Prezidentin “Zəngəzur cədvəli” XƏBƏRDARLIQDIR ! - TƏHLİL

Ölkə başçısının, cənab Prezident İlham Əliyevin bölgələrə səfəri davamlı xarakter daşıyır və bu səfərlər zamanı verdiyi mesajlar da diqqət mərkəzindədir. Təkcə Azərbaycan xalqı deyil, bütün dünya ictimaiyyətinin diqqət mərkəzində olan bu mesajlar beynəlxalq hüquq normalarına söykənməklə, milli maraqların təmin olunmasında xüsusi əhəmiyyət daşıyır və bu məqam da diqqətdən yayınan deyil. Sirr deyil ki, ölkə rəhbərinin verdiyi mesajlar təhlükəsizliyin təminatı, stabillik, əməkdaşlıq, ümumilikdə inkişafın daha da möhkəmlənməsi istiqamətində atılan addımlardandır və Azərbaycanın, Azərbaycan vətəndaşının, dövlətçilik maraqlarımızın təminatı olaraq qiymətləndirilir.

Cənab Prezidentin dekabrın 6-da Qubanın Qonaqkənd qəsəbəsinin sakinləri ilə görüşü zamanı çıxışını Zəngəzur dəhlizi ilə bağlı Ermənistana növbəti mesajı olaraq qəbul edənlər haqlıdırlar. Məsələ burasındadır ki, bu mesaj əvvəlkilərdən daha sərt, daha kəskin bir mesaj oldu. Hətta ölkə ictimaiyyəti, bu çıxışı izləyən hər kəs belə şahidi oldu ki, bu dəfə mesaj daha yeni bir müstəvidə verildi və bir növ şərt kimi də qiymətləndirilir. Daha dəqiq ifadə etmiş olsaq, Zəngəzur dəhlizi ilə bağlı bu dəfə daha sərt şəkildə bəyan edildi və bu dəhlizin açılmasının qarşısıalınmaz olduğu bildirildi. Təbii ki, qarşı tərəf, Ermənistan tərəfi də bundan öz nəticələrini hasil etməlidir, əgər əvvəlki mesajlardan nəticə çıxarmamağın nə ilə nəticələndiyini unutmayıblarsa.

Bildiyimiz kimi, danışıqlar zamanı Azərbaycan İrəvandan tələb edir ki, dəhlizin Ermənistan ərazisindən keçən hissəsində infrastruktur layihələrinin başlamasına dair qrafik tərtib etsin və bu qrafik barədə Bakıya aydın şəkildə məlumatlar versin. Elə məhz Soçidə 26 noyabr tarixində reallaşan üçtərəfli görüşdə qrafikin dəqiqləşdirilməsi üçün Nikol Paşinyan qarşısında şərtlər qoyulduğu da bəllidir. Təbii ki, bu görüşdən sonra üçtərəfli komissiyanın Moskvada görüşü də əbəs yerə deyildi və şübhəsiz ki, bu görüş həmin cədvəllə bağlı iqtisadi aspektləri özündə birləşdirən mövqelərin öyrənilməsinə, bir çox məsələlərin də həllinə hesablanmışdı.

Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycanın Ermənistandan qrafik və cədvəl tələb etməsi sıradan bir məsələ deyil və bunun indi cənab Prezidentin çıxında da öz əksini tapması Ermənistan üçün bir xəbərdarlıqdır. Ermənistan belə xəbərdarlıqlarla dəfələrlə qarşılaşıb və nəticə çıxarmadığı təqdirdə bunun onlar üçün baha başa gəldiyinin də şahididir. Şahididir ki, Azərbaycan Prezidenti, cənab İlham Əliyev etdiyi xəbərdarlığın fonunda verdiyi vədini həyata keçirmək əzmindədir və bunun üçün yetərincə iradəsi var. Təkcə Azərbaycan cəmiyyəti deyil, dünya ictimaiyyəti də Vətən müharibəsi dönəmində bunun şahidi oldu. Şahidi oldu ki, Ermənistan edilən xəbərdarlıqdan nəticə çıxarmadığı halda dəmir yumruqla və nəticədə böyük itgilərlə, hərbçilərinin, hərbi texnikasının, vəsaitlərinin itgisi ilə qarşılaşdı. Təbii ki, bu da Azərbaycan Prezidentinin, Ali Baş Komandanın iradəsini, verdiyi vədləri reallaşdırmaq əzmində olduğunu təsdiqləyir və başda elə Ermənistan tərəfi, bu ölkənin baş naziri, onun hakimiyyəti, erməni xalqı olmaqla hamı, bütün dünya ictimaiyyəti buna əmin oldu.

Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycanın Ermənistandan qrafik və cədvəl tələb etməsi, məhz ölkə başçısının son səfəri zamanı çıxışında bunu bəyan etməsi, özü də dekabrın 15-də Brüsseldə Ermənistanın baş naziri ilə keçiriləcək görüş öncəsi bunu bəyan etməsi də diqqətdən yayınan deyil. Azərbaycanın mövqeyinin dəyişməz olduğu qənaətində olan hər kəs, İlham Əliyevin “Zəngəzur cədvəli” ilə bağlı bəyan etdiklərindən sonra bir də ona əmin oldu ki, artıq Azərbaycanın mövqeyi həm də güclənib və daha güclüdür.

Dəhlizinin açılması ilə bağlı qrafik və cədvəl tələb etməklə əslində, cənab Prezident İlham Əliyev istər Brüssel danışıqlarında, istərsə də Qərb siyasi platformalarının hərhansı birində də Paşinyana qrafik məsələsini xatırladacağını vurğulayıb. Bir növ xəbərdar edib. Bu xəbərdarlıqların da nə demək olduğunu elə Paşinyan özü hər kəsdən yaxşı bilir. Cənab Prezidentin bu səfər zamanı öz çıxışında Vətən müharibəsi zamanı etdiyi çıxışla analogiya aparması da təsadüfi deyil, xatırlatmadır. Beləki, ölkə rəhbərimiz, Vətən müharibəsi dönəmində onların torpaqlarımızdan nə vaxt çıxacaqları tarixi göstərmələri barədə məlumat vermələri haqda dediklərini xatırladıb, qeyd edib ki, bu gün də eyni sözü deyir və bildirib ki, belə olan halda, heç bir problem olmayacaq. Yəni, ölkə rəhbərimiz tərəfindən mesaj verilib ki, əks təqdirdə, belə olmayan halda onlar üçün problem olacaq. Bir sözlə, mesajda qeyd olunur ki, rəsmi Bakı ya güc yolu ilə, ya da konstruktiv dialoqla istədiyinə nail olacaq. İndi heç kim, ələlxüsus ermənilərin özü üçün sirr deyil ki, güc yolu ilə nəticə hasil edilməsindən ötrü Azərbaycan Ordusunun bəlli bir resursu kifayət edər. Sirr deyil ki, müqavimət belə göstərməkdən ötrü Ermənistanın silahlı qüvvələrində nə psixoloji hazırlıq, nə döyüş hazırlığı, nə hərbi texnika, arsenal, nə də ümumilikdə vəsait belə yoxdur, çatışmır. Azərbaycan bütün bu sadalananları cəmi 44 günlük müharibə dövründə darmadağın etdi və Ermənistanın silahlı qüvvələri də, silahları da Azərbaycan Ordusunun bir korpusunun, eləcə də həmin korpusun silahları qarşısında acizdir.

Azərbaycan Prezidenti öz çıxışında bəyan etdi ki, bu zamana qədər olduğu kimi, yenə də Azərbaycan hərhansı yolla olur-olsun öz hədəfinə çatacaq. Ölkə başçısı bəyan etdi ki, indi verilən vaxt, edilən xəbərdarlıq, qoyulan şərt Ermənistan üçün tarixi şansdır. Əgər artıq qrafik barədə bəyan edilirsə, bu, Azərbaycanın Ermənistan üzərində daha bir baryeri aşdığı anlamına gəlir və şərtlər, xəbərdarlıqlar təsdiq edir ki, Zəngəzur dəhlizinin açılmasına Ermənistan tərəfi artıq heç bir əngəl törədə bilməyəcək və bu dəhliz açılacaq. Ermənistan tərəfi artıq anlamalıdır ki, müqavimət belə göstərmək yersizdir və istər 10 noyabr tarixli bəyanatın şərtləri, istərsə də Azərbaycanın mövqeyi, üstünlüyü, haqlı və qüdrətli olması dəhlizin ən yaxın zamanda açılacağını şərtləndirir, reallığa çevirir. Cənab Prezidentin “Zəngəzur cədvəli” xəbərdarlıqdır və çox sərt mesajdır. Şübhəsiz ki, bu xəbərdarlığı qarşı tərəf, Ermənistan tərəfi, bu ölkənin elə baş naziri də başa düşur və reallıqla barışmaq məcburiyyətindədir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə