"Zəngilan dəhlizinin açılması bölgədə olan dövlətlər üçün də vacibdir" - ŞƏRH EDİLDİ

"Zəngilan dəhlizinin açılması bölgədə olan dövlətlər üçün də vacibdir" - ŞƏRH EDİLDİ

"Əvvəla mən diqqəti müharibədən öncəki dövrlərə çəkmək istərdim. Ermənilər torpaqlarımızı işğal etdikdən sonra Azərbaycan dövləti beynəlxalq qanunlara söykənərək bu məsələləri sülh yolu ilə həll etməyə çalışırdı". Bu sözləri SİA-ya açıqlamasında deputat Aqil Məmmədov bildirib.

Onun sözlərinə görə, onlar özlərini qalib ölkə kimi göstərir, torpaqların onlara aid olduğuna dünyanı inandırmağa çalışır, hər vəchdə sülh danışıqlarından yayınmağa çalışır və yaxud da qeyri-qanuni şərtlər irəli sürürdülər: "Hansı ki, beynəlxalq qanunlara sığmayan şərtlər irəli sürürdülər və bu şərtlərdən biri də Dağlıq Qarabağın birtərəf kimi o söhbətlərdə iştirak etməsi idi. Həmçinin orada parlament seçkilərinin keçirilməsi ilə bağlı, parlament binalarının tikilməsi ilə bağlı xəyallara düşmüşdülər. Dünya dövlətləri və beynəlxalq qurumlar susduqca bunlar daha da azğınlaşırdı. Onlar elə bilirdilər bu düzgündür və belə də olmalıdır. Onlar sülh danışıqlarına yanaşmaqdan imtina etmiş, əksinə torpaq iddialarını davam etdirmişdilər. Azərbaycan xalqı da bu davranışlardan sonra məcburən 27 sentyabr tarixində əks-hücum əməliyyatlarına başlayıb və ilk günlərdən etibarən onların 30 il qurduğu istehkamları darmadağın edib. Ümumiyyətlə erməni mifini darmadağın ediblər.

İşğal altında olan torpaqlarımızda elədikləri vəhşiliklər bütün dünyaya çatdırıldı və onlar öz kimliklərini bütün dünyaya bəyan elədilər. 10 noyabr tarixində üçtərəfli bəyannamə imzalandıqdan sonra Ermənistan tərəfi lazımsız iddialar irəli sürməyə başladılar. ”Dağlıq Qarabağın status məsələsi hələ bitməyib. Bu məsələ hələ öz həllini tapmayıb” kimi fikirlərlə Azərbaycanı manipulyasiya etməyə çalışmışlar. Biz bilirik ki, bu söhbətlər Ermənistanın yeritdiyi siyasətdir. 10 noyabrda imzaladıqları sənədi qəbul edə bilmirlər. Məğlub olduqlarını qəbul edə bilmirlər və əsasən də separatçı rejimlər bu məsələləri qaldırırlar. Ermənistan xalqının bir hissəsi o ərazilərin Azərbaycana aid olduğunu qəbul edir və müharibəyə son qoyulmasını istəyirlər. Biz bunu xarici mətbuatdan da izləyirik, görürük. Amma Ermənistandakı separatçı rejim xaricdən gələn dəstəklə bu məsələni biraz da uzatmaq istəyirlər. Cənab Prezident İlham Əliyev işğaldan azad olunmuş bölgələrə səfərləri zamanı dünyaya bir çox mesajlar verir. Bu mesajlar ermənilərin məcburən də olsa sərhədlərimizi tanımalı olduğunu və sülh sazişinə imza atmalı olduğunu vurğulayır. Eyni zamanada Zəngəzur dəhlizinin açılmasında mane olmamalı, problem yaratmamalıdırlar. Çünki Ermənistanın başqa çıxış yolu yoxdur. Bu həm də elə bir məsələdir ki, bölgədə olan dövlətlər də bunu istəyirlər və o dəhliz bütün regiona lazım olan bir dəhlizdir. Bölgədə olan dövlətlər ondan gələcəkdə tranzit yol kimi istifadə edəcəklər. Lakin Ermənistan tərəf bunun ciddiliyini anlamırlar. Mənim fikrimcə, onlar həmin ərazilərə qeyri-qanunu daşımalar edirlər və yaxud da ora hər hansı bir qüvvələr yığmaq istəyirlər. Amma Azərbaycan tərəfi həmişə çalışır ki, məsələni sülh yolu ilə həll etsin. Bu gün artıq beynəlxalq qurumlar da, aparıcı dövlətlər də bu reallıqla barışıblar, Azərbaycanın ərazi bötövlüyünü tanıyıblar. Ermənistanın başqa çıxış yolu olmadığı üçün məcburən bu sərhədləri tanımalıdır, sülh sazişinə imza atmalıdırlar. Ölkə rəhbərinin də dediyi kimi “Biz hələ çox məsələlərə toxunmuruq”. Onlar başa düşməlidirlər ki, yaşadıqları ərazilər bir zamanlar əzəli Azərbaycan torpaqları olub".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə