"Soçi görüşü çox mühüm və məhsuldan bir görüş oldu" -POLİTOLOQ ŞƏRH ETDİ

“Əslində noyabrın ilk ongünlüyündə belə bir görüşün keçirilməsi ehtimalı o qədər də böyük deyildi. Çünki, bildiyiniz kimi bir il öncə, 2020-ci noyabrın 9-dan 10-na keçən gecə Ermənistanın kapitulyasiyası kimi qəbul etdiyimiz bir bəyannamə imzalamışdı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

“Məhz həmin ərəfədə yeni bir görüşün keçiriləcəyi və növbəti dəfə Ermənistanı məğlubiyyətini, güzəştlərini özündə əks etdirən bir sənədin imzalanması o qədər də inandırıcı və ehtimal edilən deyildi. Ona görə də biz hesab edirdik ki, üçtərəfli görüşün keçirilməsinə ciddi zərurət yaranıbdır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə belə bir görüşün keçirilməsinə hazır olduğunu və belə bir görüş keçirilərsə Azərbaycanın mövqeyini növbəti dəfə ifadə etməyə hazır olduğunu bəyan etmişdi. Biz də hesab edirdik ki, bu görüş artıq keçirilməlidir. Lakin həmin görüşün keçirilməsi həqiqətən də noyabrın ortaları və ondan sonra üçün proqnozlaşdırılırdı və təxminən noyabrın sonlarında yəni 26-sı belə bir görüşün keçirilməsi tam vaxtı, zamanı idi. Noyabrın 26-da Soçidə keçirilən görüşü bəzi tədiqatçılar, xüsusilə də avropayönümlü tədqiqatçılar Brüsseldə keçiriləcək 15 dekabr üçtərəfli görüşü ərəfəsində tez, tələsik keçirilən bir görüş kimi qiymətləndirməyə çalışırlar. Mən isə hesab edirəm ki, bu yanlış bir yanaşmadır. 26 noyabr Soçi görüşü çox ciddi bir görüş idi. Tərəflərlə razılaşdırılmamış, müzakirə mövzuları dəqiqləşdirilməmiş keçirilən bir görüş deyildi. Əvvəlcədən dəqiqləşdirilmiş, razılaşdırılmış və çox mühüm nəticələri özündə əks elətdirən əhəmiyyətli bir görüş keçirildi. Hesab edirəm ki, həm görüş bitdikdən sonra liderlərin mətbuat üçün açıqlamalarında, eyni zamanda bu görüşün yekunu olaraq imzalanmış bəyanatda səsləndirilmiş bir çox fikirlər Azərbaycanın bu günə qədər səsləndirdiyi, Ermənistanın öz üzərinə götürdüyü öhtəliklərinin yerinə yetirilməsi ilə bağlı bildirdiyimiz tələbləri özündə bir daha əks etdirdi. Bu mənada düşünürəm ki, çox uğurlu bir görüş keçirildi. Azərbaycan maraqlarının bir daha ən yüksək səviyyədə və liderlərinin dili ilə səsləndirilməsi baxımından çox mühüm və məhsuldan bir görüş oldu, xüsusilə bir neçə istiqamətdə çox böyük uğular gözlənildi”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...