Heydər Əliyev Fondunun xeyriyyəçilik əməlləri nəcib əməllərin təzahürüdür

Prezident İlham Əliyev: "Ən böyük xeyriyyəçi nəinki Azərbaycanda, Cənubi Qafqazda Heydər Əliyev Fondudur"

Xeyriyyəçilik, xeyirxahlıq, mərhəmət, şəfqət Azərbaycan xalqının mənəvi simasını səciyyələndirən humanist keyfiyyətlərdəndir. Azərbaycan xalqı həmişə özünün xeyirxah, xeyriyyəçi insanları ilə fəxr edib. Tariximizə nəzər salsaq belə insanların olduğunu görərik. Hacı Zeynalabdin Tağıyev, Əjdərbəy Aşurbəyov və başqaları xeyriyyəçi kimi tanınıb və əməlləri qoyduğu izlərdə yaşayır. Əldə etdikləri gəlirlərin bir qismini millətə, xalqa xərcləmək böyük əməl sahibi olmaq deməkdir. Azərbaycan adlı bir məmləkətin inkişafı və tərəqqisinə o kəslər töhfə verir ki, damarından axan qanı millətə, vətənə sevgi hissi ilə yoğrulub. Savadsızlığa qarşı mübarizə aparmaq, insanları maarifəndirmək, kimsəsizə və ehtiyacı olana əl tutmaq və s. mənəvi dəyərlər böyük insanlıq deməkdir. İnsanlara yaxşılıq etməyə çalışan, başqasının dərdinə şərik olan, onun halına yanan, ehtiyacı olanlara kömək əli uzadan xeyriyyəçi insanlarımız hər zaman olub. Azərbaycan xalqı öz ənənələri ilə haqlı olaraq hər zaman fəxr edib. Bu gün bu ənələri yaşadan və davam etdirən təşkilatlar, insanlar var. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva müasir dünyamızda xeyirxah əməlləri ilə xalqın ümid və pənah yerinə çevrilmişdir. Mehriban xanım Əliyeva müsahibələrinin birində "xeyriyyəçilik" termininin insanların şüurunda adətən şəfqət, başqasının halına yanma, ehtiyacı olanlara könüllü və təmənnasız kömək etmək kimi keyfiyyətlər və hərəkətlər barədə assosiasiya yaratdığını bildirib: "Xeyriyyəçilik işlərinin dairəsi konkret, özü də bir qayda olaraq, əhalinin sosial baxımdan zəif təbəqələrini təmsil edən insanlara – əlillərə, yetimlərə, qocalara və başqalarına bu və ya digər şəkildə kömək göstərilməsi ilə məhdudlaşır. Bu mənada xeyriyyəçilik anlayışının kökləri qədim dövrlərə, təmənnasız könüllü fəaliyyətin, əsasən, zəiflərə və ehtiyacı olanlara kömək göstərilməsi ilə məhdudlaşdığı vaxtlara gedib çıxır. Bununla bərabər, müasir anlamda xeyriyyəçilik daha geniş məna daşıyır, cəmiyyətin rifahı naminə hər cür təmənnasız könüllü fəaliyyəti əhatə edir".

Mehriban xanım Əliyeva onu da bildirib ki, bu fəaliyyət həm konkret fərdlərə və zəif müdafiə olunan qruplara, həm də ictimai həyatın müxtəlif sahələrinin - təhsilin, elmin, mədəniyyətin, incəsənətin inkişafının dəstəklənməsinə yönəldilə bilər.
Əlbəttə ki, Heydər Əliyev Fondunun yarandığı zamandan bu günə qədər həyata keçirdiyi layihələr, xeyriyyəçilik əməlləri məzh nəcib əməllərin təzahürüdür.
Xeyriyyəçilik və humanizm kimi dəyərlərdən yoğrulmuş fəaliyyət insanlığa, bəşəriyyətə xidmət etmək kimi ali bir dəyərə söykənir. İllərdik ki, yorulmaq bilmədən çalışan və böyük əhəmiyyət kəsb edən, müasir dünyamızın çağırışlarına cavab verən layihələri ilə milyonlarla insanın sevgisini qazanan Azərbaycanın Birinci Xanımı gördüyü işlərlə mənəvi rahatlıq tapır. Bu fəaliyyət özünün vurğuladığı kimi, sarsılmaz həqiqətlərə söykənir. Mehriban xanım Əliyeva "Xeyriyyəçilik fəaliyyəti müəyyən əmlakın, o cümlədən pul vəsaitlərinin verilməsi, müəyyən işlərin görülməsi, xidmətlərin təqdim edilməsi formasında həyata keçirilə bilər", - deyərək bildirir ki, həmin fəaliyyətin nədən ibarət olmasından və məhz kimin tərəfindən həyata keçirilməsindən asılı olmayaraq, əgər əvəzsiz və könüllü şəkildə yaxşılıq edilirsə, nemətlər yaradılırsa, bu fəaliyyətin xeyriyyəçilik hesab edilməsi tamamilə düzgündür: "Başqa sözlə desək, xeyriyyəçilik - insanların hər hansı direktivlər və göstərişlər əsasında deyil, öz qəlbinin və vicdanının səsi ilə öz vəsaitlərini, qüvvələrini, vaxtını və enerjisini sərf edərək gördüyü xeyirxah işlərdir". Bu, həqiqətən də belədir. Hər bir işə, gördüyü xeyirxah əmələ görə insan ürəyini, qəlbini qoymalıdır. Bu işdə onun ruhu olmalıdır. Görüntü yaratmaq üçün deyil, qəlbin hökmünü ifadə etmək üçün nəcib əməllərə imza atmalısan.
Azərbaycan Prezident İlham Əliyev çıxışların birində qeyd etdiyi kimi, ən böyük xeyriyyəçi nəinki Azərbaycanda, Cənubi Qafqazda Heydər Əliyev Fondudur: "Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində Fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir".

"XEYRİYYƏÇİLİK FƏALİYYƏTİNDƏ İŞTİRAK MƏSƏLƏSİ İNSANIN RÜTBƏSİNDƏN, DƏRƏCƏSİNDƏN, VƏZİFƏSİNDƏN, MADDİ VƏZİYYƏTİNDƏN ASILI OLMAMALIDIR"

Azərbaycanda uşaqların sağlam və gümrah böyümələri, onların Vətənə layiqli övlad kimi yetişməsi, mükəmməl təhsil almaları dövlətin daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir. Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva uşaqların xoşbəxt gələcəyi üçün bütün imkanlardan istifadə edir, bu sahəni daim diqqət mərkəzində saxlayır. Bu sahədə görülən işləri isə sadalamaqla qurtaran deyil. Valideyn himayəsindən məhrum olunmuş uşaqların rifah halının yaxşılaşdırılması, hüquqlarının qorunması, cəmiyyətdə hərtərəfli inkişafı, onlara yüksək səviyyədə səhiyyə xidmətlərinin göstərilməsi Heydər Əliyev Fondunun diqqətdə saxladığı ən vacib məsələlərdəndir. Mehriban Əliyevanın sözlərinə görə. "Xeyriyyəçilik fəaliyyətində iştirak məsələsi insanın rütbəsindən, dərəcəsindən, vəzifəsindən, maddi vəziyyətindən asılı olmamalıdır. İnsan öz xeyirxah niyyətlərini, istəklərini, imkanlarını və qabiliyyətlərini tətbiq etmək sahəsini həmişə tapa bilər".
Fondun prezidentinin təşəbbüsü ilə hazırlanmış "Uşaq evləri və internat məktəblərinin inkişafı Proqramı" çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldıqları onlarla internat məktəbi və uşaq evləri əsaslı təmir edilmiş, ən müasir avadanlıqlarla təchiz olunmuşdur. "Təhsilə dəstək", "Yeniləşən məktəb" layihələri çərçivəsində yüzlərlə məktəb tikilib, təmir və bərpa olunubdur.
"Mənə belə gəlir ki, xeyriyyəçilik fəlsəfəsinin əsası, ilk növbədə, insanların yaxşılıq etməyə çalışması, başqasının dərdinə şərik olmaq, onun halına yanmaq, altruizm, ehtiyacı olanlara kömək əli uzatmaq istəyi kimi insani keyfiyyətlərin və qabiliyyətlərin fundamental xarakterinin qəbul edilməsidir, - deyir Mehriban Əliyeva. Onu da qeyd edir ki, mənəviyyatın ali qanunlarına görə, xeyriyyəçilik fəaliyyətinin əsas motivi şəxsən özün üçün hər hansı dividendlər və ya səmərə gözləmək deyil, məhz insanlara sevgi və təmənnasız olaraq xeyirxah işlər görmək arzusundan ibarət olmalıdır: "Əlbəttə, xeyriyyəçilik fenomeninə geniş ictimai nöqteyi-nəzərdən, cəmiyyətin öz rifahı naminə xüsusi bir fəaliyyət kimi yanaşsaq, onun tarixən formalaşmış, öz yeri və fəaliyyət xüsusiyyətləri ilə fərqlənən sosial institut olduğunu görərik".
Son illər Bakıda və regionlarda dini ziyarətgahların, ibadət yerlərinin tikintisi və mövcud olanların yenidən qurulması prosesi uğurla davam etdirilir. Milli-mənəvi dəyərlərin qorunması və dini ziyarətgahların yenidən qurulması prosesinə fəal surətdə qoşulan Heydər Əliyev Fondunun ölkəmizdə həyata keçirdiyi "Tolerantlığın ünvanı – Azərbaycan" layihəsi çərçivəsində ölkədə bir neçə dini ocağın təmiri və yenidən qurulması həyata keçirilmişdir. Fondun təşəbbüsü ilə Gəncədə Comərd Qəssab və Cavad xan türbələri yüksək səviyyədə bərpa edilmişdir. Bu sırada paytaxtın Buzovna qəsəbəsində "Tolerantlığın ünvanı – Azərbaycan" layihəsi çərçivəsində əsaslı surətdə yenidən qurulan Cümə məscidi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidində əsaslı təmir və yenidənqurma işləri aparılmış, Qəbələdə isə yeni məscid inşa olunmuşdur. Qədim məscidlərimizin bərpası, yeni müasir məscid komplekslərinin inşası bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
"BU GÜN HEYDƏR ƏLİYEV FONDU QARŞISINDA YENİ VƏZİFƏLƏR DAYANIR"
Cənab Prezident Azərbaycanın multikultural dövlət kimi, müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri olduğunu bildirib: "Məhz Fondun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi. Çünki Azərbaycan xalqı yaxşı bilir ki, o vaxt erməni lobbisi və onun havadarları Azərbaycan haqqında olmazın yalanlar uydurub media məkanına atmışlar. Ancaq uzun illər ərzində Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə fəaliyyəti və Azərbaycanın müasir, mütərəqqi dövlət kimi tanıdılması bu təbliğatı alt-üst etmişdir".
"Bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır" – deyən Cənab Prezident ənənəvi fəaliyyətlə yanaşı, bu gün Fondun azad edilmiş torpaqlarda geniş fəaliyyətə başladığının diqqətə çəkib: "Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir, Zəngilan şəhər məscidi də həmçinin. Eyni zamanda, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir. Təkcə sadaladığım dini abidələrimizin sayı 8-ə bərabərdir və əminəm ki, Fond digər layihələrdə də fəal iştirak edəcək".
Xatırladaq ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2020-ci il dekabrın 8-də Fondun işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bəyan etmişdi. Bununla da Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini göstərir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə regionda icrasına başlanılan layihəyə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də dəvət olunublar. Hazırda bərpa prosesinə Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən mütəxəssislər cəlb edilib. Abidələrin yenidən qurulması zamanı onların ilkin, yəni autentik simasının pozulmaması prinsipi əsas götürülür.
Görülən işlər Heydər Əliyev Fondunun prezidentinin xeyriyyəçilik, nəcib əməllərinə söykənir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə