İƏT-in Azərbaycanın ərazi bütövlüyünü vacib hadisə hesab etməsi əlamətdar hadisədir - ŞƏRH EDİLDİ

"İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabad zirvə görüşü bir çox məqamlarla yadda qaldı. İlk növbədə təşkilata daxil olan 10 ölkə bundan sonra da iqtisadi əməkdaşlığı genişləndirmək və ölkələr qarşısında duran məsələləri müzakirə edərək konkret yardım göstərmək planlarını nəzərdən keçirmək barəsində qərara gəldilər". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan ilə bağlı ən vacib məqam isə 10 dövlətin Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi münasibətilə təbrik etməsi oldu: "İqtisadi Əməkdaşlıq Təşkilatı tək regionun deyil, dünyanın çox nüfuzlu beynəlxalq təşkilatlarındandır. Böyük bir təşkilatın Azərbaycanın ərazi bütövlüyünü dünyanın vacib hadisələrindən biri hesab etməsi əlamətdar bir hadisədir.

Digər bir vacib məsələ isə Azərbaycan Prezidentinin sammit çərçivəsində üzv olan ölkə rəhbərləri ilə ikitərəfli görüşlər keçirməsidir. Əlbəttə, Azərbaycanın böyük dostu olan Rəcəb Tayyib Ərdoğan ilə baş tutan hər görüş iki ölkə arasındakı dostluğu daha da möhkəmləndirməyə, əməkdaşlığın yeni formalarını tapmağa kömək edir. Türkiyə prezidenti bu dəfə də Azərbaycana dostluq, qardaşlıq münasibətini göstərdi".

Deputat sözlərinə davam edərək həmçinin qeyd edib ki, Azərbaycan Respublikasının Pezidenti cənab İlham Əliyev İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə görüşü də sammitin çox vacib hadisələrindən biri hesab edilir: "Heç kəsə sirr deyil ki, bir müddət əvvəl iki ölkə arasında müəyyən gərginlik dövrü yaşanmışdır. İki prezidentin görüşü qonşu ölkələr arasında münasibətləri dostluq səviyyəsində saxlamaq barəsində nəticəyə gəlməyə imkan verdi. Bu görüş təkcə siyasi nəticələrlə bitmədi. Azərbaycan və İran Türkmənistan qazının İran vasitəsilə Azərbaycana ötürülməsi barəsində qərarə gəldilər. Bu qərar hər üç ölkənin həm siyasi, həm iqtisadi maraqlarına cavab verir. Ən əsası isə sonradan Türkmənistan artıq hazır Azərbaycan qaz kəmərləri vasitəsilə özünün qaz ehtiyatlarını dünya bazarına çıxara bilər.

Ümumilikdə zirvə görüşü 10 ölkənin maraqlarına cavab verdi və qəbul edilən qərarlar regionda və dünyada strateji əməkdaşlığın möhkəmlənməsinə daha da kömək edəcək".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə