"Azərbaycan gələcəyə doğru inamlı addımlarla irəliləyir” - ŞƏRH EDİLDİ

“Müstəqillik birmənalı olaraq hər bir dövlətin, hər bir ölkənin həyatında əhəmiyyətli bir məfhumdur. Müstəqil olmaq, istiqlalı qazanmaq əlbəttə ki, hər bir xalqın tarix boyu arzusu olub. Azərbaycan xalqı da bu müstəqillik arzusunu hər zaman həyata keçirməyə çalışıb”. Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, ötən əsrin əvvəllərində əldə etdiyimiz müstəqilliyin ömrü çox az oldu: “Əlbəttə ki, bunun bir çox səbəbləri var idi. Həm daxili, həm də xarici problemlər baxımından bu müstəqilliyin ömrü az olsa da, daha sonrakı 70 illik sovet rejimi dövründə Azərbaycan xalqı yenə də istiqlal arzusundan vaz keçmədi. 90-cı illərin əvvəllərində yaranan tarixi şəraitdən istifadə edərək öz haqqı və hüquqları uğrunda mübarizəyə qalxaraq Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Bu tarix bizim üçün çox vacib tarixdir. Müstəqillik Azərbaycanın dövlət atributu olaraq qiymətləndirilməlidir”.

Jalə Əliyeva fikirlərinə davam edərək həmçinin qeyd edib ki, müstəqil bir ölkə olmaq dünyada söz sahibi olmaq deməkdir: “Xüsusilə də Azərbaycan kimi bir ölkə öz haqqına, öz ədalətinə sahib çıxmağı bacaran bir ölkədir. 44 günlük Vətən müharibəsində də sözümüzü dediyimiz kimi bu ölkə hər bir zaman öz hüquqları, öz ədaləti uğrunda mübarizə aparmağı bacarıb və bugünkü müstəqil Azərbaycanımız öz inkişafı ilə siyasi, sosial, iqtisadi və hərbi potensialını artıraraq elə bir nöqtəyə gəlib çatıb ki, bütün dünyanın hörmət etdiyi, ehtiram etdiyi bir ölkəyə çevrilib. Bu nailiyyətlərin əldə edilməsində biz əlbəttə ki, böyüklərimizi unutmuruq. Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması üçün mümkün olmayanı belə mümkün etdi. Tarixə nəzər salsaq görərik ki, Azərbaycan tarixinin 90-cı illəri nə qədər keşməkeşli idi. Həmin illərdə də dövlətçiliyin, müstəqilliyin qorunması üçün Ulu Öndər Heydər Əliyev böyük atalıq missiyasını həyata keçirdi və nadir bir şəxsiyyət olduğunu bütün dünyaya isbat etdi. Onun vəfatından sonrakı dövrdə isə bu böyük yükü həm fiziki, həm mənəvi varisi olan cənab Prezident İlham Əliyevin həyata keçirdiyi yorulmaz fəaliyyəti sayəsində Azərbaycan böyük uğurlara imza atır və Azərbaycan öz müstəqilliyini qoruyaraq gələcəyə doğru inamlı addımlarla irəliləyir”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə