"5-ci kolon"na verilən "fas" komandası TƏRS BAXIŞ

Yaxud, Qərb öz “uşaqlarını” necə yarı yolda qoydu?

Türkiyə prezidenti Ərdoğanın həbs edilmiş Osman Kavala ilə bağlı sərt bəyanatı, daha dəqiq desək, onun Sorosun adamı olması ilə yanaşı, həm də xarici kəşfiyyat agenti qismində fəaliyyət göstərməsi, FETÖ-yə aid bağlantıları, eləcə də dövlət çevrilişinə cəhdi iştirakının sübuta yetirilərək ittiham edilməsi ətrafındakı fikirləri nədənsə Azərbaycanda və Avropa ölkələrində “Qərbin uşaqları” kimi tanınan və hətta bunu inkar etməyən siyasi həyasız cinahları da narahat etməyə başlatdı.

Ümumiyyətlə, öz ölkələri qalsın bir tərəfdə, başqa ölkədə baş verən siyasi proseslərə, üstəlik, həmin ölkənin rəhbərliyinə, prezidentinə qarşı həyasızcasına dil uzadanların qırmızı xətti keçdikləri fakta çevrilib.

Yenə də Xədicə İsmayıl, Anar Məmmədli, Seymir Həzi və s…

Bəli, hər hansı ölkədəki siyasi proseslər barədə müəyyən fikirlər bildirmək olar, lakin həmin ölkənin daxili işlərinə burun dürtmək, “ağıl öyrətmək”, nəyi isə tələb etmək artıq bütün hədləri aşmaq anlamını daşıyır, o da ola qardaş Türkiyə dövləti!

Məsələ ondadır ki, Xədicə İsmayıl, Anar Məmmədli, Seymur Həzi kimi Qərbin bəlli dairəsindən qidalananlar Ərdoğanın Kavala ilə bağlı sərt bəyanatını həzm edə bilməyiblər və söz yox ki, ağaları onlara dərhal “fas” komandası verib. Nədir ki, Ərdoğan öz ölkəsinin maraqlarını, təhlükəsizliyini və müstəqilliyinin toxunulmazlığını vurğulayıb. Misal üçün deyib ki, ABŞ, Kanada, Almaniya, Fransa, Finlandiya, Danimarka, Hollandiya, Norveç, Yeni Zelandiya səfirlərini Türkiyədə görmək istəmir, çünki casus Kavalaya görə onun ölkəsinə təzyiq etməyə cəhd göstərirlər. Xatırlayaq: “Mən XİN rəhbərinə tapşırıq verdim ki, dərhal on nəfər səfiri persona non qrata elan etsinlər”.

Kavalanın Fransa kəşfiyyatının hesabına təsis edilən fondu qondarma erməni soyqırımını tanıyır, Türkiyədə kürd muxtariyyətini tələb edir və FETÖ-yə bağlılığı ilə tanınır

Gəlin, bu gün Qərbin və Azərbaycanda Qərb dairələrinin maraqlarından qidalanan “Qərb uşaqlarının” iddialarına qarşı faktlara əsaslanan, həmçinin geniş sferadan digər xatırlatmaları edək. Beləliklə, Osman Kavala kimdir və nəyə görə Qərb onun üçün bir qədər əndişə edir? Yuxarıda da qeyd etdiyimiz kimi, Kavala heç Türkiyə doğumlu da deyil və Parisdə anadan olub, üstəlik, Sorosun adamıdır. Sorosun isə kim olduğunu və hansı işlərlə məşğul olduğunu yenidən xatırlatmağa ehtiyac da yoxdur. Kavala sahibkarlıqla məşğul olur və bu pərdələmə altında təsis etdiyi “Anadolu Kultur AS” adlı mədəniyyət fonduna rəhbərlik edir. Fond Fransa kəşfiyyatının pulları hesabına yaradılıb. Məqsəd etnik və dini azlıqlarla iş aparmaq, qondarma erməni genosidinin tanınması istiqamətində layihələr həyata keçirmək, Türkiyədə kürd muxtariyyətini reallaşdırmaq və s.

Osman Kavala Fransadan Türkiyəyə uçarkən İstanbul hava limanında həbs edilib. İstanbul prokurorluğu onun barəsində həbs qətimkan tədbiri seçib və bunun üçün order imzalayıb. Kavalaya 2016-cı ildə dövlət çevrilişinə cəhd ittihamı irəli sürülüb. Beləliklə, Qərbin Kavala vasitəsi ilə həyata keçirmək istədiyi planı reallaşmamış qaldı.

Nədən əndişələnirlər?

Bütün bunlardan sonra Azərbaycandakı “5-ci kolon”un anti-Türkiyə, Ərdoğan əleyhinə münasibəti nədən irəli gəlir? Və ya Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana AXCP-nin, onun rəhbərliyinin, xarici donor təşkilatlarının daimi müştərisi olan Xədicə İsmayılın, Anar Məmmədlinin nifrəti hansı məqsədlərdən irəli gəlir? Bəlkə 44 günlük Vətən müharibəsində Türkiyənin qardaşı Azərbaycana həm siyasi, həm də hərbi dəstək göstərdiyinə görəmi Ərdoğana qarşı bu qədər nifrət nümayiş etdirirlər? Və yaxud, Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində iqtisadi dəstəyindən, Zəngəzur dəhlizinin və Qarabağın açarının iki qardaş ölkənin əlində olmasından əndişə edirlər?

Ya da Ermənistan ordusunu məhv edən, rüsvayçı vəziyyətdə qaçmağa məcbur edən “Bayrakdarları” Azərbaycanın ixtiyarına verdiyinə görəmi onlar bundan narahat olur və radikallaşıblar və mədələrindən gələn iyrənc ifadələrini ağızlarına gətirib, yenidən udurlar?

İndi növbə onlara “fas” komandası verən sorosçu təşkilatların yaxalarından yapışıb nəyə görə onları pis vəziyyətdə qoymalarının hesabının soruşulmasındadır

Bəli, məhz udurlar, çünki onlara “fas” komandası verən Qərb cənab Ərdoğanın sərt bəyanatından və qəti qərarından sonra geriyə addım ataraq onları, sözün əsl mənasında, “oçkoda” qoydu. Belə ki, həmin on ölkənin səfirləri daha əvvəl Osman Kavalanın azadlığa buraxılması yönündə verdikləri bəyanatlarını geri alıblar və sözün əsl mənasında, “qələt elədik” deyiblər. Onlar başqa ölkələrin daxili işlərinə müdaxilə etməməyi əks etdirən Vyana razılaşmasının 41-ci bəndinə sadiq qaldıqlarını bəyan edərək üzr istəyiblər. Əslində bu, Qərbin nə qədər yazıq bir duruma düşməsinin bariz sübutudur. Lakin ən əsası, özlərini Kavalaya görə ülgücləyənlər, saç-başlarını yolaraq üzlərini cıranlar - Xədicə İsmayıl, Anar Məmmədli, Seymur Həzi və başqaları rüsvay oldular, əlbəttə ki, rüsvay olmağa üzləri qalıbsa. İndi növbə onlara “fas” komandası verən sorosçu təşkilatların yaxalarından yapışıb nəyə görə onları pis vəziyyətdə qoymalarının hesabının soruşulmasındadır ki, “Qərbin uşaqları” bunu da etməyəcəklər. Çünki pul-paraları kəsilə bilər. Ona görə də belələrinin üzlərinə tüpürüləndə belə, deyirlər ki, “yağış yağır...”

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə