“Erməni təxribatları daxili auditoriyaya ünvanlanmış uğursuz jestlərdir” - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Erməni tərəfinin münaqişə bölgəsində vəziyyəti gərginləşdirmək istəyi tərəflər arasında bu günlərdə baş tutacaq Brüssel görüşü ərəfəsində regionda eskalasiyanın artmasına görə məsuliyyəti Azərbaycanın üzərinə atmaq, AB-nın vasitəçiliyi ilə baş tutacaq danışıqlarda Rusiyanın nüfuzuna xələl gətirmək istəyindən qaynaqlanır”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə Qərb yönümlü Paşinyan iqtidarı bir tərəfdən Moskva və Soçi razılaşmalarının şərtlərini yerinə yetirməkdən boyun qaçırmaq istəyir, digər tərəfdən Qərbdəki bəlli dairələrə Rusiyanın məlum münaqişə ilə bağlı mövqeyinin Ermənistanın maraqlarına cavab verməməsi faktorunu qabartmaq istəyir: “Bölgədəki yeni geosiyasi reallıqların Rusiyadan fərqli olaraq Qərbi məmnun etməməsi şəksizdir. Qərb gözəl anlayır ki, bu yeni geosiyasi reallıqlardan Azərbaycanın 44 günlük savaşda əldə etdiyi qələbə, digər tərəfdən isə Rusiya və KTMT-nin məlum hərbi qarşıdurmaya loyal münasibəti sayəsində əldə edilmişdir. Danışıqlarda Rusiyanın moderatorçu mövqeyi, habelə bölgədə nəqliyyat-kommunikasiya xətlərinin açıla biləcəyi ilə bağlı reallıqlar da Qərbi qane etmir, çünki bu razılıqların əldə edilməsində Qərbin və bu gün xüsusilə oyundan kənar vəziyyətdə qalan ATƏT-in Minsk Qrupunun əhəmiyyətli bir rolu olmamışdır. Məhz buna görə də bölgədə nüfuz dairəsi uğrunda mübarizədə hələ ki, Rusiyaya uduzan Qərbə revanş götürmək, münaqişə tərəflər arasında perspektivdə təşəbbüsü ələ almaq uçun özünün Ermənistandakı qüvvələrini təxribata vadar edir, bölgədə gərginliyi artıracağına ümid edərək Azərbaycan-Rusiya, Türkiyə-Rusiya tərəflərini üzbəüz qoymaq, idarəolunan xaos nəzəriyyəsinin mexanizmlərini işlək vəziyyətə gətirməyə çalışır. Məğlubiyyətin Ermənistanda doğurmuş olduğu eyforiya da hər halda Paşinyan iqtidarının xeyrinə deyil, belə ki, erməni müxalifəti, bu ölkənin millətçi dairələri ölkədəki ağır sosial iqtisadi duruma, güclənməkdə olan miqrasiyaya əlbəttə Paşinyan iqtidarının məsuliyyət daşıdığını qeyd edirlər, bu mənada təmas xəttində erməni tərəfinin təxribatları həm də ola bilsin ki, daxili auditoriyaya ünvanlanmış uğursuz jestlərdir, yəni ictimai rəyi erməni iqtidarının lazım bildiyi hədəflərə yönəltmək. Bu da hakimiyyət uğrunda iqtidar və müxalifət arasındakı mübarizədə sınanılmış üsullardan biridir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə