YAP yeni hədəflərin gerçəkləşməsinə öz töhfələrini verir

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı ərazi partiya təşkilatlarının hesabat seçki yığıncaqları davam edir

Oktyabrın 21-də YAP Xətai rayon təşkilatı Rəşid Bağırov küçəsi 30 və Rövşən Əliyev küçəsi 19 ünvanlarında yerləşən ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarını keçirib. Hesabat məruzələri dinlənilib, çıxışlar əsasında ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətləri qiymətləndirilib.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yığıncaqlarda çıxış edərkən bildirib ki, ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan möhkəm təməl üzərində gələcəyə doğru inamla irəliləyir: "Hər bir ölkənin inkişafında əsas faktor olan sabitliyin təminatı dövlətimizin həyata keçirdiyi siyasətin əsasını təşkil edir. Bu gün böyük inamla qeyd edirik ki, ölkəmizdə sabitliyin və əlverişli biznes mühitinin mövcudluğu nəticəsində Azərbaycan böyük investisiyalar məkanına çevrilib. Təbii ki, yeni dostlar, tərəfdaşlar qazanan Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, eyni zamanda, investisiya yatıran ölkə kimi də tanınır və nüfuz qazanır. Gələcəklə bağlı prioritetlər açıqlanarkən işğaldan azad edilmiş torpaqlarımızın yaxın zamanlarda investisiya məkanına çevriləcəyi xüsusi qeyd edilir. Bu ərazilərimizin malik olduqları potensial imkanlardan səmərəli istifadə etməklə ölkəmizin dayanıqlı inkişafına, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla davam etdirilməsinə dəstək olmaq mümkündür".

V.Rəhimzadə vurğulayıb ki, Azərbaycanın müstəqilliyinin bərpasından ötən 30 ilin uğurlarının bələdçisi olan Yeni Azərbaycan Partiyası «Güclü dövlət, yüksək rifah» prinsipinə söykənərək dövrün tələblərinə uyğun müəyyənləşdirilən hədəflərin gerçəkləşməsinə öz töhfələrini verir, ictimaiyyətin böyük rəğbətini qazanır. Yarandığı gündən xalqın partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 760 mindən artıq üzvü birləşdirməsi də deyilənlərin təsdiqidir.

Hesabat seçki-yığıncaqlarında təşkilati məsələlərə baxılıb.

Rəşid Bağırov küçəsi 30 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri Ceyhun Əliyev, sədr müavini Nərmin Məmmədova, Rövşən Əliyev küçəsi 19 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri Əkbər Hacıyev, sədr müavini isə Vilayət Mirzəyev seçiliblər.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkiblərə fəaliyyətlərində uğurlar diləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...