Zəngəzur dəhlizi kimi layihələrə ehtiyac vardır - SİYASİ EKSPERT ŞƏRH ETDİ

Zəngəzur dəhlizi kimi layihələrə ehtiyac vardır - SİYASİ EKSPERT ŞƏRH ETDİ

"Çox təəssüf ki, Ermənistan tərəfi üçtərəfli bəyanatda olan bir çox bəndlərə əməl etmədiyi kimi indi də bu bənddən boyun qaçıraraq söz oyunu ilə məşğuldur. Lakin mahiyyət dəyişmir. Ermənistan dövləti, konkret olaraq baş nazir Nikol Paşinyan 9 noyabr bəyanatı ilə Azərbaycanın Naxçıvan ilə quru sərhədini təmin edəcəyinə dair öhdəlik götürüb". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, indi isə qorxuya düşən erməni cəmiyyətini sakitləşdirmək üçün manipulasiya ilə məşğuldur: "Məsələ burasındadır ki, bu yolun adını nə qoyursan qoy, istər dəhliz və yaxud maneəsiz hərəkət, bu yol əvvəl-axır təmin olunmalıdır və nə qədər tez gerçəkləşərsə, bu Ermənistanın xeyrinə olar. Bu dəhlizin əsas məqsədi regionda iqtisadi inteqrasiyanı genişləndirməyə xidmət edir. Əgər, Ermənistanın baş naziri regionda sülhün və inkişafın tərəfdarıdırsa, bu ideyanı dəstəkləməli və öz xalqını da buna hazırlamalıdır. Bilirsiniz, ki Azərbaycan ilə Ermənistanın müharibə dövrünü geridə qoyub sülh, anlaşma və əmin-amanlıq içində yaşaması üçün müəyyən bir yol qət olunmalıdır və bu yol elə də qısa yol deyil. Bu yolda real nəticələr əldə etməkdən ötrü məhz Zəngəzur dəhlizi kimi layihələrə ehtiyac vardır. Necə ki, Azərbaycan tərəfi bu gün Qarabağda yaşayan ermənilərin gələcəkdə bu ərazilərdə dinc şəraitdə yaşamasını təmin etməyi öz üzərinə götürürsə, Ermənistan tərəfi də bunun məsuliyyətini dərk edib azərbaycanlıların Naxçıvana quru yolla asan gediş-gəlişini təmin etmək üçün real addımlar atmalıdır və bundan çəkinməməlidir. Çünki Azərbaycan hər hansı bir maneə olmadan Zəngəzur mahalı adlanan torpaqlardan keçərək Naxçıvana gediş-gəlişi təmin edəcək".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə