"YAP Ümummilli Liderin şah əsərlərindən biridir" - DEPUTAT AÇIQLADI
"Yeni Azərbaycan Partiyası şanlı inkişaf yolu keçmiş, xalqımıza və dövlətimizə böyük xidmətlər göstərmiş bundan sonra da uzun illər Azərbaycan xalqının rifahı naminə, dövlətimizin qüdrətlənməsi naminə işlər görmək iqtidarında, gücündə olan möhtəşəm ictimai-siyasi bir partiyadır. Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır". Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.
Onun sözlərinə görə, YAP Ümummilli Liderin şah əsərlərindən biridir: "Onun duasında, işığında, Azərbaycan ziyalılarının təklifi ilə 1992-ci ilin noyabr ayının 21-də çox çətin bir şəraitdə Naxçıvan MR-da öz təsis konfransını keçirərək YAP yarandı. Beləliklə də, o, Azərbaycan ictimai-siyasi həyatına atıldı. Həmin illərdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyü partiyamızın yaranmasına, inkişafına hər cür maneələr törədirdilər, zorakılığa əl atırdılar. Qeyri-qanuni hərəkətləri ilə xalqımızı qorxudaraq partiya sıralarına gəlməyə çəkindirirdilər. Buna baxmayaraq, Ümummilli Lideri ürəkdən sevən, ona inanan Azərbaycan xalqı onun sədrliyi ilə yaradılan partiyada öz ümidini görürdü. Xalqımız düşdüyü ağır vəziyyətdən çıxış yolunu, Azərbaycanın gələcək işıqlı yolunu bu partiyada görürdü. Buna görə də, partiyamız tez bir zamanda təşkilatlandı. Yaranandan 8 ay sonra partiyanın sədri Ümummilli Lider Heydər Əliyev dövlət rəhbərliyinə gəldi. Daha sonra partiyamız 1995-ci ildə keçirilən seçkilərdə qalib gələrək böyük deputat çoxluğu ilə parlamentdə təmsil olundu. Yarandığı gündən həmişə birləşdirici, xalqın, dövlətin mənafeyinə xidmət edən və öz nizamnamə və proqramlarında dünyanın qabaqcıl təcrübəsini tətbiq edən Azərbaycan dövlətçiliyini, ərazi bütövlüyünü, vətəndaş həmrəylini əsas götürən bir ideoloji xətti daşıyan partiyamız bu gün dünyanın ən tanınmış, ən nüfuzlu və nəhəng partiyaları ilə sıx əməkdaşlıq edir".
Musa Quliyev bu haqda fikirlərini belə izah edib: "Partiyamızın sədri və cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın 21-ci əsrdə əldə etdiyi bütün nailiyyətlərində hər bir ləyaqətli YAP üzvünün öz töhfəsi var. Dövlətimizin qüdrətlənməsində, beynəlxalq nüfuzunun artmasında xalqımızın həyatının yaxşılaşmasında, xoşbəxtlik tapmasında, tərəqqisində YAP öz tarixi məsuliyyətini başa düşərək öz tarixi missiyasını ləyaqətlə yerinə yetirir. Yarandığı gündən bu yana istər bələdiyyə seçkilərində, istər parlament seçkilərində, istərsə də prezident seçkilərində YAP iştirak etmiş və bu seçkilərin hamısından qalib ayrılmışdır. Bu da onu göstərir ki, Azərbaycn xalqı YAP-a inanır, güvənir öz səslərini ona verməklə başqa alternativ görmədiklərini bəyan edirlər. Partiyamızın sədri İlham Əliyevin və partiya sədrinin birinci müavini Mehriban Əliyevanın partiyamızın sıralarını daha da artırmaq, gəncləşdirmək, eyni zamanda qadınların sayını artırmaq baxımdan rolu böyükdür. Eyni zamanda partiyamız digər vətənə xəyanət yolu tutmayan partiyalarla dövlətimizin birliyi üçün birgə fəaliyyət göstərir.
44 günlük müharibə vaxtında döyüşən və döyüşənlərə yardım edən vətəndaşların əksəriyyəti YAP-ın üzvləri idi. Bundan da biz bir partiya olaraq qürur duyuruq. Partiyamız ölkəmizin beynəlxalq əhəmiyyətli hümanitar, mədəni, iqtisadi, sosial tədbirlərin həyata keçirilməsində fəal iştirak edir. Artıq iki ildir ki, bütün dünyanı ağuşuna almış koronavirus pandemiyası zamanında da partiyamızın nümayəndələri, gənclər əsl vətəndaşlıq nümunəsi göstərərək hümanitar tədbirlər həyata keçirdilər. Bu da digər QHT və partiyalara nümunə oldu. Əlbəttə, cənab Prezidentin rəhbərliyi altında bizim görəcəyimiz işlər çoxdur. İşğaldan azad olunmuş ərazilərdə, Qarabağ və Şərqi Zəngəzurun abadlaşdırılmasında, bizim keçmiş məcburi köçkünlərimizin öz yurd-yuvalarına geri dönməsi üçün şəraitin yaradılmasında YAP öz avanqard sözünü deyəcək, öz avanqard fəaliyyətini həyata keçirəcək. YAP uzun illər iqtidarda olacaq və xalqımız, dövlətimiz naminə ləyaqətli xidmətini davam etdirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB