bp şirkətinin Bakı Dövlət Universitetinin (BDU) tədris infrastrukturunun modernləşdirilməsi və genişləndirilməsinə yönəlmiş daha bir sosial layihəsi uğurla tamamlanıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, layihənin nəticəsi olaraq universitetdə müasir və interaktiv bir tədris məkanı olan geologiya muzeyinin açılışı olub.
Bu innovativ tədris və təlim mərkəzi Azərbaycanın zəngin geoloji irsi, təbii ehtiyatları və bu sahədəki elmi nailiyyətlərinə dair məlumatları əhatəli şəkildə təqdim etmək məqsədilə yaradılıb. Muzey geologiya və geofizika fakültələrinin müəllim heyəti və tələbələri üçün geoloji elmlər və əlaqəli sahələri öyrənmək və araşdırmaq üçün müasir vasitələrdən istifadə etmək imkanı yaradır.
Açılış məraimində BDU-nun rektoru Elçin Babayev muzey barədə ətraflı məlumat verib. Qeyd olunub ki, muzey 8 tematik guşədən ibarətdir: Azərbaycanın geologiya tarixi, Azərbaycanın bölgələrinin geoloji xüsusiyyətləri, Azərbaycanın mineral ehtiyatları, Azərbaycanın fosilləri və paleontologiyası, Qeyri-adi geoloji quruluşlar və qorunan təbiət abidələri, Heydər Əliyev və geoloji inkişaf, Azərbaycanın geoloji ehtiyatlarının iqtisadi və sosial əhəmiyyəti, Geoloji tədqiqatlar və innovasiyalar. Hər bir guşə interaktiv ekranlar və xəritələr, elmi eksponatlar, multimedia materialları, sensorlu oyunlar, müasir texnoloji lövhələr, simulyatorlar və virtual reallıq elementləri ilə təchiz olunub və ziyarətçilər üçün həm maarifləndirici, həm də əyləncəli təcrübə təqdim edir.
Bundan əlavə, muzeyin tərkibində açıq məkan şəklində nəzərdə tutulmuş tədris zonası da mövcuddur.
Təxminən 600 bakalavr tələbəsi (əsasən geologiya, geofizika və əlaqəli ixtisaslar üzrə təhsil alanlar) və eləcə də müəllim heyəti tədris, təlim və elmi-tədqiqat fəaliyyətləri üçün muzeydəki məzmundan faydalanacaqlar. Bunlarla yanaşı muzeydə akademik Musa Əliyevin kitabxanası da iştirakçılara təqdim olunub. Nəzərə çatdırılıb ki, geologiya üzrə görkəmli alim, akademik Musa Əliyevin şəxsi kitabxanasının Moskvadan Bakıya köçürülməsində ADA Universitetinin rektoru Hafiz Paşayevin xüsusi rolu olub və buna görə də çıxış üçün ilk söz Hafiz Paşayevə verilib.
ADA Universitetinin rektoru Hafiz Paşayev görkəmli akademikin elmi fəaliyyətindən, keçmiş SSRİ ərazisində, o cümlədən Azərbaycanda, Əlcəzairdə neft kəşfiyyatı sahəsində həyata keçirdiyi işlərdən danışıb. Qeyd olunub ki, BDU Azərbaycanın elm, mədəniyyət və xalqı marifləndirən bir mərkəzə çevrilib. Bu ali təhsil ocağında görkəmli şəxsiyyətl təhsil alıb və burada çalışaraq minlərlə elm xadimi yetişdiriblər. Belə bir görkəmli şəxsiyyətlərdən biri də akademik Musa Əliyevdir. Akademik haqqında xatirələrini danışan Hafiz Paşayev bildirib ki, Musa Əliyev ilə görkəmli yazıçı, BDU-nun professoru Mircəlal Paşayevin söhbətləri dərin məzmunlu olurdu və hər dəfə onlardan elm öyrənirdi. Biri humanitar, digəri isə texniki elm sahəsində fəaliyyət göstərmələrinə baxmayaraq həmişə dərin mahiyyətə malik söhbətlər edərdilər. Nəzərə çatdırılıb ki, Xəzər dənizində Neft Daşlarının kəşfində də Musa Əliyevin böyük xidmətləri olub.
BDU-nun rektoru Elçin Babayev akademik Musa Əliyevin ədəbiyyatşünas alim, professor Mircəlal Paşayevə yazdığı əlyazma məktubunu Hafiz Paşayevə təqdim edib.
Açılış tədbirində çıxış edən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib: “Bu layihə ölkədə təhsilə və digər mühüm sosial inkişaf sahələrinə davamlı dəstəyimizin gözəl nümunəsidir. Tərəfdaşlarımızla birlikdə çox məmnunuq ki, artıq bir əsrdən çox tarixi olan və aparıcı, nüfuzlu təhsil müəssisəsi kimi geniş miqyasda tanınan Bakı Dövlət Universiteti bu cür unikal bir mərkəzə sahib olacaq. Bu mərkəz geoloji və geofiziki biliklərin zəngin məlumat bazasını innovativ şəkildə təqdim etməyə imkan verəcək. İnanırıq ki, muzeyin dizaynı, texniki təchizatı və təqdim olunan əhatəli informasiya hər bir ziyarətçiyə yer üzünün zəngin və rəngarəng sərvətlərini kəşf etmək üçün unikal bir təcrübə yaşadacaq. Ümid edirik ki, həm tələbələr, həm də digər ziyarətçilər ölkənin təbii ehtiyatlarının əsrarəngiz müxtəlifliyini və onun diqqətəlayiq geoloji irsini dərindən anlayacaq və dəyərləndirəcəklər”.
Muzey üçün alınmış bütün avadanlıq, texniki və proqram təminatı da daxil olmaqla layihənin ümumi dəyəri 395 min 810 manatdır. Layihə yerli şirkət olan ADZONE-S MMC tərəfindən icra edilib.
Rektor Elçin Babayev universitetin xatirə hədiyyəsini Qəri Conza təqdim edib.
Sonra akademik Akif Əlizadə, akademik Vasif Ağazadə, professor Nizami Cəfərov, Milli Məclisin deputatı Rəfail Hüseynov çıxış edərək BDU-nun uğur və nailiyyətlərindən danışıblar. Qeyd olunub ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir və bu inkişaf elm və təhsil sahəsini də əhatə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə