“Böhtanlar bitməyib və həngamə hələ qabaqdadır” - AÇIQLAMA

“ABŞ prezidenti ötən ilin son günlərində Konqresin qəbul etdiyi “Milli müdafiə haqqında” qanunu imzalayıb. Prezident Bayden və konqresmenlər bizi bayram münasibətilə “şərəfləndirmək” qərarına gəliblər və qanunun bir maddəsini Azərbaycana həsr ediblər. Və həmin maddənin elə “A” bəndində yazıblar ki, “27 sentyabr 2020-ci ildə Azərbaycan və Türkiyə xarici silahlıların dəstəyi ilə Dağlıq Qarabağa hərbi hücum təşkil edib və nəticədə minlərlə insan öldürülüb, 10 minlərlə etnik erməni köçürməyə məruz qalıb”. Guya, müharibəni Azərbaycan və Türkiyə başlayıb və məqsəd də erməni-rus birləşmələrinin işğal etdiyi torpaqları azad etmək yox, “fağır” qarabağ ermənilərini qırmaq və etnik təmizləməyə məruz qoymaq olub”. Bunu SİA-ya açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, ABŞ qanununda Azərbaycan nələrdə ittiham olunmur? İddia olunur ki, biz erməni əsirlərinə qeyri-insani münasibət göstərmişik, qadın əsirləri cinsi istismara məruz qoymuşuq, onların bəzilərinin başını kəsmişik, meyitlərini təhqir etmişik, insanlıq əleyhinə hər cür cinayətlər törətmişik, üstəlik, 200-ə yaxın əsiri də vermək istəmirik: “Baxmayaraq ki, amerikalıların fikrincə, ermənilər imzaladıqları Bəyanata əməl ediblər və bütün əsirləri qaytarıblar. Eyni zamanda, ABŞ prezidentinin imzaladığı qanunda tələb olunur ki, müdafiə naziri dövlət katibi ilə birlikdə 6 ay müddətində Azərbaycanın Qarabağ ermənilərinə qarşı ağ fosfordan, kasetli bombalardan və digər qadağan olunmuş hərbi sursatlardan istifadə etməsi, xarici terrorçuları hərbi əməliyyatlara cəlb etməsi haqqında hesabat hazırlasın. Yəni, böhtanlar bitməyib və həngamə hələ qabaqdadır. Təbii ki, Türkiyə də unudulmayıb. İlk növbədə tələb olunub ki, “Bayraktar” aparatlarında ABŞ detal və texnologiyalarının istifadə olunub-olunmaması, eyni zamanda, ərəb terrorçularının hərbi əməliyyat zonasına gətirilməsi də ciddi şəkildə araşdırılsın. Nə qədər axtarsam da bu ədalətsizliyə siyasi partiyalarımızın etirazını tapa bilmədim. Bəlkə pis axtarmışam? Bəlkə siz rast gəlmisiniz? Mümkünsə, tək sevinməyin, sevincinizi mənimlə də bölüşün. Müsavatın və AXCP-nin ABŞ-a kəskin etirazını mənə göndərənlərə əvvəlcədən xüsusi təşəkkürlər! Allah sizi sevindirsin!”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...