“Türkiyə prezidentinin Qarabağa növbəti səfəri tarixi hadisədir” ÖZƏL-MÜNASİBƏT

“Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli aeroportunun açılışında iştirak etmələri mühüm əhəmiyyət daşıyır. Türkiyə prezidentinin Qarabağa növbəti səfəri həddindən artıq möhtəşəm və tarixi hadisədir. Bu, Azərbaycan Türkiyə qardaşlığının yüksələn xətt ilə davam etməsinin göstəricisidir” . Bunu SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan 44 günlük Vətən müharibəsindən sonra Qarabağa növbətini səfərini edib: “Xüsusilə, bu il Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri və Şuşa Bəyannaməsinin imzalanması, hərbi paradda iştirak etməsi, eləcə də oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etməsi Azərbaycan-Türkiyə qardaşlığının dönməz və əbədi olduğunu göstərir. Füzuli Beynəlxalq Hava Limanının qısa müddətdə və yüksək keyfiyyətlə inşası Azərbaycan dövlətinin qüdrətini göstərməklə yanaşı, həm də işğaldan azad edilmiş rayonlarımızın tezliklə bərpa olunacağının və oraya yenidən həyatın qayıdacağının bariz nümunəsidir”.

E.Həsənli onu da bildirdi ki, 44 günlük Vətən müharibəsi ilə Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağı işğaldan azad edib: “Artıq Qarabağda geniş quruculuq işləri həyata keçirilir. Bu, Azərbaycan xalqının vətənə, torpağa bağlılığının nümunəsidir. Tam əminliklə demək olar ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri iki dost, qardaş ölkə arasında bütün sahələrdə əlaqələri hərtərəfli genişlənəcək və inkişaf edəcəkdir. Türkiyə və Azərbaycan qardaşlığı əbədidir, daimidir və dönməzdir”.

GÜLYANƏ

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə