Perulu şərhçi: "Ermənilərin tamahkarlığı iki xalq arasında sülhə mane olur" - MÜSAHİBƏ

Azərbaycanın işğaldan azad edilmiş bölgələrində olan Peru Jurnalistlər Federasiyasının vitse-prezidenti, tanınmış siyasi şərhçi Rikardo Sançez “Caliber” analitik mərkəzinə müsahibəsində Azərbaycan-Ermənistan münasibətləri və Qafqazda yaranmış vəziyyət haqda fikirlərini bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Bildiyimizə görə, bu yaxınlarda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində oldunuz. Zəhmət olmasa gördüklərinizlə bağlı təəssüratlarınızı bölüşün.

- Bəli, həqiqətən də Gəncə, Ağdam, Füzuli, Cəbrayıl və Azərbaycanın incisi- Şuşa şəhərində olmuşam. Qarabağ münaqişəsi haqqında ətraflı məlumat əldə etmək, mediada nə yazıldığını və danışıldığını öz gözlərimlə görmək- ermənilərin vandalizmi və Azərbaycanın həyata keçirdiyi və qələbə ilə bitirdiyi parlaq hərbi əməliyyat haqqında danışmaq mənim üçün maraqlı idi.

Qarabağ bölgəsində gördüklərimlə bağlı təəssüratlarımı, hətta sakitliklə sözlə ifadə edə bilmirəm. Sadəcə, dəhşətdir. Uzun illər ermənilər bu torpaqların qanuni varisləri olan azərbaycanlıların izini birdəfəlik silmək üçün Azərbaycanın işğal olunmuş şəhərlərini ən barbar üsulla məhv ediblər. Beləliklə, Azərbaycanın işğal olunmuş ərazilərini öz torpaqları kimi təqdim edərək bütün dünya ictimaiyyətini aldatmağa çalışıblar.

Müsəlman məzarlarını və mədəniyyətini təhqir ediblər, xan saraylarını, muzeyləri və teatrları dağıdıblar. İşlətdikləri cinayətlərin ən pisi, dinc şəhərləri bombardman etmək və Azərbaycanı qorxutmaq məqsədi ilə edilən bu kimi hücumlardır.

Gəncə və Bərdə sakinlərinə qarşı etdikləri vəhşilikləri hamımız bilirik. Təəccüblüdür ki, ermənilərin özləri hərbi konflikt zamanı beynəlxalq konvensiyalarla qadağan edilmiş silahlardan istifadə ediblər və sonra bu işdə Azərbaycanı günahlandırıblar.

Və onların Bakıya mina sahələrinin xəritələrini verməkdən imtina etməsi. Bütün bunlar birlikdə Azərbaycanın şəhərləri yenidən qurmasını və bir milyon məcburi köçkünün evlərinə qayıtmasını çox çətinləşdirir.

- Yuxarıda qeyd etdiniz ki, ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində hər şeyi vəhşicəsinə məhv ediblər. Sizcə, bunu niyə etdilər?

- Ermənilər bir daha bütün dünyaya xristian olmadıqlarını sübut etdilər, çünki İsanın davamçıları bunu heç vaxt etməzdilər. İslami olan hər şeyi məhv etməklə insanları bu ərazilərin azərbaycanlılara deyil, onlara məxsus olduğuna inandırmaq istədilər.

Ermənilərin ən əlverişli anda davranışlarını təsvir edən çox gözəl bir ifadə var: "Hər kəsi aldada bilərsən, amma özünü yox". Ermənilərin məqsədi Qarabağdakı Azərbaycan tarixini silmək idi.

Oran olan hər şeyi belə bir nifrətlə məhv etdilər, çünki daxilən hər zaman bunun onların torpağı olmadığını başa düşdülər, vəhşicəsinə davrandılar. Ancaq hər şey nə vaxtsa sona çatır. Beləliklə, erməni barbarlığının da sonu gəldi.

- Qarabağ münaqişəsi bitdi. Sizcə, ermənilərin azərbaycanlılarla sülh şəraitində yaşamasına nə mane olur?

- Ermənilərin tamahkarlığı və Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəməmələri hər zaman iki xalq arasında sülhə mane olur.

Problemi həll etməyin və harmoniya içində yaşamağın yeganə yolu, beynəlxalq hüquqa uyğun olaraq üçtərəfli bəyanatın bütün məqamlarını tam şəkildə yerinə yetirməklə sərhədləri delimitasiya etmək və demarkasiya etməkdir.

Ermənilər bütün etnik qruplara və dinlərə hörmətlə yanaşmağı öyrənməlidirlər. Yalnız bundan sonra bölgəyə inkişaf, firavanlıq və təhlükəsizlik gətirilə bilər.

Bilirsiniz, yenidən Azərbaycana qayıtmaq mənim üçün şərəf olardı. Qarabağın, dağılmış şəhər və kəndlərin bərpasını görmək, ölkənin mədəniyyəti haqqında daha çox məlumat əldə etmək, Heydər Əliyev Mərkəzini, Atəşgah Məbədini ziyarət etmək istərdim. Təəssüf ki, vaxt olmadığından hər şeyi görməyə vaxtım olmadı.

Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...