Türk Dövlətləri Təşkilatı ilk dəfə müşahidəçi ölkədə toplanacaq

Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Qeyri-rəsmi Zirvəsi bu il mayın 20 və 21-də Budapeştdə keçiriləcək. Bu barədə SİA-ya Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyindən bildirilib.

Verilən məlumata görə, Macarıstanın Baş naziri Viktor Orbanın ev sahibliyi ilə təşkil olunacaq Zirvədə TDT-yə üzv dövlətlərin başçıları ilə yanaşı müşahidəçi ölkələrin nümayəndələri və təşkilatın Baş katibi iştirak edəcəklər.

Zirvə, TDT tarixində ilk dəfə bir müşahidəçi ölkənin ev sahibliyi ilə keçiriləcək və bu, Macarıstanın Türk dövlətləri ilə hərtərəfli əməkdaşlığı dərinləşdirmək istiqamətində artan rolunu vurğulayır.

“Şərq və Qərbin Görüş Nöqtəsi” mövzusu ilə keçiriləcək Qeyri-rəsmi Zirvədə prioritet sahələrdə əməkdaşlığı inkişaf etdirmək, regional və qlobal miqyasda ortaq məsələləri müzakirə etmək kimi mühüm məsələlər müzakirə olunacaq.

Zirvənin sonunda TDT-nin ortaq baxışını və strateji istiqamətini təsdiqləyən “Budapeşt Bəyannaməsi”nin qəbulu, eləcə də müxtəlif mühüm qərar və təşəbbüslərin ictimaiyyətə açıqlanması nəzərdə tutulur.

Qeyri-rəsmi Zirvə ərəfəsində, TDT Xarici İşlər Nazirləri Şurası Budapeştdə toplanaraq Zirvənin gündəliyini və Dövlət Başçılarının təsdiqinə təqdim olunacaq sənədləri yekunlaşdıracaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə