Bugünkü reallıqlara əsaslanaraq demək olar ki, müxalifətin qara günə qalması, cəmiyyət tərəfindən qəbul edilməməsi Əli Kərimli, Cəmil Həsənli və digərlərinin səhv, yanlış siyasət aparmaları ilə bağlıdır. Xüsusilə də, 44 günlük Vətən müharibəsində sözügedən zümrənin qismən də olsa, abır-həya edək, açıq şəkildə erməni qardaşlarına dəstək nümayiş etdirməsələr də, siyasi partiyaların, QHT-lərin, KİV təmsilçilərinin erməni terroru, erməni vəhşilikləri barədə beynəlxalq təşkilatlara, ayrı-ayrı ölkələrin parlamentlərinə ünvanlanan birgə müraciətlərə qoşulmadılar. Bu da onların milli maraqlara olan qərəzli mövqelərinin dəyişmədiyini göstərir. Sadəcə, xalqın qəzəb və nifrətindən qorxaraq ənənəvi düşmənçilik siyasətlərini ortaya qoymadılar. Ancaq erməni vəhşiləri üzərində parlaq qələbədən sonra AXCP, Müsavat, “Milli Şura” yetkililəri öz tarixi meydan düşüncə və fəaliyyətlərini dilə gəlirməyə başladılar. Və yenə də, Ə.Kərimli ABŞ-da tok-şou nümayiş etdirən S.Osmanqızı ilə ağız-ağıza verərək Azərbaycan dövləti haqqında erməni maraqlarına xidmət edən açıqlamalar yaydılar. C.Həsənli gah İngiltərədə, gah da Vaşinqtonda olarkən müxtəlif xarici radiostansiyalara dövlətimizlə bağlı şər və böhtanlarını dilə gətirdi. “Milli Şura” deyilən qondarma qurumun üzvü Tofiq Yaqublu icazəsiz aksiya keçirməklə öz haqqında “qəhraman” obrazı formalaşdırmağa cəhd etdi. Təbii ki, bütün bunlar ayının min oyununun, bir armudun üstündə olduğu kimi, dağıdıcı müxalif funksionerlərinin də hay-küyləri və müxtəlif siyasi şouları xarici işbaz siyasi dairələrin diqqətini özlərinə cəlb etmək və onlardan maliyyə yardımları qopartmaqdır.
Dağıdıcı fəaliyyət yolu seçən partiyalar növbəti dəfə parçalanacaq
Hazırkı məqamda əminliklə demək olar ki, müxalifət son dərəcə siyasi oyunlar oynamalarına baxmayaraq nə cəmiyyətdən cüzi də olsa özlərinə dəstək, nə də xarici ağalarından arzu etdikləri maliyyə qazancını əldə edə bilmirlər. Əksinə, bu gün müxalif düşərgə ən acınacaqlı günlərini yaşamaqdadır. Növbəti parçalanmalar, qopmalar da qaçılmazdır. Bununla belə, müxalifətdə belə parçalanmaların baş verməsinin hazırkı şəraitdə qarşısını almaq da mümkün deyil. Çünki uzun illərdən bəri yığılıb qalmış intriqalar, dedi-qodular birgə addımlamağa, konkret məqsədlər uğrunda mübarizə aparmağa imkan vermir. Bu baxımdan demək olar ki, yaxın günlərdə AXCP, Müsavat və “Milli Şura” kimi dağıdıcı fəaliyyət yolu seçən qurumlar növbəti dəfə parçalanacaq və ya hansısa partiyaya birləşəcəklər. Hər kəsi təəccübləndirən məqam ondan ibarətdir ki, cəmiyyətdə müxalifətə bəslənən dərin nifrətə baxmayaraq, liderciklər öz amplualarından əl çəkmirlər. Yenə də sərsəm, anormal fikirlərini yaymaqda davam edirlər. Hər dəfə də, müxalif ünsürlərin yaydıqları şər və böhtan xarakterli məlumatlara dərhal xaricdəki qüvvələr reaksiya verir və hay-küylü bəyanatlar, hesabatlar yayırlar. Buna misal kimi, "Freedum Hous", “Soros” və bu kimi digər qərəzli məkrli təşkilatları göstərmək olar. Bu üzdəniraq təşkilatlar məqsədli şəkildə konkret dövləti hədəfə alır, ənənəvi qərəzli tezislərdən istifadə etməklə, filan ölkədə insan hüquqları sahəsində və demokratik proseslərdə problemlərin olduğunu iddia edirlər. Bu istiqamətdə hesabatlar yayır, hay-küy qaldırırlar.
Müxalifətin fəaliyyəti kənar qüvvələrin sifarişləri əsasında qurulub
Bu, təkzibedilməz fakdır ki, Corc Sorosun təsisçisi və rəhbəri olduğu “Soros” fondunun fəaliyyəti maliyyə imkanları hesabına bəzi zəif ölkələrə qarşıdurmalar, iğtişaşlar ixrac etməkdir. Azərbaycan cəmiyyəti bu təşkilatın erməni lobbisinin əlində Azərbaycana qarşı bir istifadə olunan alət olduğunu da çox yaxşı bilir. Ona görə də, Azərbaycanın ictimai rəyində bu təşkilatın yaydığı hesabatları ciddi sənəd kimi qəbul etmirlər. AXCP, Müsavat, “Milli Şura” rəhbərliyi bunun fərqində deyillər. Ə.Kərimli və C.Həsənli kimi ünsürlər birbaşa xarici maraqlı dairələrin Azərbaycandakı əlaltıları rolunda çıxış edirlər. Hətta bəzən bunu dolayısı ilə də göstərirlər. Məqsəddə sözügedən təşkilatlar onlara maliyyə yardımları ayırır. Məhz pul xətrinə dövrədə olmaqla Azərbaycanın milli və dövlətçilik maraqlarına qarşı mübariz metodu seçirlər. Göstərişə əsasən, onlar gah mitinqlər, küçə yürüşləri keçirir, gah da hədələyici bəyanatlarla çıxışlar edirlər. Baxmayaraq ki, bu ünsürlərin təşkil etdikləri aksiyalara belə gələn olmur. Ancaq “Milli Şura”, AXCP liderləri mitinq xəstəliyindən əl çəkmir və demək olaraq ki, hər həftə sonu aksiya keçirmək arzusunda olduqlarını bəyan edirlər. Söz yox ki, mitinqlər zamanı qarşıdurma yaranarsa, dil pəhləvanları hər kəsdən öndə qaçmağa üstünlük verəcəklər. Bunu misal olaraq 2003-cü il 15-16 oktyabr iğtişaşlarına cəhd zamanı İsa Qəmbərin, 2005-ci il Qələbə meydanında polislə qarşıdurma zamanı Əli Kərimlini gözləmədən aradan çıxmalarını göstərmək olar. 1990-cı il 20 Yanvar faciəsi zamanı da insanları meydanlara səsləyən İ.Qəmbər, Ə.Kərimli, A.Hacılı sövet qoşunlarının şəhərə soxulduqlarını görüncə dabanlarına tüpürüb, qaçmağa üstünlük verdilər. Bu baxımdan da, onların heç biri cüzi belə zərər görmədilər. Halbuki, insanları qırğına məhz onlar vermişdilər. Sonradan bəlli oldu ki, 20 yanvar gecəsi İ.Qəmbər Yusif Səmədoğlunun evində istirahət edirmiş. Ə.Kərimli isə doğulduğu Saatlı rayonu Azadkənd kəndində gizlənirmiş. Bu tendensiyanı iyrənc şəkildə bu gün də davam etdirirlər. Artıq sübut olunub ki, Sorosun ayırdığı pullar hesabına doymuş məhlula çevrilən AXCP və Müsavat rəhbərliyi müəyyən sayda gənci "siyasi mühacir" adı altında xarici ölkələrə göndərib. Sonradan xaricə üz tutan gənclər səhvlərini başa düşüb, onları gedər-gəlməzə yola salan müxalifət liderlərini ifşa ediblər. Məlum olub ki, Ə.Kərimli 2500-3000 manat pul almaqla, onlara partiya vəsiqəsi verərək, həmin şəxsin guya mitinqlərdə polislər tərəfindən təzyiqlərə məruz qaldığını qeyd ediblər. Bu ifşaedici faktlardan sonra da sözügedən partiya sədrlərinin öz bəd əməllərini davam etdirmələri o fikri yaradır ki, bu adamlar əxlaqdan və mənəviyyatdan, həqiqətən də, uzaqdırlar. Məhz bu amil onları məhvə sürükləyir. Daha doğrusu görünən odur ki, AXCP və “Milli Şura” parçalanma prosesini başa vurub, tarixin zibilliyi mərhələsinə adlamaqdadır. Yəqin ki, yaxın günlərdə bu iki qurumun buraxılması və ya hansısa quruma birləşməsi barədə mətbuatda məlumatlara rast gələcəyik. Bu yerdə, yaxşı deyiblər, “sirkə nə qədər tünd olsa, qabını çatladar”. AXCP kimi partiyalar və onların funksionerləri də öz ultimativ mesajlarının, hədələyici bəyanatlarının qurbanı olmaqdadırlar.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB