"Sülh müqaviləsinin yaxın zamanda imzalanacağını düşünmək lazım deyil" - DEPUTAT MÖVQE BİLDİRDİ
"Sülh müqaviləsinin imzalanması elə də qısa zamanda olacaq bir məsələ deyil". Bunu SİA-ya açıqlamasında deputat Rasim Musabəyov deyib.
O qeyd edib ki, ermənilər təkid edirlər ki, sülh müqaviləsinin tərkib hissəsi kimi Qarabağın ermənilər yaşayan hissəsinin statusu müəyyənləşməlidir. Bunun üçün Minsk qrupu çərçivəsində danışıqların aparılması və sonda oradan gələn sənədin qəbul olunması lazımdır. Azərbaycan isə əvvəlcədən deyir ki, nəinki status müəyyənləşməyəcək, heç bu məsələ müzakirə olunmayacaq. Buna görə də, düşünürəm ki, sülh müqaviləsinin yaxın zamanda imzalanacağını düşünmək lazım deyil.
Rasim Musabəyov bu barədə fikrini belə izah edib: "Hələ xarici işlər nazirləri görüşməlidir. Bu vaxt apara bilər. Ancaq gündəlikdə konkret məsələlər var. Bu məsələlərdən biri nəqliyyat dəhlizinin açılması ilə bağlı sənədin imzalanması ola bilər. Düşünürəm ki, bu yenə bəyanat şəklində olacaq. Çünki bəyanatın parlamentdə ratifikasiyasına ehtiyac yoxdur. Tərəflərin belə işləməsi daha rahatdır və sərhədlərin müəyyənləşdirilməsi üçün müəyyən bir işçi qrupu yaradıla bilər. Eyni zamanda istisna etmirəm ki, hansısa bir diplomatik əlaqələrin olması ilə bağlı sənəd, bəlkə də ilin axırına kimi müzakirə olunub qəbul olunsun. O ki qaldı sülh müqaviləsinə, hələlik Minsk qrupu uzunmüddətli və hərtərəfli Azərbaycan-Ermənistan münaqişəsinin həlli ilə bağlı layihə üzərində çalışır. İndi bunun nə vaxt olub-olmayacağı haqqında heç bir fikir söyləmək olmaz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB