Prezident Quba səfərində Ermənistana yönəlik vacib mesajlar verdi - POLİTOLOQ ŞƏRH ETDİ

“Prezident İlham Əliyevin Quba səfərində əsasən Qonaqkənddə mədəniyyət evinin açılışı oldu və bir sıra müəssələrin tikintisinə start verildi. Prezident həm də Ermənistana yönəlik bir sıra mesajlar verdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

“Bu mesajlar hər şeydən əvvəl Zəngəzur dəhlizinin açılmasına aid idi. Ötən ayın 8-də Soçidə Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən görüşdə Ermənistan tərəfi Laçın dəhlizinə alternativ ola biləcək Zəngəzur dəhlizinin açılmasına razılıq verdi. Bu Azərbaycanın iki məntəqəsini, Azərbaycanla Naxçıvanı birləşdirmək üçün bir yol məsələsi idi, həm də Ermənistanın özünü blokadadan çıxarmaq üçün ən yaxşı vasitə idi. Onlar bu məsələyə əvvəl razılıq versələr də indi onu inkar etməyə başlayıblar və müxtəlif şərtlər irəli sürürlər. Belə bir şəraitdə Azərbaycan Prezidentinin əhali ilə görüşündə nitq söyləyərkən həmçinin erməni rəhbərliyinə də müəyyən mesajlarını göndərdi. Bildirdi ki, bizə vaxt deyin ki, “nə vaxta qədər dəhlizin açılmasına icazə verəcəksiniz ki, biz öz işimizi bilək. Əgər siz bu işdə əngəllər törətmək istəyirsinizsə, biz onda həmin dəhlizin açılması üçün əlimizdə olan başqa imkanları seçəcəyik”. Bu mesaj özündə müəyyən təzyiq elementlərini birləşdirsə də amma hər halda Ermənistan cəmiyyətinə ünvanlanmış mesaj idi. Bu mesaj mənim zənnimcə gələcək danışıqlar prosesinə müsbət təsir göstərə bilər”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə