"Liderlər yanaşı dayanaraq Türkiyə-Azərbaycan birliyinin mesajını verəcəklər" - ŞƏRH

"Azərbaycan 44 gün ərzində işğaldan azad etdiyi ərazilərdə apardığı bərpa və quruculuq işləri ilə bu gün bütün dünyanın diqqət mərkəzindədir". Bu sözləri SİA-ya açıqlamasında deputat Əziz Ələkbərli deyib.

Onun sözlərinə görə, qısa müddətdə tikintisi başa çatdırılmış Füzuli Beynəlxalq Hava Limanının bugünkü açılış mərasimi ilə Azərbaycan bu yöndə növbəti möhtəşəm addıma imza atır: "Azərbaycan və region üçün böyük önəm daşıyan bu hava limanının açılış mərasimində qardaş Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın iştirakı qürurverici və tamamilə qanunauyğundur. Qardaş Türkiyə dövləti və türk xalqı Vətən müharibəsinin ilk günündən Azərbaycanın yanında oldu və post-müharibə dövründə də daim yanındadır, gələcəkdə də həmişə yanında olacaq. İki qardaş Lider bir daha yanaşı dayanaraq region dövlətlərə və dünyaya Türkiyə-Azərbaycan birliyinin mesajını verəcəklər. Güman edirəm ki, Ermənistan adlandırdığımız qondarma dövlət də, ermənilər də, onların havadarları da bundan lazımi nəticələr çıxaracaqlar".

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səfər çərçivəsində başqa layihələrə də imza atacağı, ən əsası isə Zəngilan Aqroparkının təməlqoyma mərasimində iştirak edəcəyi gözləniləndir. Qarabağdakı bir çox layihələr kimi, bu layihənin icrasında da qardaş Türkiyənin iştirakı nəzərdə tutulub. Heç şübhəsiz, səfər çərçivəsində bir sıra regional və beynəlxalq məsələlər də müzakirə olunacaqdır. Möhtərəm Prezident İlham Əliyev Qubadlıya səfəri çərçivəsində rayon ictimaiyyəti ilə görüşü zamanı belə bir fikir səsləndirdi ki, bizi hələ döyüşməyə məcbur edirlər, biz də buna hazırıq. Elə hesab edirəm ki, qarşı tərəf Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağa budəfəki səfərini dövlət başçısının “biz döyüşməyə hazırıq” çağırışının əyani göstərisi kimi də qəbul edə və olmayan ağıllarını başlarına yığmaq barədə düşünə bilərlər".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə