"Prezidentin 60 illiyini Cıdır düzündə keçirməsi torpağa olan bağlılıqdır" - EKSPERT ŞƏRH ETDİ
“İllər ərzində cənab Prezident İlham Əliyevin ad günlərini xalqın arasında keçirməsi bir ənənə halını alıb. Dövlət başçımız 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd etmişdi, bu dəfə isə 60 illiyini Qarabağda – Şuşada keçirdi. Azərbaycan xalqı olaraq biz bilirik ki, dövlət başçımız ad günlərini qeyd etmir. O, adətən ad gününü sosial obyektlərin açılışında, məcburi köçkünlərlə, şəhid ailələri ilə onlar üçün inşa edilmiş yeni evlərin açılışlarında, yeni salınmış köçkün qəsəbələrində görüşərkən qeyd edir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Ekspertin sözlərinə görə, şübhəsiz ki, bu, cənab Prezident İlham Əliyevin yüksək insani keyfiyyətlərə malik olmasının, Prezident kimi xalqına, Ali Baş Komandan kimi şəhidinə, əsgər və zabitinə verdiyi dəyərin əyani göstəricisidir: “Tarix sübut edir ki, bu illər ərzində cənab Prezident İlham Əliyev daxili və xarici siyasətinin konturlarını məhz o istiqamətdə formalaşdırıb ki, biz bu günləri yaşaya bilək. Vaxtilə cənab Prezident bu reallıqların mesajını verirdi. İndiki reallıq isə ondan xəbər verir ki, Azərbaycan nəinki ərazi bütövlüyü təmin etdi, regionda yeni bir səhifə açdı, əldə etdiyimiz Zəfər regionun yeni geosiyasi mənzərəsini formalaşdırdı, siyasi və iqtisadi gündəliyini müəyyən edir. Azərbaycanda və bütün dünyada yaşayan azərbaycanlılar illər ərzində cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətə inandı, dövlət başçımız da bu inamı hər zaman doğrultdu. İndi Azərbaycan sürətlə güclənir. Azərbaycan xalqı dövlət başçımızın verdiyi hər sözə sadiq olmasını gözəl bilir. Bu gün Qarabağ da, Şərqi Zəngəzur da Azərbaycandır! Prezident İlham Əliyevin “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!”, sözlərinin olduqca mühüm əhəmiyyəti var. Vaxt gələcək növbəti Zəfərlərimizi, xoş günlərimizi bütün digər tarixi torpaqlarımızda qeyd edəcəyik”.
Ş.Həsənova vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin siyasətini layiqincə icra edən, Azərbaycana Zəfər bəxş edən Prezident İlham Əliyevə xalqımız bu gün də inanır, yürütdüyü siyasəti dəstəkləyir, onun ətrafında yumruq kimi sıx birləşib: “44 gün xalqımızın vahid, müqəddəs amal uğrunda birləşməsini, Vətən, torpaq sevgisini bütün dünya gördü. Dövlət başçımızın verdiyi mesajlar xarici auditoriya üçün də mühüm əhəmiyyət kəsb edir. Birincisi, Azərbaycan yürütdüyü düzgün siyasətlə regionu münaqişə məfhumundan azad etdi. Firəvan, düşmənçilikdən uzaq bir gələcək qurmaq üçün əsaslı zəmin formalaşdırmışıq. İkincisi isə Azərbaycan tutduğu yolda inamla, qətiyyətlə irəliləyir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında əsas amalımız tarixi torpaqlarımızı bərpa etmək və qısa müddət ərzində oraya geri dönməkdir. Biz bu yolda da yumruq kimi birləşmişik. Heç bir qüvvə bizi yolumuzdan döndərə bilməz”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB