Azadlıq hərəkatının zirvəsi - 20 YANVAR - TƏHLİL

Ötən əsrin sonlarında Azərbaycan xalqının müstəqillik, suverenlik arzusu, niyyəti və bu istiqamətdə siyasi oyanışı o dövrdə Sovet hökumətini, daha doğrusu, 70 il hökm sürən imperiyanı ciddi narahat edirdi və xalqımızın bu arzusunu böğmaq üçün ən qəddar əmələ, cinayət əməlinə, soyqırıma, qırğına əl atıldı, Bakıya qoşun göndərildi və 1990-cı il 20 yanvar tarixində paytaxtda qan su yerinə axıdıldı. Əliyalın vətəndaşlarımız Sovet tanklarının, döyüş texnikalarının və silahlı hərbçilərin qarşısını kəsdi, öz iradəsini göstərdi, xalqımızın igid, vətənpərvər övladları müstəqillik, suverenlik əzmini qırmağın mümkünsüz olduğunu canı, qanı bahasına təsdiq etdi. Bu baxımdan, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəman­lıq səhifəsi kimi daxil olmuş qanlı 20 Yanvar faciəsi, eyni zamanda xalqımızın əzmkar­lı­ğını, vətənpər­vər­lik hissinin qüdrətini göstərən və yaşadan zəfər salna­mə­sidir.

Azərbaycan paytaxtına qoşun yeritsələr də, silahsız insanların üzərinə tanklarla, hərbi texnika ilə yerisələr də vətəndaşlarımızı qorxuda, xalqımızın mübarizlik ruhunu qıra bilmədilər və gördülər ki, bu xalq vətən uğrunda canından keçməyə hazırdır. Dərk etdilər ki, bu xalq qəhrəman xalqdır, mübarizdir və haqlarını tapdalamağa kimsələrə imkan verməz, eləcə də öz müqəddəratını həll etmək, vətənini, onun müstəqilliyini qorumaq əzmindədir. Bununla bütün dünya belə əmin oldu ki, Azərbaycan xalqı zülmə, əsarətə, haqsızlığa, təhdidlərə, zorakılıqlara, hərhansı bir gücə də boyun əyən xalq deyil. Sovet imperiyasının 70 il ərzində yaratdığı xof belə vətəndaşlarımızı öz mübarizliyindən çəkindirmədi, paytaxta daxil olan tanklarının, döyüş texnikalarının qarşısından qaçan olmadı, əksinə, onların qarşısına canlı sədd çəkildi və xalqımızın vətənpərvərlik, mübarizlik ruhunun hansı həddə olduğunu bütün dünya müşahidə etdi. Xalqımızın yazdığı zəfər salnaməsini hər kəs izlədi. Bütün dünya müşahidə etdi ki, Azərbaycan xalqı mübarizə əzmi qırılmaz, qəhrəman xalqdır.

Bütün bunları müşahidə edən Qərb və onun “demokrayiyası” Bakıda qırğınlar törədilməsinə qərar verən, yəni qırğınlara rəhbərlik edən Mixail Qarbaçova beynəlxalq Sülh Nobel Mükafatı verdi. Açıq-aşkar şəkildə Qərbin özü də, oyuncaq kimi oynatdığı “demokrayiya” da Bakıda törədilən qırğınlara, bir növ əl çaldı, demokratiyanı böğmaq üçün qatillərin qırğınlarını, zorakılıqlarını alqışladı. Hələ də demokratiya oyunbazlığından əl çəkməyən, bu ifadəni alət olaraq əlində oynadan Qərbin “demokrayiyası” elə o zamandan bəlli idi. Bəlli idi ki, Qərb bu sözdən, əslində isə ali dəyər hesab ediləcək demokratiya ifadəsindən sui istifadə edir və bu dəyərlərə zərrə qədər qiymət vermir, əks halda Bakı qırğınlarına qərar verən, rəhbərlik edən Qorbaçovu ən azından demokratiya düşməni elan edərdi. Əgər biz bunun əksini müşahidə etdiksə, hələ də buna bənzər yanaşmalarını müşahidə ediriksə, bu, Qərbin, onun “demokratiyası”nın nə olduğu “aydın” olur. Çox maraqlıdır ki, Sovet imperiyasının baş cəlladı olan, əli silahsız insanların, öz hüquqlarını demokratik yolla müdafiə edən vətəndaşların qırğınına rəvac verən Qorbaçova Sülh Nobel Mükafatı verən Qərb, niyə indi Ukraynaya qarşı hələ bircə addım belə atmayan Rusiya prezidenti Putini demokratiya düşməni, ali dəyərlərin pozucusu elan edib, bütün dünyanı onunla mübarizəyə səsləyir, Rusiyaya qarşı sanksiyalar tətbiq edir? Bu həmin Qərbdir ki, öz dırnaqarası “demokrayiyası” ilə hələ də Ermənistanı dəstəkləyir, halbuki, 30 ilə yaxın müddətdə həmin o Ermənistanın beynəlxalq hüququn pozmadığı prinsipi qalmayıb. Amma Xocalı Faciəsi kimi bəşər tarixində görünməmiş soyqırımını törədən ermənilərin özlərinin qondarma soyqırımlarını müzakirəyə çıxaran ABŞ kimi digər ölkələrin də “demokrayiyası” öz başlarına dəysin, bu bizə heç lazım da deyil, bizim özümüzdə demokratiya da var, azadlıq da, digər ali dəyərlər də. Məhz bu dəyərlər ətrafında Azərbaycan xalqı hər zaman birləşib, həmrəy olub və düşmən üzərində qələbəmizi şərtləndirən amillərdən biri də elə budur. Azərbaycan vətəndaşlarında 20 yanvarda təzahür edən milli ruh, mübarizlik ruhu, suverenliyinin, hüquqlarının müdafiəsi əzmi yaşayır və yenə də qəhrəman övladlarının qanı, canı bahasına torpaqlarımızın cəmi 44 günlük savaşla işğaldan azad olunması bunu bir daha təsdiqlədi.

Bildiyimiz kimi, 1945-1946-cı illərdə Nürnberq şəhərində olan və tarixdə Nürnberq prosesi, Nürnberq məhkəməsi kimi qeyd olunan beynəlxalq tribunalın qərarı ilə Almaniyanın ali dövlət və hərbi xadimləri, mülki əhalinin qırılmasına, qəddar davranışa, ictimai və şəxsi əmlakın talanmasına görə dünya və insanlıq əleyhinə qəsd hazırlamaqda və həyata keçirməkdə ittiham olunublar. Təsadüfi də deyil ki, indiyədək dünyanın hər yerində dövlət orqanları və ictimai hərəkatlar bütün rütbə və mənsəblərdən olan nasist cinayətkarları aşkara çıxarır və ədalət məhkəməsinə verirlər, amma təəssüflər olsun ki, Nürnberq prosesində pislənmiş bütün əlamətlərin olmasına baxmayaraq, SSRİ və Azərbaycanın ozamankı rəhbərlərinin, habelə 1990-cı ilin yanvarında Azərbaycana soxulan sovet hərbi kontingentinin hərəkətləri beynəlxalq məhkəmədə ittihamla qarşılanmadı, Qarbaçov kimi bir qatil, əli çoxsaylı insan qanına bulaşan cani cəzalandırılmasdı. Bu, əlbəttə ki, yenə də Azərbaycana qarşı olan ikili standart yanaşmanın təzahürü idi və beynəlxalq məhkəmələrin imicinə də ciddi zərbədir.

Əlbəttə ki, özünü beynəlxalq məhkəmələr, ədalət məhkəmələri kimi dünyaya sırımağa çalışanlar gördülər ki, Qanlı Yanvar hadisələrinə ilk hüquqi qiyməti Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi verdi və 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul edildi. Ardınca yenə də Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul edildi. Xatırladığımız kimi, Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlama tələb edən Ümummilli Lider Heydər Əliyev bu faciənin ardınca da ilk olaraq dərhal Rusiya paytaxtında, Moskvada öz etirazını rəsmi şəkildə bildirmişdi, hansıki bunu xalqımız unutmadı, unudan da deyil. Onu da unudan deyil ki, bu vəhşiliyin törədilməsinə rəvac verən məhz həmin dövrdə dövlət idarəçiliyini ələ alan insanlar, başıpozuq hakimiyyət, bir növ, hakimiyyətsizlik idi. Xalqın mübarizəsini, tökülən qanları siyasi niyyətlər üçün alətə çevirənlər, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə meydana çıxanlar isə hakimiyyəti ələ keçirdikdən sonra bu faciəni tamamilə unutdular, öz imkanlarından istifadə etmədilər və Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıdana bu cəsarəti kimsə özündə tapmadı.

Tarix təsdiq etdi ki, 20 Yanvar hadisələri bu xalqın əzmini qıra bilmədi, əksinə, Azərbaycan xalqını müstəqillik uğrunda daha mətin vuruşmağa sövq etdi və müstəqillik idayaları ümümmilli amala çevrildi. Məhz bu baxımdan cəsarətlə deyə bilərik ki, Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdi və dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. Qanlı Yanvar hadisələri dünya azərbaycanlıların təşkilatlanmasına gətirib çıxardı və etiraf edək ki, milli faciəmizin tanıdılması naminə dünya azərbaycanlıları ilk dəfə olaraq yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar. Bu, həm də Azərbaycançılıq ideyasının daha da vüsət almasına ciddi bir təkan verdi və bəhrəsini də görməkdəyik. Bu gün dünya azərbaycanlılarının həmrəyliyi, birliyi özünü hər istiqamətdə göstərir. Həmrəyliyimiz bizi qələbədən-qələbəyə aparır və nəticə etibarı ilə ölkəmizin çiçəklənməsinə əsaslı zəmin yaradır. Reallıq odur ki, 20 Yanvar faciəsini yaşayan Azərbaycan artıq qalib ölkədir və bununla qürur duymağa hər bir Azərbaycan vətəndaşının haqqı var.

Heç şübhəsiz ki, Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə sayıla bilməz və bu tarix milli kimliyini, ləyaqətini, müstəqilliyini, suverenliyini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Azərbaycanı müstəqilliyə aparan yolda yeni mərhələnin başlanğıc nöqtəsi olan 20 Yanvar faciəsi eyni zamanda bu baxımdan da yaddaşlardan silinən deyil və vətən övladlarının, vətənpərvər insanların qanı ilə yazılan tarixin bu səhifəsi heç zaman unudulmayacaq. Çünki, 20 Yanvar faciəsi, ümumxalq faciəsi olmaqla bərabər, müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi olaraq tariximzə yazılıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə