Hüquq müdafiəçiləri soydaşlarımızın müdafiəsinə qalxdılar ŞƏRH+AKTUAL

44 günlük müharibə zamanı İran Ermənistana silahların daşınması üçün öz ərazisini açmışdı

Bəlli olduğu kimi, Azərbaycanın tanınmış hüquq müdafiəçiləri BMT-nin İnsan Haqları Komitəsinə və Amnesty International təşkilatına İranda 12 nəfər cənubi azərbaycanlı soydaşlarımızın həbs olunmaları və onlara hökm oxunmaları barədə müraciət ediblər. Qeyd edək ki, cənubi azərbaycanlı fəallara qarşı məhkəmə işi ötən ilin 29 sentyabr tarixində başlanılmışdı. Məhz həmin tarixdə Qarabağda torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda Vətən müharibəsi gedirdi.

Milli fəallar Azərbaycanın haqq işinə dəstək məqsədi ilə Ərdəbildə etiraz aksiyası keçirərmələri ilə yanaşı, İrandan Ermənistana silah göndərilməsinə qarşı da səslərini ucaltmışdılar. Bu cürət isə teokrat rejimi hiddətləndirdi və nəticədə onlara qarşı repressiv tədbirlərin görülməsinə başlanıldı. Cənubi azərbaycanlı soydaşlarımız cari ilin sentyabr ayının 20-də məhkəmə qarşısına çıxarıldılar və onlara hökm oxundu: Hüseyn Balaxani, Pərviz Siyabi, Mustafa Pərvin, Mürtəza Pərvin, Müctəba Pərvin, Həmid Heydəri, Məhəmməd Çolani, Sübhan Bəxşi, Mehdi Xuşmand, Bəhmən Xeyrcu və Sədcad Kolani 15 il həbs cəzası almaları ilə yanaşı, onlara ümumilikdə 888 şallaq cəzası da kəsildi. Daha bir fəal-Əskər Əkbərzadə isə cərimələnərək azadlığa buraxılıb.

SİA xəbər verir ki, bununla bağlı mətbuata açıqlamalar verən bir sıra hüquq müdafiəçiləri İran hakimiyyətində cənubi azərbaycanlı soydaşlarımıza qarşı yürüdülən ilk belə halın olmadığını deyiblər.

Şahin Xiyavi: “Tehran 30 illik işğal zamanında Ermənistanı dəstəkləyirdi”

Norveçdə fəaliyyət göstərən və İranda yaşayan azərbaycanlıların hüquqlarını müdafiə edən təşkilatın rəhbəri Şahin Xiyavi bildirib ki, İran məhkəməsinin hökmü yalnız Azərbaycana deyil, həm də Azərbaycanı dəstəkləyən dövlətlərə qarşı da ismarıcdır. “Birincisi, əgər İran-Azərbaycan münasibətlərinə baxsaq, Azərbaycan Respublikasının müstəqiliyi İranda yaşayan azərbaycanlılarının milli özünüdərk formalaşmasında mühüm rol oynayır.

İkinci problem ondan ibarətdir ki, Qarabağ münaqişəsi cənubi azərbaycanlılar üçün çox həssas və əhəmiyyətli məsələ idi. Rəsmi Tehran öz növbəsində cənubi azərbaycanlıların milli formalaşmalarından ehtiyat edirdi. Ona görə də rejim hər zaman istəyirdi ki, Azərbaycan Respublikası zəif olsun, azərbaycanlılar Arazın o tayından Azərbaycana tərəf baxmasınlar. Sanki demək istəyirdi ki, Azərbaycana baxın, hətta özünün 20 faiz torpaqlarını azad edə bilmir. Bu səbəbdən Tehran 30 illik işğal zamanında Ermənistanı dəstəkləyirdi. İran burada ikili oyun oynayırdı – sözdə Bakını dəstəkləyir, guya dini inanc tərəfindən qardaş olduğunu nümayiş etdirir, fakta görə isə İrəvana dəstək göstərirdi. Hətta 44 günlük müharibə vaxtı İran Azərbaycana sözdə dəstək göstərdi, bildirdi ki, dini cəhətdən qardaşdır, əməldə isə öz ərazisini Ermənistana silahın daşınması üçün açırdı. Rejimin riyakarlığı İran azərbaycanlılarında narazılıq yaratdı və onlar Təbrizdə, Ərdəbildə, Urmiyada mitinq və aksiyalara çıxdılar – hər yerdə mitinqlər keçirilirdi. Və əgər bu etirazlar olmasa idi, əgər azərbaycanlılar təşkilatlanmasaydılar, onda İran açıq şəkildə Ermənistana dəstək göstərərdi.

Etirazlar birmənalı olaraq dinc xarakterli idi və rejimə qarşı istiqamət almamışdı, rejimin Ermənistanla-təcavüzkar ölkə ilə əməkdaşlığına qarşı idi. Lakin hakimiyyət fəalları həbs etdi, həbsxanalarda işgəncələrə məruz qoydu. Həbslər, işgəncələr və ağır cəza – bu, Cənubi Azərbaycandan olan digər fəallara da isramıc idi, yəni görün sizi nə gözləyir. Bundan əlavə, Tehran bu vasitə ilə Bakıya messec göndərir”, hüquq müdafiəçisi bildirib.

Onun sözlərinə görə, İran Azərbaycan ərazilərinin azad olunmasından təlaşlanıb, çünki güclü Azərbaycan Respublikası cənubi azərbaycanlıları özünə maqnit kimi çəkəcək.

“Həddindən artıq ağır cəza məhz buna tərəf istiqamət alıb ki, azərbaycanlılarda qorxu yaratsın. Təəssüf ki, burada appelyasiya kömək etməyəcək – yuxarı məhkəmə instansiyaları hökmü qüvvədə saxlayacaq. Belə ki, İran hakimləri müstəqil deyillər, onlar hakimiyyətin tapşırıqları əsasında hökmlər çıxarırlar. Hesab edirəm ki, rejim onların ailələrinə qarşı da basqılar göstərəcək. Baxmayaraq ki, hakimiyyət İranda insanların toplaşmaq hüququna malik olduqlarını bəyan edir, söhbət azərbaycanlılara gələndə həmin bəyanat yaddan çıxır.

Lakin İranda sayları 70 min olan ermənilər növbəti “genosid” ildönümlərini keçirmək üçün toplaşanda, aksiyalar keçirəndə onlar üçün hər şey icazəli olur”, hüquq müdafiəçisi deyib.

Şahin Cəfərli: “Beynəlxalq ictimaiyyətə İranda insan haqlarının pozulması faktlarını çatdırmalıyıq ki, bu məsələlər beynəlxalq gündəmə çıxarılsın, cənubi azərbaycanlıların hüquqları təmin edilsin”

Azərbaycanlı hüquq müdafiəçisi Şahin Cəfərli də bildirib ki, İran hakimiyyəti azərbaycanlıların öz hüquqları uğrunda mübarizə aparmalarından təlaş keçirir.

“Məlum olduğu kimi, 44 günlük müharibədə vaxtı cənubi azərbaycanlılar ölkə ərazisindən Ermənistana silahların daşınmasına qarşı etiraz aksiyaları keçirdilər və fəallar həbs olundular. Ümumilikdə götürəndə onlar ciddi cinayət əməlləri törətməyiblər və inzibati cəzalar da ala bilərdilər. Lakin iranlı hüquq-mühafizə orqanları daha ağır cəzalar verməyi qərara aldılar. Bunun isə əlbəttə ki, səbəbləri var. Əsas səbəb budur ki, İran rejimi ölkədə mərkəzçilik tendensiyalarının yaranmasından çox ehtiyat edir və yalnız azərbaycanlılar arasında deyil, digər etnik və dini qruplardan da ehtiyatlanır. Ona görə də hətta təhlükə yaratmayan aksiyalara qarşı kəskin cavablar verilir”, hüquq müdafiəçisi bildirib.

Onun sözlərinə görə, azərbaycanlı hüquq müdafiəçilərinin Cənubi Azərbaycan fəallarının həbs olunmaları və onlara ağır hökmlərin kəsilməsi qərarına qarşı beynəlxalq təşkilatlara müraciət etmələri yalnız dəstəklənməlidir və bu siyasəti davam etdirmək vacibdir. “Biz beynəlxalq ictimaiyyətə İranda insan haqlarının pozulması faktlarını çatdırmalıyıq ki, bu məsələlər beynəlxalq gündəmə çıxarılsın, cənubi azərbaycanlıların hüquqları təmin edilsin”, Şahin Cəfərli deyib.

Novella Cəfəroğlu: “Susmaq olmaz, fəaliyyət göstərmək lazımdır, çünki həqiqət də bizim tərəfimizdədir”

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə öz növbəsində bildirib ki, Tehran hər zaman İranda yaşayan milli azlıqlara, xüsusilə də azərbaycanlılara qarşı neqativ davranıb. “Tehranda Azərbaycan dilində tədris keçən məktəblər olmayıb, bununla yanaşı, azərbaycanlılara öz ana dillərində danışmağa icazə vermirdilər. Bütün bunlar ona görə edilirdi ki, xalq birləşə bilməsin, bu İran rəhbərliyini çox qorxudur. Biz-hüquq müdafiəçiləri artıq uzun illərdir ki, İran İslam Respubikasında insan haqlarının pozulması faktları ilə bağlı araşdırmalarımızı aparırıq, özü də yalnız azərbaycanlıların deyil. Bizim tərəfimizdən İrandan olan qadınlar üçün seminarlar təşkil olunub ki, onlar öz problemləri barədə danışıblar. Onlar mütəmadi şəkildə İran hakimiyyəti tərəfindən saxlanılırdılar lakin biz-hüquq müdafiəçiləri Azərbaycanda bu məsələləri bütün beynəlxalq təşkilatlarda, insan hüquqlarının müdafiəsi kontekstində qaldırırdıq”.

Novella Cəfəroğlu bildirib ki, İran fanatikləri ən demokratik dini – İslamı manipulyasiya məqsədi ilə şəriət qanunları toplusuna çevirməyə çalışırlar. Bu, insan haqlarının kobud şəkildə pozulmasıdır və ona göz yummaq olmaz.

“Onlar Azərbaycana qarşı ona görə düşmənçiliklə yanaşırlar ki, biz dinc mövcudluq üçün çıxış edir, savadsız mollaların hakimiyyətini laxladırıq. İkinci Qarabağ müharibəsi zamanı İran Ermənistana kömək edirdi, ona öz silahlarını ötürürdü. Cənubi Azərbaycandan olan fəalların həbslərinə gəldikdə isə inanıram ki, əgər beynəlxalq hüquq-müdafiə təşkilatları bu məsələyə qarışsalar onların hamısı azad ediləcəklər. Susmaq olmaz, fəaliyyət göstərmək lazımdır, çünki həqiqət də bizim tərəfimizdədir”, Novella Cəfəroğlu bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...