Həm oğru, həm doğru? - ANALİZ

Qarabağa qanunsuz səfər etmiş Valeri Pekres Fransa hakimiyyətini Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatlarından sonra susqunluqda ittiham edib

Fransa prezidentliyə namizəd Valeri Pekres Azərbaycan Prezidenti İlham Əliyevin onun Qarabağa qalmaqallı səfəri ilə bağlı verdiyi bəyanata münasibət bildirib. Əgər buna münasibət demək mümkünsə. Məsələ burasındadır ki, V.Pekress "həm oğru, həm doğru" prinsipinə sadiq qalaraq etdiklərinə, beynəlxalq səviyyədə qanunsuzluğa, hətta törətdiyi cinayətə qanuni don geydirməyə çalışıb. Üstəlik də, Fransa hakimiyyətini onu müdafiə etmədiyinə, susqunluq nümayiş etdirdiyinə ğörə qınayıb.

Fransanın sağ mərkəzçi Respublikaçılar Partiyasından prezidentliyə namizədi Valeri Pekres “Europe 1” telekanalına müsahibəsində deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev onun dekabrın sonunda Qarabağa səfəri ilə bağlı verdiyi bəyanatlardan sonra Fransa hakimiyyəti fəaliyyətsiz olub: "Halbuki mən Fransa prezidentliyinə namizədəm. Mən Ermənistana getdim, çünki Şərq xristianları məsələsi mənim öhdəliyimin əsasını təşkil edir, çünki Ermənistanın müdafiəsi çox vacibdir".

Bu qadının, Fransanın prezidenti olacaq xanımın fikirləri əslində başında müstəmləkəçilik ruhunu gəzdirən kolonialistin düşüncələrindən heç nə ilə fərqlənmir. Belə görünür ki, Fransa Ermənistanı özünün koloniyası hesab edir. Belə olmasaydı bu qadın "Mən Ermənistana getdim, çünki Şərq xristianları məsələsi mənim öhdəliyimin əsasını təşkil edir" deməzdi. Pekresin dediyindən belə çıxır ki, gələcəyin Fransa prezidenti vkimi o seçki marafonuna "imperiyanın periferiyaları"ndan başlayıb. Tamam, hardan istəyirsən başla, Ermənistandan, istəsən lap Kaliforniyadan başla, amma Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı... heç ağlına gətirmə...

Pekresin "haxçi" paltarında oğrunca Qarabağa getməsini bir kənara qoysaq, onun seçki marafonuna Ermənistandan başlamasının bir anlamı var, o da müstəmləkəçilik iddiasıdır. Yeri gəlmişkən müstəmləkəçilik nədir və Fransa Ermənistanı necə öz kaloniyaları siyahısına sala bilər. Axı Ermənistanın kəbinli "adaxlısı" - Rusiya var. Paris bu eşqə-iddiaya necə düşə bilər? Belə görünür ki, bu müstəmləkəçilik Fransanın "dədə-baba" qaydalarına uyğun qanuniləşdirilib. Necə? Siyasi suverenliyi saxlamış ölkələr də müstəmləkə predmeti ola bilərlər, məsələn Ermənistan kimi. Bu ölkənin timsalında qeyri-bərabər anlaşmalar, borc öhdəlikləri səbəbindən ermənilər fransızlara kölə olurlar. Ermənistan erməniləri daxili siyasətlərində mühüm azadlıqlarını əldə saxlaya biliblər, xarici siyasətdə isə müstəmləkəçi ölkələrin razılıqları ilə addım atırlar. Afrika və Asiya regionunda da ermənilər kimi Fransanın köləsi olan xalqlar var.

Pekres açıqlaması ilə Fransanın xarici siyasətini bütünlüklə ifşa edib. Onun "üzürü günahından böyük" açıqlamasında “Mən respublika prezidentliyinə namizədəm. Məndən əvvəl bir çox namizədlərin etdiyi kimi, mən də Ermənistanla Azərbaycan arasında mübahisə obyekti olan Qarabağ bölgəsinə səfər edərək orada baş verənləri yerində gördüm. Azərbaycan Prezidenti sarsıdıcı bəyanatla çıxış etdi. Dedi ki, əgər xanım Pekresin orada olduğunu bilsəydim, onu geri qayıtmağa qoymazdıq. Prezidentliyə namizədi müdafiə etməyən Fransa hökumətinin ölümcül susqunluğu başa düşülən deyil", - deyə vurğulayıb.

Əgər bu qadın namizəd də Qarabağa qanunsuz səfər edənlərin "ermənilər məni aldatdılar" bəhanələrini təkrarlayıb Azərbaycan dövlətindən onu əfv etməsini xahiş etsəydi, Pekresin aldadıldığını başa düşərdik. Amma bu xanımın israrla "mən bunu etmişəm və Fransa dövləti məni dəstəkləməlidir" iddiası isə heç anlaşılan deyil. Ölkə prezidentliyinə namizədlər öz ölkələrinin seçicilərinin səsini qazanmağa can atırlar. Fransa ermənilərinin səsini qazanmaq üçün Qarabağa səfər etmək isə, sağ əllə sol qulağı qaşımağa bənzəyir. Madam Pekres, qaşımağa çox yer var, xüsusən də Fransada. Gedin oralarda qaşının...

Xatırladaq ki, Fransa prezidentliyinə namizəd Valeri Pekres 21-23 dekabr 2021-ci il tarixlərində Ermənistana, oradan isə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağa səfər edib. Səfər zamanı onu Fransanın keçmiş xarici işlər naziri, keçmiş Avropa komissarı Mişel Barnier, həmçinin Fransa Senatının Respublikaçılar fraksiyasının rəhbəri Bruno Retayo müşayiət edib.

Azərbaycan Prezidenti İlham Əliyev Pekresin Qarabağa səfərini təxribat adlandırıb və bildirib ki, səfərin məqsədi qarşıdan gələn prezident seçkilərində Ermənistanın səsini toplamaqdır.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...