"Azərbaycan düşüncə mərkəzinə çevrilib" - QHT RƏHBƏRİ MÖVQE BİLDİRDİ

"Azərbaycan düşüncə mərkəzinə çevrilib" - QHT RƏHBƏRİ MÖVQE BİLDİRDİ

"Azərbaycan xalqı hazırda zəfər günlərini yaşayır. Keçən il ermənilərin təxribatlarına qarşı ölkə Prezidenti əmr verdi və əks-hücum əməliyyatları həyata keçirildi. 44 günlük “Dəmir Yumruq” əməliyyatı nəticəsində zəfər, tarixi qələbə əldə etdik. Bu Azərbaycanın mövqeyini dünyada daha da gücləndirdi. Qlobal meqa layihələr həyata keçirən müasir müstəqil Azərbaycan onsuz da yeni dövlət olmasına baxmayaraq dünya siyasətində, dünya iqtisadiyyatında, beynəlxalq mühitdə özünə layiqli yer tutmağa inamlı addımlarını atmışdı və yaxşı nəticələr də var. Ölkə başçısı cənab İlham Əliyev Ali Baş Komandan olaraq, eyni zamanda Azərbaycan şəhidləri, qazilərimizin torpaqları işğaldan azad etməsi bu qloballığa daha bir qüvvə, təkan verdi". Bunu SİA-ya açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni deyib.

O, bildirib ki, Qlobal Forumun Azərbycanda keçirilməsi, əlbəttə ki, çox mühüm hadisədir. Çünki Azərbaycan bir daha şərqlə qərbin körpüsü olduğunu, çox mühüm geoməkan olduğunu, eyni zamanda qlobal dünya siyasətində mühüm əhəmiyyət kəsb edən strateji ölkə olduğunu ortaya qoyur. Əvvəlki mühüm beynəxalq təşkilatlarda olduğu kimi dünyanın qlobal problemləri yenə də Azərbaycanda Bakıda müzakirə olunur. Çünki Azərbaycan mədəniyyət, düşüncə, turizm, idman mərkəzidir.

Rauf Zeyni bu barədə fikrini belə izah edib: "Azərbaycan düşüncə mərkəzinə çevrilib ki, bütün böyük tədbirlər, meqa layihələr, qlobal forumlar, humanitar forumlar, məhz Bakıda, Azərbaycanda keçirilir. Burada dünyanın qlobal problemləri müzakirə olunur. Bu da Azərbaycanın gücünü və qüdrətini göstərir. Xüsusilə, zəfərdən sonra bütün dünya anladı ki, Azərbaycan hümanist bir ölkə olmaqla yanaşı həm də çox böyük hərbi qüdrətə malikdir. BMT-nin üzərinə götürdüyü qətnamələri Azərbaycan özü yüksək səviyyədə icra etdi. Beləliklə bütün dünyaya bir nümunə oldu. O cümlədən, Şuşanı əlbəyaxa döyüşlə azad etməklə hərb tarixində Azərbaycan öz izini qoydu. Bunlar hamısı Azərbaycanın bütün dünyada çox mühüm əhəmiyyət kəsb etdiyini göstərir. Qlobal Bakı Forumunda iştirak edən ölkələrin nümayəndələri, böyük mütəxəssislər, ekspertlər, tanınmış şəxslər də öz fikirlərini burada bildirməklə, bugünkü müasir Azərbaycanı görməklə onun informasiyalarını dünyaya çatdırmış olurlar. Bu da mühüm məsələdir".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə