Ağdaş rayonunda şəhidlərin xatirələri əbədiləşdirildi ANIM

Ağdaş rayonunda şəhidlərin xatirələri əbədiləşdirildi ANIM

Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi Ağdaş rayonunda da dərin ehtiramla yad edilərək əbədiləşdirilir. Ağdaş şəhərində, rayonunun Mürsəl və Dəhnəxəlil kəndlərində Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa olunan Şəhidlər bulağı komplekslərinin açılış mərasimləri keçirilib.Ağdaş rayonunun Mürsəl kəndinin girəcəyində Şəhidlər bulağı kompleksinin və Vətən müharibəsi şəhidi Həsənov Elvin Əlizadə oğlunun 27-ci doğum günü, 8 noyabr 2021-ci il tarixdə Ağdaş şəhərinin Heydər Əliyev prospektində və Dəhnəxəlil kəndinin girəcəyində Şəhid bulağı komplekslərinin açılışı münasibəti ilə keçirilən tədbirlərdə YAP Ağdaş rayon təşkilatının fəalları, rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak etmişlər. Tədbirlər Dövlət Himninin səsləndirilməsi ilə açılmış, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirlərdə şəhidlərin keçdikləri döyüş yolundan söhbət açılmış, qısa və şərəfli ömür yolundan danışılmış, ruhlarına dualar oxunmuşdur. Məktəblilərin ifasında ədəbi-bədii kompazisiya səsləndirilmişdir. Şəhidlərin ailə üzvləri, yaxınları və çıxış edən digər rayon sakinləri və qonaqlar şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə, razılıqlarını ifadə etmiş, ölkə Prezidenti, müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə