Böyük Zəfər Böyük Qayıdış üçün yol açdı - DEPUTAT AÇIQLADI

"Böyük Zəfər Böyük Qayıdış üçün yol açdı. Torpaqlarımız işğaldan azad olunandan sonra həmin ərazilərdə infrastrukturun qurulması, məcburi köçkünlərin vaxtında geri qayıtması üçün dövlət tərəfindən çox böyük işlər görülür". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu işlər cənab Prezident tərəfindən nəzarətdədir: "Cənab Prezidentin özü azad olunan ərazilərimizə səfər edir, infrastrukturun açılışını edir, yeni obyektlərin təməlqoyma mərasimində iştirak edir və görülən işlərlə bağlı Azərbaycan ictimaiyyətini daim məlumatlandırır. Bu məsələdə cənab Prezident hamıya yaxşı bir nümunə göstərir. Böyük Qayıdış ilk növbədə insanların öz dədə-baba torpağında yaşamaq hüququnu təmin edir. Çox təəssüf ki, Ermənistan işğal dövründə bir tərəfdən bütün infrastrukturu, sosial obyektləri, mənzil fondunu tamamilə yerlə-yeksan etdi, digər tərəfdən isə həmin torpaqlara çoxlu sayda minalar basdırdı.

Rus ekspertlərinin hesablamalarına görə, 30 il ərzində Ermənistanın işğalı altında olan torpaqlarına 470 milyon ABŞ dolları qiymətində mina və partlayıcı maddələr basdırılıb. Artıq Zəngilanın Ağalı kəndində "ağıllı kənd" layihəsi başa çatmaq üzrədir. Həmçinin Ağdamda, Füzulidə, Cəbrayılda ilk yaşayış evlərinin əsası qoyuldu".

Aydın Mirzəzadə sözlərinə davam edərək həmçinin qeyd edib ki, cənab Prezident sadəcə məcburi köçkünlərin geri qayıtmasını təklif etmir, həmçinin o, müasir tələblərə cavab verən infrastruktur quruluşuna, müasir evlərin tikilməsinə, yeni iş yerlərinin yaradılmasına çox böyük diqqət yetirir: "Cənab Prezident bir müddət əvvəl xüsusi sərəncamı ilə hökumətə özəl biznes nümayəndələrinin də bərpa işlərində investisiyasından istifadə etmək təklifini verdi. Xarici ölkələrdən də Azərbaycanın işğaldan azad olunan torpaqlarında quruculuq işlərində iştirak etmək istəyənlər var. 10-dan çox ölkə bununla bağlı layihələrini verib. İranın nəqliyyat və şəhərsalma nazirinin bu günlərdə Azərbaycanda olması qonşu İranın da bu proseslərdə yaxından iştirak etmək istədiyini göstərir. Qısa müddətdə məcburi köçkünlərimiz öz dədə-baba torpaqlarına qayıdacaq. Orada iş yerləri açılacaq, universitetlər fəaliyyət göstərəcək, mədəniyyət ocaqları ucaldılacaq. Qarabağın hər guşəsi turist məkanına çevriləcək. Bu işdə dövlətin görəcəyi dəqiq bir plan var və bu plan əsasında tədricən həmin torpaqlarda yaşayış bərpa ediləcək".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...