Kazino müzakirələri: Azərbaycana xas olan məsələdirmi? REPLİKA+AKTUAL

Qumarxanaların fəaliyyəti nə milli inkişafımıza, nə milli dəyərlərimizə, nə də milli kimliyimizə qətiyyən səmərəli töhfələrini verə bilməz

Milli Məclisdə “Turizm haqqında” Qanunun müzakirəsindən sonra, ölkəyə turist cəlb etmək üçün müxtəlif deputatların fikirləri ictimai rəydə aktual diskussiyalara səbəb olmaqdadır. Xüsusilə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Pariyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyevin azad edilmiş torpaqlarımızda və s. yerlərdə kazinoların, yəni qumarxanaların açılması ilə bağlı irəli sürdüyü təklifi birmənalı qarşılanmadı, istər parlamentdə, istərsə də ictimai müzakirələrdə bu fikirə qarşı çıxanlar çoxluq təşkil etdi.

Bu arada onu da xatırlatmaq yerinə düşərdi ki, Azərbaycanda, istər Qarabağda, istər Zəngəzurda, istərsə də digər bölgələrimizdə kazinoların yenidən açılması təklifləri və bu kimi “ideyaların” gündəmə gətirilməsi təqdirəlayiq hesab edilə bilməz. Halbuki, bir vaxtlar Azərbaycanda da açıq və qapalı kazinolar fəaliyyət göstərirdi...

Kimsə istəməz ki, yetkinlik yaşına çatmış övladı, yaxını ailəsi üçün qazandığı vəsaitlərini qumarda uduzsun

Lakin Ulu Öndər Heydər Əliyevin Prezidentliyi dövründə həmin kazinoların fəaliyyətinə birmənalı olaraq qadağa qoyuldu. Beləliklə, bu kimi məsələlərin yenidən gündəmə gətirilməsinə birdəfəlik son verildi, yəni məqsədəuyğun hesab olunmadı. Söz yox ki, bunun da bir sıra milli, mənəvi və ictimai maraqlara zidd olan səbəbləri də var idi:

Birincisi, Azərbaycan əhalisinin mütləq əksəriyyəti kazino faktorunu qəbul etmir və kimsə istəməz ki, yetkinlik yaşına çatmış övladı, yaxını ailəsi üçün qazandığı vəsaitlərini qumarda uduzsun.

İkincisi, kazionlarda vəsaitlərini uduzan onları geri qazanması üçün bütün cinayətlərə gedə bilər və belə məsələlərin görünməyən tərəfləri də var.

Üçüncüsü isə, bu kimi hallar bizim mentalitetimizə, milli kimliyimiz, ümumiyyətlə, uyğun deyil!

Azərbaycanda kazinoların fəaliyyətinə 90-cı illərin sonundan qadağa qoyulub

Digər tərəfdən, zaman-zaman kazinoların bərpasını təklif edən şəxslər tez-tez qonşu Gürcüstandan nümunə çəkirlər. Amma unudurlar ki, bir neçə il əvvəl orada da 21 yaşa qədər olan şəxslərin kazinolardan istifadəsini qadağan edən qanun qəbul edilib. Halbuki, Azərbaycanda bu qərar hələ 90-cı illərin sonunda, yuxarıda da xatırlatdığımız kimi, Heydər Əliyevin Prezident olduğu vaxt qəbul edilmişdi.

Bəli, mümkündür ki, kazinoların fəaliyyətindən dövlət xeyli vəsait qazansın, hətta bu fəaliyyət turizmə də müsbət təsirlərini göstərsin, amma qumar borcuna və daha dəhşətli nəticələrə səbəb olan kazinolu ölkələrdə digər dəyərləri də ayaqlayan arzuolunmaz halların (fahişəliyin leqallaşdırılması, bunun üçün xüsusi müəssisələrin fəaliyyəti və s.) yaşandığını dəfələrlə müşahidə etmişik və edirik də. Daha doğrusu, hər hansı səmərəli gəlir məsələsindən danışarkən, onun milli-ideoloji və mənəvi tərəfini də nəzərə almaq lazımdır.

Əgər biz – Azərbaycan xalqı milləti düzgün istiqamətdə, düzgün yolda irəliləməyə dəvət ediriksə, o zaman məsələnin milli-ideoloji tərəfini unutmamalıyıq, əks halda bu günün kazinosunda, katalizatorlarında oynanılan qumarlar sabah-birigün qarşısıalınmaz problemlərin də yaranmasına səbəb ola bilər.

Ölkəmizdə kazino-qumar oyunlarına qadağalar tətbiq olunsa da, bir sıra mərc oyunları sistemi rahat şəkildə fəaliyyət göstərir

Vaxtilə qardaş Türkiyədə də böyük kazino mərkəzləri fəaliyyət göstərirdi, amma sonradan onların fəaliyyətlərinin ideoloji sistemə nə qədər zərər vurması nəzərə alındı və fəaliyyətlərinə qadağa qoyuldu. Adi bir sual edək: Türkiyə kimi dövlət özü-öz səmərəsini, büdcəsinə axan maliyyə vəsaitlərini baltalaya bilərmi? Əlbəttə ki, əsla. Demək ki, kazinoların fəaliyyətinin qadağa olunmasının kökündə, təməlində milli kimliyin mühafizəsi, eyni zamanda, onun dini və mənəvi cəhətdən də yolverilməzliyi diqqətə alınıb. Eləcə də Azərbaycanda bu və ya bu kimi digər faktorlar xalqımızın milli-mənəvi maraqlarına cavab vermədiyi üçün zamanında kazinoların işləməsinə dövlət tərəfindən qadağalar tətbiq olundu.

Biz burada daha bir misal göstərə bilərik - ölkəmizdə kazino-qumar oyunlarına qadağalar tətbiq olunsa da, bir sıra mərc oyunları sistemi rahat şəkildə fəaliyyət göstərir. Ancaq fakt budur ki, adi mərc oyunlarında da arzuolunmaz hadisələr yaşanır, cinayətlər baş verir və bu, sadəcə, kiçik mərc oyunlarıdır, indi görün kazinoların fəaliyyətinə icazə verilərsə hansı hadisələr yaşana bilər (?!).

Hətta Qərb ölkələrində kazinoların fəaliyyətinə son qoyulması üçün tələblər səsləndirilir

O da sirr deyil ki, yalnız müsəlman ölkələrində deyil, eləcə də bir sıra Qərb ölkələrində kazinoların fəaliyyətinə qarşı etirazlar səslənir, bu kimi qumarxana müəssisələrinin bağlanması tələbləri irəli sürülür. Bu tələblərin əsasında da dayanan əsas məsələ gələcək nəsillərin qumara aludəçiliklərinin qarşısını almaq məqsədi daşımaqdadır. Çünki onlar da dərk edirlər ki, qumarın əsla yaxşı nəticələri olmur və insanları bataqlığa doğru sürükləyir.

Azərbaycanın inkişafı və tərəqqisi üçün daha münbit ideyalar mövcuddur

Beləliklə, daha yaxşı olardı ki, kazinoların fəaliyyətinə bundan sonra da icazə verilməsin və zamanında Heydər Əliyev tərəfindən qoyulan qadağa öz qüvvəsində qalsın, çünki Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, qeyrətli oğullarımızın döyüş meydanlarındakı şücaətləri sayəsində 44 günlük Vətən müharibəsindən Zəfərlə çıxmış Azərbaycanın inkişafı və tərəqqisi üçün qarşıda daha münbit və daha çevik planları mövcuddur və kazinoların fəaliyyətinin tələb, ya da təklif olunması, ümumiyyətlə, nə milli inkişafımıza, nə milli dəyərlərimizə, nə də milli kimliyimizə qətiyyən səmərəli töhfələrini verə bilməz.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə