Prezidentin Füzuli səfəri və verdiyi MESAJLAR - TƏHLİL

Ölkə başçısı, cənab Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə mütəmadi səfərlər etməsi, bu səfərlər çərçivəsində bir sıra obyektlərin təməlini qoyması, açılışlarını etməsi, həmin ərazilərdə ictimaiyyət nümayəndələri ilə görüşməsi və nitqi heç də təsadüfi deyil, çox böyük məna kəsb edir və olduqca əhəmiyyətlidir. Cənab Prezidentin işğaldan azad edilmiş ərazilərə səfərləri və həmin ərazilərdə abadlıq işlərinə rəhbərlik və nəzarət etməsi əvvəla “Böyük Qayıdış” barədə böyük bir mesajdır ki, Azərbaycan xalqının bu torpaqlara qayıdışı ən tez zamanda reallaşdırılacaq. Digər tərəfdən də, bu səfərlər çərçivəsində ölkə başçısının nitqi zamanı ifadə olunan fikirlər təkcə regional deyil, qlobal səviyyədə mesaj olaraq dəyərləndirilir və hər dəfə məhz Azərbaycan xalqının milli maraqları ifadə olunur, ədalətin təntənəsi bir daha vurğulanır.

Bilirik ki, bölgədə maraqlı olan qüvvələr çoxdur. Ermənistanın qanunsuz olaraq torpaq ələ keçirmək, zəbt etmək arzusundan, iştahasından istifadə edərək Qafqazda hadisələrə nəzarət etmək, yeri gələndə müdaxilə etmək istəyənlər az deyil. Doğrudur, Ermənistan dövləti daim istifadə olunub, olunur və bu ölkənin marionet olaraq istifadə edildiyi bəlkə də ermənilər üçün qənaətbəxş, ya da adi hal hesab edilə bilər, amma hər bir halda Azərbaycan xalqı öz torpaqlarında erməni işğalçılarının törətdiklərinə, yaxud törətmək istədiklərinə biganə qalmaz, buna imkan verməz. Elə erməni separatçıları tərəfindən 30 il müddətində işğal altında saxlanılan torpaqlarımızın nəhayət ki, işğaldan azad edilməsi, 44 gün davam edən müharibədə zamanı işğalçıların torpaqlarımızdan qovulub çıxarılması sadalananların əyani sübutu, isbatıdır. Bütün bunların fonunda görünən odur ki, proseslərdən kənarda qalan, lakin bölgədə mövcudluğunu, ən azından müdaxilə etmək imkanlarını qoruyub saxlamaq istəyənlər heç zaman, ələlxüsus işğal dövründə, müharibə zamanı olmadığı kimi sanki aktivləşiblər, amma Azərbaycan xalqı, Azərbaycan dövləti artıq bundan sonra hansısa qüvvələrin müdaxiləsinə izn verməyəcəyini durmadan, çəkinmədən bəyan edir. Məhz ölkə başçısı dəfələrlə bu barədə bildirib və cənab Prezidentin verdiyi mesajlar özünün hədəf auditoriyasına çatır və onlar da dərk edirlər ki, Azərbaycanın mövqeyi ədalətli olmaqla yanaşı, həm də qətidir və kimlərinsə çirkin oyunlarına bundan sonra heç bir şəkildə imkan verilməyəcək.

“Düz bir il bundan əvvəl şanlı Azərbaycan Ordusunun Füzuli şəhərini və bir neçə kəndi işğalçılardan azad etməsi, Azərbaycan bayrağını qaldırması və beləliklə, uzun fasilədən sonra Azərbaycan dövlətinin bu ərazilərdə öz suverenliyini təmin etməsi, tarixi hadisədir və biz tarixi ədaləti bərpa etdik”, deyən cənab Prezident bütün dünyaya bəyan edir ki, əvvəla biz haqq yolundayıq və bu yolda tarixi ədalətin tərəfimizdən bərpa edilməsi həqiqətən də tarixi hadisədir. Ölkə başçısı bununla xatırladır ki, hansısa qüvvələr meydana atılıb hadisələrin məntiqi nəticəsini dəyişmək iqtidarında deyil və haqq yolunda olan Azərbaycan məhz tarixi ədaləti bərpa edib, ədalətin bu təntənəsi də artıq tarixə yazılıb, bunu da dəyişmək mümkün deyil.

“Biz Ermənistan ordusunu darmadağın etdik, erməni mifologiyasına son qoyduq, bütün dünyaya sübut etdik ki, "yenilməz Ermənistan ordusu” nəyə qadirdir və bütün dünyaya xalqımızın böyüklüyünü nümayiş etdirdik”, deməklə, ölkə rəhbəri ermənilərin bu zamana qədər bütün dünyaya özləri barədə yüksək fikir formalaşdırmaq arzularını puça çıxardı. Bu zamana qədər ermənilərin özləri barədə uydurduqlarının, mifologiyalarının yalan olduğunu cənab Prezident hər dəfə çıxışında məharətlə sübuta yetirdiyi kimi, bu dəfə də arqumentlərlə sübut etdi və dırnaqarası "yenilməz Ermənistan ordusu”nun əsgərlərinin fərariliyini, qorxaqlığını ortaya qoydu. Azərbaycan Ordusunun qarşısında bu dırnaqarası “yenilməz”lərin 44 gün tab gətirə bilmədiyini də ölkə başçısı tam yerində xatırlatdı ki, bu faktlar həqiqətən də təkzibedilməzdir.

Bu gün Azərbaycan həqiqətlərinə kölgə salmaq, bunu örtbasdır etmək istəyənlər də ölkə baçısının nitqindən öz paylarını götürdülər. Ərazilərimizin işğaldan azad edilməsində ermənilərin maraqlarına xidmət edən yalan informasiyaları, uydurmaları tirajlamaq, yaymaq istəyənlər üçün isə Füzulidəki erməni vəhşiliyinin təzahürlərini sadalamaq kifayət edir. Ölkə başçısı qeyd edir ki, Füzulidə olarkən hər kəs erməni vəhşiliyinin təzahürlərini görür. Bu o deməkdir ki, reallığın nədən ibarət olduğunu dəqiqləşdirmək istəyən Füzulidə olsa yetərlidir. Bəli, həqiqətən də Füzulidə bircə dənə də salamat tikili olmaması ermənilərin vəhşiliyinin mahiyyətini sübut etmək üçün kifayət edir. Əbəs yerə ölkə başçısı vurğular ki, buraya gələn hər bir insan erməni vəhşiliyini, erməni vandallığını görür və bunu artıq heç kim inkar edə bilməz. Bu da, əslində, cənab Prezidentin mesajı idi ki, Füzulidə və digər işğaldan azad edilən ərazilərdə olan dağıntılar, faktlar qarşısında kimsə bu həqiqətləri inkar edə bilməz. Yəni, kimlərsə böş yerə buna cəhd belə etməsinlər. Bu həm də o deməkdir ki, ATƏT-in Minsk Qrupunun timsalında həqiqətləri, Azərbaycan həqiqətlərini guya bu vaxta qədər görməyən beynəlxalq qurumlar reallıqları, həqiqətləri artıq görməlidir və bundan sonra görməməzliyə vura bilməzlər.

Cənab Prezidentin, “Füzuli şəhərini və Füzuli rayonunun kəndlərini bərpa edəcəyik, azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar”, ifadəsi isə böyük bir mesajdır. Bu, ermənilərin istər revanşist qüvvələrinə, istərsə də həmin torpaqlara qayıtmaq ümidində olan hansısa qüvvələrə tutarlı cavabdır. Ölkə başçısı qətiyyətlə bildirir ki, işğaldan azad olunan torpaqlara biz qayıdacağıq, Azərbaycan vətəndaşları qayıdacaqlar və ermənilər torpaqlarımızdan gözlərini birdəfəlik çəkməlidirlər.

Ölkə rəhbəri vurğulayır ki, Füzuli rayonunda artıq icra edilən layihələr bizim həm niyyətimizi, həm potensialımızı göstərir. Doğrudan da cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edilməsi çox böyük bir nailiyyətdir. Dövlət başçısının qeyd etdiyi kimi, bəlkə də dünya praktikasında, dünya tarixində bu qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanları tikilməyibdir. Bu nailiyyət özü də Azərbaycanın qüdrətindən xəbər vermirmi? Belə sürətli işin, nailiyyətlərin, ölkənin qüdrətnin göstərilməsi özü də səfalət içərisində, borc içində olan Ermənistan üçün bir mesajdır. Bəli, uzun illər boyu daşı daş üstünə qoya bilməyən Ermənistana və onun havadarlarına mesaj verilir ki, Azərbaycan Füzuli Beynəlxalq Hava Limanını cəmi 8 ay ərzində tikib, sonra da təhvil verməsi ölkəmizin işğalçı ölkə ilə müqaisəyə gəlməyəcək dərəcədə güclü olmasını təsdiqləyir.

28 may və 18 oktyabr tarixləri barədə qeyd edən cənab Prezident, “Biz haqlı olaraq fəxr edirik ki, müsəlman aləmində birinci demokratik respublika məhz Azərbaycan xalqı tərəfindən yaradılmışdır”, deyib və bununla təkcə Erməistana deyil, bütün dünyaya bəyan edib ki, müstəqil dövlətçilik ənənəsi, suverenlik bölgədə ilk olaraq məhz Azərbaycana məxsusdur. Bu, həm də o deməkdir ki, Ermənistan beynəlxalq ictimaiyyət qarşısında yalandan bar-bar bağırmasın ki, bu ərazilərdə onlara məxsus nə isə olub. Əslində bu həm də erməni yalanlarını ortaya çıxaran tarixi həqiqətlər, faktlardır ki, cənab Prezidentimiz bunu səsləndirib. Bu, eləcə də o deməkdir ki, əbəs yerə Ermənistan tərəfi, oradakı revanşistlər, yaxud nəyə isə ümid etməyə çalışanlar xam xəyallara düşməsinlər.

Cənab Prezident bildirib ki, biz tarixə ədalətli yanaşmalıyıq və biz ermənilərdən fərqli olaraq heç bir mifologiya yaratmamalıyıq, tarixi olduğu kimi bilməliyik və qiymət verməliyik. Əslində, Ali Baş Komandanın bu ifadələri çox böyük, qlobal miqyasda verilən mesajdır. Həmin mesaj ondan xəbər verir ki, Ermənistan tərəfinin uydurmalarından fərqli olaraq biz tarixi həqiqətlərə əsaslanırıq. İndi bütün dünya bu mesajlardan nəticələr çıxarmaqdadır və həqiqətən də Ermənistan tərəfinin gülünc mifologiya yaratmasının fonunda Azərbaycanın bunun əksinə tam reallıqları, həqiqətləri əsas hesab etdiyinin də fərqindədir. Bunlar çox incə məqamlardır və əslində, hər iki dövlətin müqayisəsinin dünyaya çatdırılmasıdır ki, bunu hər dəfə ölkə başçısı məharətlə edir.

Ölkə rəhbəri onu da diqqətə çatdırır ki, müharibə artıq bitib, Qarabağ məsələsi keçmişdə qalıb. Əslində, Prezidentimiz ara-sıra status məsələsini gündəmə gətirmək istəyənlərə bununla daha sərt mesajlar verib. Bu mesajlardan güman ki, çoxları nəticə çıxaracaqlar və onlar artıq bu mövzuya qayıtmağın mənasız olduğunu dərk etməkdədirlər. Çünki, heç bir ölkə ona aid olmayan torpaqlarda quruculuq, abadlıq işləri görməz, yeni layiələri gerçəkləşdirməzdi, necə ki, Ermənistan bunu etməmişdi. Azərbaycan isə bunu tərəddüd etmədən edirsə, deməli, hansısa statusdan danışmağa belə izn verilməyəcək və bu özü də tutarlı mesajdır.

Ali Baş Komandanın dediyi kimi, bu gün biz gələcəyi yaradırıq və bu gələcəyi öz əllərimizlə yaradırıq. Özü də əminik ki, bu günə qədər bəyan edilən bütün hədəflər necə təmin edilmişdisə, bundan sonra da bütün planlarımız, yəni növbəti dövr üçün nəzərdə tutulmuş hədəflər də təmin ediləcək. Bəli, bundan sonra da hədəflərimizə çatacaq, daha da güclənəcək, ordumuzu daha da gücləndirəcəyik. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının təhlükəsiz həyatı daim təmin ediləcək. Məhz ölkə rəhbərinin ən böyük mesajı da elə budur ki, biz daim inkişafdayıq, qüdrətimiz artmaqdadır, təhlükəsizliyimiz də daimi olaraq təmin ediləcək və suverenliyimiz də əbədidir, buna kimsə mane ola bilməz.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə