, eyni zamanda, şəhərin ümumi görünüşünə gözəl töhfə olubdur. Çünki memarlıq baxımından çox gözəl bir binadır. Dram Teatrı da çox möhtəşəm binadır və orada artistlər, truppa üzvləri və tamaşaçılar üçün gözəl şərait yaradılıb".
GƏNCƏ İDMAN SARAYI ÖLKƏMİZİN ƏN BÖYÜK İDMAN SARAYIDIR
Dövlət başçısının Gəncəyə səfəri çərçivəsində Gəncə İdman Sarayında tikinti işlərinin gedişi ilə də tanış olub. İkimərtəbəli Gəncə İdman Sarayında böyük idman zalı, üzgüçülük hovuzu, beynəlxalq turnirlərin keçirilməsi üçün məkan, şahmat, güləş, boks və idmanın digər növləri üzrə məktəblər fəaliyyət göstərəcək. Xatırladaq ki, dövlətimizin başçısı 2020-ci il iyunun 24-də Gəncəyə səfəri çərçivəsində bu idman qurğusunda inşaat işlərinin gedişi ilə tanış olmuş, müvafiq tapşırıqlarını vermişdi. Bundan sonra obyektdə tikinti işlərinin sürəti daha da artmışdır. "Bu sarayı da Mənim təşəbbüsümlə inşa etməyə başlamışıq. Bu, çox böyük layihədir. Deyə bilərəm ki, Azərbaycanda bu boyda idman sarayı yoxdur, hətta Bakı şəhərində. Baxmayaraq ki, Bakı şəhərində bir çox idman sarayları var, - ancaq bütün əsas idman növlərinin bir yerdə cəmləşməsi Bakıda yoxdur. Burada isə həm döyüş idman növləri, güləş, boks, həm məktəblər - güləş məktəbi, boks məktəbi, həmçinin əl oyunları üçün xüsusi zal - basketbol, voleybol, həndbol, 50 metrlik üzgüçülük hovuzu, yardımçı otaqlar və zallar, otel. Yəni, bir daha demək istəyirəm ki, bu, ölkəmizin ən böyük idman sarayıdır. Bu sarayı Gəncədə inşa etmək gəncəlilərə edilən bir hədiyyədir". Gəncədə "Azərbaycan Dəmir Yolları" QSC-nin lokomotiv deposunun istismara verilməsi dördüncü regional inkişaf proqramı çərçivəsində icra olunan növbəti layihə Gəncə lokomotiv deposudur. Yeni depoda dəyişən cərəyanla işləyən elektrovozların texniki xidməti və təmiri işləri həyata keçiriləcək. 2021-ci ilin noyabrında açılışı olan Biləcəri lokomotiv deposu ilə bərabər, Gəncə deposu Azərbaycan Hökuməti ilə Fransa İnkişaf Agentliyinin birgə maliyyəsi hesabına inşa edilib. Gəncə lokomotiv deposunun istismarı enerji resurslarına qənaətə, xərclərin azalmasına, təmir və texniki xidmətin optimallaşdırılmasına, istismarın etibarlılığının artırılmasına və fasiləsiz daşımaların təmin olunmasına imkan yaradacaq.
"ASAN XİDMƏT"İN XÜSUSİYYƏTLƏRİNDƏN BİRİ HƏM ŞƏFFAFLIQDIR, MÜASİR XİDMƏTLƏRİN GÖSTƏRİLMƏSİDİR, HƏM DƏ RAHATLIQDIR"
Cənab Prezident ölkə üzrə sayca iyirmi ikinci 2 saylı Gəncə regional "ASAN xidmət" Mərkəzin də açılışını da edib. Gəncə şəhəri, Şəmkir, Gədəbəy, Göygöl, Goranboy, Samux, Naftalan, Kəlbəcər və Xocalı rayonlarını əhatə edən bu bölgədə qeydiyyatda olan ümumilikdə 1 milyona yaxın insan var. Lakin Mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək. Mərkəzdə vətəndaşlara müxtəlif dövlət qurumları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 320-dən çox xidmət göstəriləcək. Mərkəzdə əməkdaşların sayı 208, könüllülərin sayı 85 nəfər nəzərdə tutulur. "ASAN xidmət" Mərkəzinin işçilərinin sayı 40 nəfərdir ki, onlar da əsasən şəhid ailəsi üzvləri, qazilər və ASAN könüllülərindən təşkil olunub. "Bir neçə il bundan əvvəl Gəncədə "ASAN xidmət" Mərkəzi açılmışdır", - deyən Cənab Prezident bildirib ki, ancaq tələbat o qədər böyükdür ki, növbələr yarandı: "Əlbəttə ki, "ASAN xidmət"in xüsusiyyətlərindən biri həm şəffaflıqdır, müasir xidmətlərin göstərilməsidir, həm də rahatlıqdır. Ona görə biz xidmətin adını "ASAN" qoymuşuq. Əgər növbə yaranırsa və insanlar saatlarla növbədə dayanırsa, bu, artıq "ASAN xidmət" olmadı. Ona görə mənim göstərişimlə ikinci "ASAN xidmət" Mərkəzi yaradıldı, birincidən daha böyük. Bu xidmət artıq bu gün rəsmən açıldı və bir neçə gündən sonra öz qapılarını vətəndaşların üzünə açacaq. Beləliklə, növbələr artıq aradan götürüləcək". Dövlət başçısı müsahibəsində "Gəncənin inkişafı və şəhərin problemlərinin həlli daim diqqət mərkəzindədir. Həm də, onu göstərir ki, baxmayaraq, bizim əsas diqqət mərkəzimiz azad edilmiş torpaqlara - Qarabağa və Zəngəzuradır, eyni zamanda, bütün başqa şəhər və rayonlarımız daim diqqətlə əhatə olunur", - deyə bildirib: "Əgər mənim təkcə bugünkü proqramıma nəzər salsaq, görərik ki, bir çox önəmli obyektin açılışı oldu, təməlqoyma mərasimi oldu." Təməlqoyma mərasimlərindən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsi ərzində erməni faşist ordusu tərəfindən dağıdılmış ərazidə Memorial Kompleksin təməlinin qoyulması oldu.
"İKİNCİ QARABAĞ MÜHARİBƏSİ DÖVRÜNDƏ GƏNCƏ DƏFƏLƏRLƏ CİNAYƏTKAR ERMƏNİSTAN ORDUSU TƏRƏFİNDƏN BOMBALANIB"
44 günlük Vətən müharibəsində də xalqımız ermənilərin təcavüzkar siyasəti ilə üz-üzə qaldı. Vətən müharibəsində biz erməninin vəhşi simasını bir daha görmüş olduq. 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan beynəlxalq konvensiyalara zidd topladığı silahlarla 44 günlük Vətən müharibəsində beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı, eyni zamanda, terrorçu dövlət olduğunu tam şəkildə sübuta yetirən yetərincə faktlar mövcuddur. Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə mülki əhalinin kompakt yaşadığı ərazilərə raket zərbələri endirməsi Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasını ortaya qoymuş oldu. Qocaya, cavana, uşağa qıyan erməni müharibə qanunlarını belə pozaraq çirkin niyyətləri ilə tarixən nəyə xidmət etdiklərini bir daha göstərdi. Vətən müharibəsi zamanı düşmənin xain atəşi nəticəsində təkcə Tərtərdə ümumilikdə 16 mülki şəxs qətlə yetirilib, 63 nəfər yaralanmışdır. Müharibə zamanı, həmçinin Tərtər şəhəri də daxil olmaqla, rayonun 40 yaşayış məntəqəsinə 16 min 277 tank, top, qrad, minomyot mərmisi, 21 qadağan olunmuş raket atılmışdı. Moskvada imzalanan humanitar atəşkəs rejimindən sonra Ermənistan silahlı qüvvələrinin qədim Gəncəni raket atəşinə tutması nəticəsində mülki obyektlərə və yaşayış məhəllələrinə aramsız atəşlər yağdırıldı. Çoxlu dağıntılar oldu, insanlar həlak oldu, yaralandı. Onların arasında uşaqlar və qadınlar da var. Gəncədə mülki insanların məskunlaşdığı əraziyə raket hücumu bir daha Ermənistanın günahsız insanları, uşaqları, qadınları hədəfə alaraq ardıcıl olaraq bu cür çirkin hücumlara əl atması onun faşizm xislətini və cinayətkar mahiyyətini bir daha sərgiləyir.
Vətən müharibəsi dövründə Gəncə şəhəri oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-də Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif təyinatlı "Toçka-U", "Smerç", "SCUD" və digər raket qurğularından endirilən zərbələrə məruz qalıb. Nəticədə 6-sı uşaq olmaqla, 26 mülki şəxs həlak olub, 31-i uşaq olmaqla, 142 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Cənab Prezident bildirib ki, İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq əfsuslar olsun ki, insanların həyatına son qoyub, beş raket isə partlamayıb: "Bu da öz növbəsində onu göstərir ki, Ermənistan ordusu nə vəziyyətdə idi. Ancaq bu namərd atəş nəticəsində həlak olan vətəndaşlarımız yaşamalı idi". Qanlı gecədə sakinlərin həyatını itirməsi, erməni terroristlərinin dinc əhaliyə qarşı törətdikləri cinayətlər sənədlərin dili ilə hər zaman danışır. Yatmış insanlara qarşı törədilən terror insanlıq əleyhinə olan cinayətdir. Bu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən hüquqi normalara sığmır. "Azərbaycan Ordusu müharibə dövründə belə cinayətlərə əl atmayıb, biz müharibəni ləyaqətlə aparmışıq, biz döyüş meydanında düşmənə cavab vermişik", - deyən dövlət başçısı qeyd edib ki, Gəncə və digər şəhərlər - Mingəçevir, Bərdə, Tərtər, Goranboy, Ağdam rayonu, Füzuli rayonu, Naftalan bombalananda mən deyirdim ki, biz döyüş meydanında qisasımızı alacağıq. Biz ermənilərdən fərqli olaraq heç vaxt hərbi cinayətə əl atmarıq: "Bu, bir daha xalqımızın böyüklüyünü göstərir, siyasətimizin düzgünlüyünü göstərir".
"HEÇ VAXT ERMƏNİ VƏHŞİLİYİNİ, ERMƏNİ FAŞİZMİNİ UNUTMAMALIYIQ"
"Bu gün, burada təməlini qoyduğum Memorial Kompleks böyük ərazini əhatə edəcək", - deyən Prezident bildirib ki, bu Memorial Kompleks təqribən dörd hektarda yaradılacaq: "Dağıdılmış bu binalar olduğu kimi qalacaq. Yəni, bu yaddaş silinməməlidir. Bu erməni vəhşiliyini unutmamalıyıq. Müharibə başa çatıb. Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq. Onların müqəddəs ruhu qarşısında baş əyərək bir daha deyirik ki, onların qanı yerdə qalmadı. Onların yaxınları üçün bəlkə də bu, təsəlli ola bilər. Eyni zamanda, deyirik ki, biz müzəffər xalqıq, biz qalib dövlətik. Erməni faşizmini məğlub etdik. Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın."
İnsan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərə məhəl qoymayan Ermənistan müharibə zamanı mülki əhalinin qorunması haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının və digər sənədlərin müddəalarını kobud şəkildə pozub. Humanizm prinsipinə hörmətsizlik edən, beynəlxalq hüququn normalarını, qanunvericiliyi kobud şəkildə pozan Ermənistan rəhbərliyi bütün hərbi cinayətlərə görə cavab verməlidir. Azərbaycan 44 günlük Vətən müharibəsində uğurlu döyüş əməliyyatı apardı və tarixi ədalət bərpa olundu. Təcavüzkar ermənilərin çirkin siyasətləri iflasa uğradı. Dünyanı təəccübləndirən, hərb tarixində yeni səhifə olan müharibədə Azərbaycan Zəfər qazandı. 30 illik bir həsrətə son qoyuldu və tarixi torpaqlarımız işğaldan azad olundu. Azərbaycan bu gün işğaldan azad olunan ərazilərdə böyük abadlıq-quruculuq işlərinə start verib və genişmiqyaslı layihələr icra olunur.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB