Azərbaycan-Türkiyə müttəfiqliyi regionda sülhün, təhlükəsizliyin qarantıdır ŞƏRH

Azərbaycan-Türkiyə müttəfiqliyi regionda sülhün, təhlükəsizliyin qarantıdır ŞƏRH

Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Aeroportunun açılışı Azərbaycandan dünyaya bir mesaj oldu. Hava Limanının Azərbaycan və Türkiyə Prezidentlərinin birgə iştirakı ilə açılışı qardaş ölkə ilə birliyimizi, dostluğumuzu, gücümüzü bir daha göstərdi. Bu birlik sarsılmazdır və möhkəm təməl üzərində qurulan münasibətlər daha da dərinləşir. Vətən müharibəsində Zəfərimizdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə növbəti səfəri və Füzuli Beynəlxalq Aeroportunun açılışını iki dövlətin prezidentlərinin birgə etməsi beynəlxalq aləmdə rezonans doğurdu. Azərbaycanın 44 günlük Vətən müharibəsində Türkiyə dost ölkə olaraq daim Azərbaycana böyük dəstək göstərərək, "Biz Azərbaycanın yanındayıq və hadisələrə müdaxilə edənlər öndə bizi görəcəklər!"- söyləməsi Prezident Rəcəb Tayyib Ərdoğanın əsl qardaşlıq nümunəsinin təzahürüdür. Bu gün işğaldan azad olunan torpaqlarımızda Azərbaycan və Türkiyə bayraqlarının dalğalanması da qırılmaz dostluğumuzdan qaynaqlanır. Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşada iyunun 15-i iki qardaş dövlət tərəfindən Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir dövrün başlanğıcını qoydu. Bəyannamə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin təntənəsi olmaqla yanaşı, əməkdaşlığın strateji əhəmiyyət kəsb edən bütün sahələrini əhatə edir. Şuşa Bəyannaməsinin imzalanması iki dövlətin gələcək iş birliyinin istiqamətini göstərmiş oldu. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Bu Bəyannamə bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır".

Azərbaycan-Türkiyə münasibətləri bu gün daha yüksək bir mərhələdədir. Azərbaycan və Türkiyə prezidentlərinin Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini birgə qoymaları tarixi bir hadisə olaraq əbədiləşdi. Zəngəzur dəhlizi türk dünyasının birləşməsi, regionun təhlükəsizliyi və sosial-iqtisadi inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Sözügedən dəhliz blokadada qalmış Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının blokadadan çıxmasında əhəmiyyətli rol oynayacaq. Əlbəttə ki, Zəngilanı Naxçıvandan ayıran 40 kilometrlik Zəngəzur dəhlizinin bərpa olunması yeni iqtisadi perspektivlər yaradacağında şübhəsizdir. Prezident Rəcəb Tayyib Ərdoğanın bildirdiyi kimi, bu coğrafiyadan keçəcək torpaq yollar və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq: "Gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik, İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzinə çevrilmə imkanı möhkəmlənəcək. Bu inkişafdan İran, Gürcüstan, Ermənistan da daxil olmaqla Azərbaycanın bütün qonşuları istifadə edəcəklər".

Göründüyü kimi, Azərbaycan və Türkiyə qardaşlığı strateji əməkdaşlığı regionda sülhün, təhlükəsizliyin qarantına çevriləcək. Bu gün işğaldan azad olunan ərazilərdə aparılıq-abadlıq quruculuq işlərinin sürətlə aparılması və bu işə Türkiyənin dost ölkə olaraq dəstək göstərməsi əməkdaşlıq münasibətlərinin ən yüksək səviyyədə olmasını göstərir. Bir neçə gündən sonra xalqımız Zəfər tarixini qeyd edəcək. Müharibənin bitməsindən keçən qısa zaman məsafəsində Azərbaycan xalqı böyük qələbədən sonra işğaldan azad olunmuş torpaqlara BÖYÜK QAYIDIŞA başlayıb. İşğaldan azad edilmiş ərazilərimizdə tikinti və yenidənqurma layihələrinin həyata keçirilməsi keçmiş məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək. Həyata keçirilən quruculuq işləri, yol-nəqliyyat infrastrukturu deməyə əsas verir ki, dövlət başçısı tərəfindən reallaşan irimişqyaslı layihələr bu bölgələrin tezliklə dirçələcəyinə əminlik yaradır. Əlbəttə ki, bu işlərdə qardaş Türkiyə şirkətləri də yaxından iştirak edirlər. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi türk qardaşlarımızın yorulmaz səyləri nəticəsində bu gün bu bölgədə yollar salınır, dəmir yolları çəkilir, tunellər tikilir, infrastruktur layihələri gerçəkləşir: "Bu, bir daha bizim birliyimizin, qardaşlığımızın təcəssümüdür. Tam əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək. Beləliklə, Türkiyə ilə Azərbaycanın birgə gücü daha da təsirli olacaq".

HABİL QURBANOV

Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən

Bütün xəbərlər Facebook səhifəmizdə