"Yeni yaranmış reallıqlar Azərbaycanın işıqlı gələcəyinə hesablanıb" - ŞƏRH EDİLDİ

“Cənab Prezidentin Zəngilana səfər etməsi digər səfərlərində olduğu kimi çox yadda qalan fikirlərlə, mesajlarla, həmçinin bir neçə obyektin açılışı ilə, təməl qoyması ilə yadda qaldı. Cənab Prezident hər səfərində həmin rayonun əhalisinin bir qrupu ilə görüşür və bu görüşdə çox maraqlı dialoqlar olur, ölkə əhalisini maraqlandıran və beynəlxalq aləmdə çox önəmli olan məsələlərə toxunur”. Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İsgəndərov deyib.

Onun sözlərinə görə, Zəngilanda səfərdə olarkən cənab Prezident çox vacib məsələlərə toxundu: “O, Zəngilanın Azərbaycan üçün önəmini, bu rayonun iqlimi, yeraltı, yerüstü sərvətləri, dünyada nadir olan Avropada ən böyük ikinci çinar meşələrinin olmasından danışıb. Bundan əlavə ermənilərin işğal dövründə digər rayonlarımızı, şəhərlərimizi və kəndlərimizi, infrastrukturumuzu dağıtmalarını, sərvətləri talan etmələrini, oradakı çayları zəhərləmələrini və bununla bağlı artıq onların beynəlxalq məhkəməyə verildiyini qeyd etdi”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, burada əsas diqqət çəkən məqamlardan biri də cənab Prezidentin Zəngəzur dəhlizi ilə bağlı söylədiyi fikirləri idi: “Belə ki, əvvəllər ermənilər Zəngəzur dəhlizinin açılması ilə bağlı tərəddüd edirdilərsə, bu məsələdən yayınmaq istəyirdilərsə, indi artıq anlayırlar ki, geriyə yol yoxdur, bu məsələ öz həllini tapacaq. Çünki bu bizim siyasətimizdir. Biz regionda yeni reallıqlar yaratmışıq. Artıq bununla hamı razılaşmalıdır. Cənab Prezident həmçinin qeyd etdi ki, artıq biz bu yolla Naxçıvana, Türkiyəyə, Avropaya yolumuzu açmış oluruq. Bu bölgədə həqiqətən də yeni mənzərənin yaranması təkcə qonşu dövlətlərin yox, ümumiyyətlə böyük bir ərazini əhatə edən dövlətlərlə həm iqtisadi əlaqələrimizi sıx şəkildə inkişaf etdirməyə, həm də digər sahələrdə qarşılıqlı münasibətlərin yüksək səviyyədə formalaşmasına gətirib çıxaracaq. Biz artıq Ali Baş Komandanın Azərbaycanın gələcəyi ilə bağlı fikirlərini eşidirik. Zəngilanla bağlı fikirlərində hava limanının tikintisinin, bir çox infrastruktur layihələrinin başlanmasını xüsusilə vurğuladı, Ümumiyyətlə gələcəkdə Zəngilanda 50 min nəfərlik əhalinin yaşayacağını və burada ağıllı kənd layihəsinin çox böyük bir ərazidə inşasına başlanmasına və bunların hər birinin unikal bir layihə olduğunu söylədi. Ümumiyyətlə biz cənab Prezidentin hər bir səfərində, görüşündə, danışığında bir daha əmin oluruq ki, artıq bu yeni yaranmış reallıqlar Azərbaycanın işıqlı gələcəyinə hesablanıb və bu qələbəmizlə biz bir daha dünyada gücümüzü, qüdrətimizi göstərmiş olduq”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə