Ermənistan minalanmış ərazilərin xəritəsini nəyə görə vermir? - POLİTOLOQ ŞƏRH ETDİ

Ermənistan minalanmış ərazilərin xəritəsini nəyə görə vermir? - POLİTOLOQ ŞƏRH ETDİ

“Mina xəritələrinin verilməməsi məsələsi son müharibədən sonra ən aktual mövzulardan biridir. Burada ilk səbəb odur ki, Ermənistan bilir ki, Azərbaycanda müharibədən sonra Qarabağda saxlanılan terroristlər var. Paşinyan xəritələri ona görə vermir ki, məhz o terroristləri geri qaytarmaq istəyir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Asif Nərimanlı deyib.

O, qeyd edib ki, bu terroristlər Azərbaycan qanunvericiliyinə görə, mühakimə olunaraq saxlanılır. "Ermənistan tərəfi bu xəritələri saxlamaqla Azərbaycanla bazarlıq vasitəsi kimi istifadə edir. Lakin o da istisna deyil ki, Ermənistanın siyasi və hərbi rəhbərləri arasında bu xəritə mövzusu ilə bağlı fikir ayrılığı var. Çünki, onlar bilirlər ki, Paşinyan orada hakimiyyətə tam nəzarət edə bilmir. Rəsmi İrəvanda da bu xəritələrin tam dəqiqliyi yoxdur. Orduda hər hansı bir qüvvələr bu xəritələri gizlədir, vermək istəmirlər, bu onlarda bir qədər daxili problemdir. Əslində Azərbaycan tərəfi erməni terroristlərini Azərbaycan qanunvericiliyinə görə mühakimə edib. Lakin o da istisna deyil ki, rəsmi Bakı erməni terroristlərdən həm də siyasi nəticələri əldə etmək üçün istifadə edə bilər və bu təbii bir haldır. Yəni bütün müharibələrdən sonra qarşı tərəfdən saxlanılan şəxslərdən bu cür bazarlıqlarda istifadə edilir. Məsələ nəyə görə bu vaxta qədər uzanır? Çünki, Ermənistan tərəfi 2 və ya 3 dəfə xəritə dəyişimi edib və bu xəritələrin heç biri tam dəqiq olmayıb. Azərbaycan tərəfi artıq tələbini elə formada qoyub ki, konkret minaların basdırıldığı ərazilərin xəritəsini tələb edir. Çünki, qeyd etdiyimiz kimi indiyə qədər verilən xəritələrin maksimum 50%-i doğru olub, qalanı isə yanlış göstərilib. Bu baxımdan artıq Azərbaycan tərəfi tələbini dəyişdirib. Ermənistan tərəfini çətinliyə salan səbəblərdən biri də bu tələbin dəyişdirilməsi ola bilər. Bu proses də Ermənistanın əlehinə işləyir və onlar da bunu anlayırlar".

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə