İran, Azərbaycan və Türkiyənin yaxın münasibətləri əhəmiyyət kəsb edir – İran prezidenti

İran, Azərbaycan və Türkiyənin yaxın münasibətləri və əməkdaşlıqları əhəmiyyət kəsb edir.

SİA-nın İran Prezident Aparatının informasiya portalına istinadən verdiyi məlumata görə, bunu İran prezidenti İbrahim Rəisi Türkmənistan paytaxtı Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (IƏT) XV zirvə toplantısının kənarında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə deyib.

“Üç ölkənin çoxlu mədəni, dini ortaqlıqları vardır. Eyni zamanda bu münasibətlərdə problemin yaranmasına icazə vermək olmaz” -deyə o bildirib.

İran prezidenti qeyd edib ki, İran və Türkiyə arasında münasibətlərinin inkişafı iki ölkə xalqları və regionda sülh və stabilliyin xeyrinədir.

İ.Rəisinin sözlərinə görə, İran və Türkiyənin ticarət dövriyyəsi münasibətlərin inkişafı potensialı hazırkı vəziyyətdən daha böyükdür. İki ölkə ticarət dövriyyəsi, iqtisadi və siyasi münasibətləri artırmaqla münasibətləri strateji səviyyəyə yaxınlaşdıra bilər.

Rəisi əlavə edib ki, İran və Türkiyənin müxtəlif sahələri, o cümlədən enerji, bank və pul, ticarət dövriyyəsi sahələrində əməkdaşlıqlarının inkişafı üçün müxtəlif sadələşdirmələr aparılmalıdır. Bu sahədə güzəştli tarifləri yenidən nəzərdən keçirmək olar.

Görüşdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da ikitərəfli və regional münasibətlərin inkişaf etdirilməsi və möhkəmləndirilməsinin vacibliyini qeyd edib.

R.T.Ərdoğanın sözlərinə görə, iki ölkə münasibətlərinin, xüsusilə də iqtisadi sahədə yüksək inkişafını əldə etmək olar.

“Türkiyə, Rusiya və İran regionun digər ölkələrinin əməkdaşlığı ilə regionun təhlükəsizliyi və stabilliyini qoruya bilərlər” -deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə