“Ölkəmizdəki inkişaf tariflərə baxılmasını zəruri edib” - MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ

“Bu gün Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Azərbaycan işğaldan azad etdiyi ərazilərdə də yeni infrastruktur layihələri həyata keçirir və burada da işıq, qaz və digər təchizat gündəmdə olan məsələlərdən biridir. Eyni zamanda bu gün işığa, qaza tələbat daha da artıb və bu tələbatın olması xərcləri daha da artırır, dövlət, aidiyatı qurumlar bu sahələrə daha çox vəsait xərcləməli olur.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Millət vəkili qeyd edib ki, bu baxımdan bir tərəfdən pandemiyanın olması, bir tərəfdən dünya iqtisadiyyatında baş verən tənəzzül, dünya bazarlarında baş verən hadisələr, ölkəmizdə baş verən inkişaf bu tariflərə baxılmasını zəruri edib, çünki, qeyd etdiyimiz kimi bu tariflərə baxılmasa bu qurumların fəaliyyətində müəyyən çətinliklərin yaranma ehtimalı kifayət qədər böyükdür.

“Artımlar çox böyük deyil, ailələrin büdcələrinə o qədər təsir etməyəcək və nəzərə alsaq ki, cənab Prezident əhalinin müəyyən təbəqəsinin ehtiyaclarının və xərclərinin ödənilməsi ilə bağlı sərəncam imzalayıbdır və burada nəzərdə tutulub ki, əhalinin imkansız təbəqəsinin sosial rifahı daha da yaxşılaşdırılsın, bu insanlara dəstək olunsun, yardım olunsun. Mən hesab edirəm ki, bu da həmin vətəndaşlarımızın ehtiyaclarının ödənilməsinə, sosial rifahının yaxşılaşdırılmasına ciddi təsir göstərəcək.

Təəssüf ki, aparılan bir sıra təbliğatları da biz müşahidə edirik və əhalini səhv məlumatlandıranlar var. Bu da yolverilməzdir. Bu gün bizim qarşımızda duran ən mühüm məsələdən biri birliyimizi, həmrəyliyimizi, bərabərliyimizi qorumaqdır və hər bir vətəndaş bunun üçün səylə çalışmalıdır, insanlarda çaşqınlıq yarada biləcək fikirlərdən, düşüncələrdən də hər bir vətəndaş, hər bir insan ehtiyatlı olmalıdır, diqqətli olmalıdır”, deyə Tahir Mirkişli bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...