Heç kim Azərbaycanla diqtə dilində danışa bilməz - DEPUTAT MÖVQE BİLDİRDİ

Heç kim Azərbaycanla diqtə dilində danışa bilməz - DEPUTAT MÖVQE BİLDİRDİ

"İlk növbədə onu qeyd edim ki, ölkə başçısı cənab İlham Əliyevin Prezident seçilməsindən bu yana hər zaman ikitərəfli və çoxtərəfli əməkdaşlığa, Azərbaycanın ərazi bütövlüyü, suverenliyini tanıyan dövlətlərlə, nüfuzlu regional, beynəlxalq təşkilatlarla səmimi və konstruktiv əməkdaşlığa üstünlük verilib". Bunu SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.

Deputat qeyd edib ki, ölkəmiz hər zaman açıq, şəffaf və milli dövlətçiliyə söykənən siyasət yeridib. Azərbaycan heç bir dövlətin daxili işinə qarışmayıb. Eyni zamanda Azərbaycan bu cür münasibətin özünə qarşı da sərgilənməsini beynəlxalq və regional təşkilatlardan tələb edib. Sevindirici haldır ki, Azərbaycan beynəlxalq və regional miqyaslı təşkilatlarla əməkdaşlıq edir. BMT-dən sonra dünyanın ən nüfuzlu təşkilatlarından biri olan Qoşulmama Hərəkatının ən aktiv üzvlərindən biri də məhz Azərbaycandır. Bu gün Azərbaycan hətta bu təşkilata rəhbərlik edir. 2 il öncə bu hərəkatın zirvə toplantısına ev sahibliyini Azərbaycan edib.

Kamilə Əliyeva bu barədə fikirlərini belə izah edib: "Bu hərəkata üzv olmaqla Azərbaycan bir daha müstəqil, balanslaşdırılmış siyasət yürütdüyünü, heç bir dövlətin daxili işlərinə qarışmadığını nümayiş etdirdi. Eyni zamanda Azərbaycan hər bir dövlətlə, beynəlxalq qurumla əməkdaşlıq etməkdə maraqlıdır. Bununla əlaqədar olaraq Azərbaycanın əlaqə qurduğu təşkilatlardan biri də Avropda nüfuz sahibi olan Avropa İttifaqı olub. Azərbaycan eyni zamanda Türk Dövlətləri Təşkilatının fəal üzvüdür və bu təşkilatın da yaranmasında Azərbaycanın, şəxsən İlham Əliyevin böyük rolu olub. Ümumiyyətlə, regionda Azərbaycanın iştirakı olmadan heç bir iqtisadi layihələr həyata keçə bilmir.

Bugün Azərbaycan dünyada söz və nüfuz sahibidir. Azərbaycan eyni zamanda Avropanın da enerji təhlükəsizliyini qoruyur. Heç kim artıq Azərbaycan ilə diqtə dilində danışa bilməz. Bütün bunlar hamısı cənab Prezidentin apardığı xarici siyasətin nəticəsidir".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə