YAP Nərimanov rayon təşkilatının hesabat-seçki yığıncağı keçirilib - FOTOLAR

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının “Ziya Bünyadov prospekti 111”(Bakı Nəqliyyat Agentliyi) ünvanlı ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. SİA-nın verdiyi məlumata görə, iclasda Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, təşkilatın əməkdaşları, Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədr müavini Elçin Mustafayev və təşkilatın YAP üzvləri olan əməkdaşları iştirak etmişdir.

Ərazi ilk partiya təşkilatının üzvü Mais Ağayev iclasın sədri seçilərək açılış nitqində gündəlikdə duran məsələlər barədə məlumat verdi. Bildirdi ki, hesabat-seçki yığıncağının gündəliyində əsasən iki məsələ - ərazi ilk partiya təşkilatının sədrinin partiyanın VII Qurultayından ötən müddət ərzində fəaliyyətinə dair hesabat məruzəsinin dinlənilməsi, sədr və sədr müavininin seçilməsi məsələləri müzakirə olunacaq.

Daha sonra E.Mustafayev ərazi partiya təşkilat sədrinin geniş hesabat məruzəsini səsləndirərək, ərazi partiya təşkilatının fəaliyyəti və görülən işlərdən bəhs etdi.

İclasın davamında YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev yığıncaq iştirakçılarına bu ilin mart ayının 5-də keçirilən partiyanın VII Qurultayından bəhs edərək yeni Nizamnamə və proqramın qəbul edilməsindən, eləcə də struktur dəyişikliklərindən ətraflı məlumat verdi. Bu islahatların partiyanı gələcək inkişafına əsaslı zəmin yaratdığını bildirdi. Çıxışının davamında rayon təşkilatı tərəfindən görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat verdi. Ərazi partiya təşkilatının daha da sistemli və keyfiyyətli fəaliyyət göstərməsi istiqamətində müvafiq tapşırıq və tövsiyyələrini verdi.

Hesabat məruzəsi ətrafında çıxışlar edən ərazi partiya təşkilatının üzvləri təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndirdilər. Hesabat məruzəsi səsə qoyularaq qəbul edildi.

Yığıncağın sonunda təşkilatı məsələlərə baxılaraq partiya üzvlərinin yekdil qərarı ilə Vüsal Kərimli yenidən ərazi partiya təşkilatının sədri, Sehmur Quliyev isə sədr müavini seçildilər. Onlar çıxışlarında göstərilən etimadı yüksək qiymətləndirdiklərini və bu etimadı hər zaman doğruldacaqlarını bildirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə