"Paşinyan ikili oyun oynamaqdadır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Paşinyan ikili oyun oynamaqdadır" - MÜNASİBƏT BİLDİRİLDİ

“Son vaxtlar Ermənistan tərəfinin ənənəvi təxribatlarını intensivləşdirməsinin bir neçə səbəbini söyləmək olar. Hesab edirəm ki, başlıca səbəb əsasən kənar amillərlə bağlıdır. Bu Ermənistanın hansısa maraqları ilə birbaşa bağlı olmaya bilər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, Ermənistan alət ölkə olduğunu hər zaman biruzə verib: “Kənar dairələr Ermənistanı bu təxribatları törətməyə sövq edirlər. Ötən il ağır məğlubiyyətə uğrayan Ermənistan bu günə qədər həm birgə bəyanatın şərtlərinə əməl etməkdən, həm də yekun sülh sazişi bağlamaqdan yayınmaqdadır. Bilirik ki, həm ABŞ, həm də Fransa artıq olmayan münaqişənin müzakirəsinə yenidən ATƏT-in Minsk qrupunun platformasına qaytarılmasında israr edirlər. Ona görə ki, münaqişə qeyd etdiyim ölkələrə və digər siyasi dairələrə imkan verirdi ki, Cənubi Qafqaz regionunda öz mövcudluqlarını təmin edə bilsinlər. Münaqişə aradan qalxdıqdan sonra Rusiyanın vasitəçiliyi ilə birgə bəyanatın imzalanmasından sonra qərb dairələri hesab edirlər ki, onların Cənubi Qafqazda təsir etmə imkanları əhəmiyyətli dərəcədə məhdudlaşdırılmışdır. Bu baxımdan da onlar Ermənistanı bu təxribatları törətməyə sövq etməkdədirlər. Təbii ki, başlıca hədəflərdən biri də Rusiyanın sülh yaratma missiyasının çox da səmərəli olmadığı təəssüratını yaratmaqdan ibarətdir".

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Ermənistan tərəfi ağır məğlub statusu ilə heç cür barışmaq istəmir və müvafiq olaraq kənar dairələrin də onları təxribat törətməyə sövq etməsi Ermənistanda həvəslə qarşılanır: “Ermənistanın hazırki hakimiyyəti onun formalaşmasında yaxından rol oynayan qərb dairələrinin təlimatlarına daha canla-başla əməl etdiklərini nümayiş etdirməyə çalışırlar. Belə olan halda da onların təxribat törətmək təlimatlarını da dəqiqliklə yerinə yetirməyə çalışırlar. Nikol Paşinyan da həmişə olduğu kimi bu dəfə də özünü ziddiyyətli aparmaqdadır. Bir tərəfdən birgə bəyanatın şərtlərinə əməl olunmasının vacibliyini vurğulayır, digər tərəfdən bu təxribatları törətməyə davam edir. Bundan da belə nəticə çıxartmaq olar ki, Paşinyan ikili oyun oynamaqdadır. Bu da Paşinyanın gələcək addımları haqqında təsəvvür formalaşdırmağa imkan verir”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə